Vaxtilə “Sumqayıt”a böyük ümidlərlə transfer olunan, U-21 yığmamızın da toplanışına cəlb edilmiş Rusiya futbol məktəbinin yetirməsi, "Kuban"ın sabiq üzvü Təvəkkül Məmmədov Sportal.az saytına müsahibə verib.
Rusiyada yaşayan, bizneslə məşğul olan Məmmədov peşəkar karyerasını bərpa etmək fikrində olmadığını bildirib:
- Bildiyim qədərilə futboldan uzaqlaşmısan. Bir ara kikboksla məşğul olurdun. İndi nə işlə məşğulsan?
- Doğrudur, təəssüflər olsun ki, peşəkar futboldan uzaqlaşdım. İndi sadəcə özüm üçün oynayıram. “Krasnodarski kray” liqasında özümü sınayıram, vəssalam. Bununla yanaşı bizneslə məşğulam.
- Bəs kikboksla məşğul deyilsən?
- Krasnodarda birinci mərtəbəsi güləş bazası, ikinci mərtəbəsi mehmenxana olan 72 nəfərlik yer açmışam. Burada mənim özümün mini komandası var. Dostlarım, qardaşlarım, həmyerlilərim burada mənimlədi.
- “Sumqayıt”dakı, yığmadakı çıxışını heç xatırlayırsan?
- Yaxşı xatirələrdi. Xüsusən də uşaqlar üçün çox darıxıram. Çünki bizim çox yaxşı komandamız var idi. “Torpedo”dan “Sumqayıt”a keçməyimi, “Sumqayıt”dakı oyunlar yaxşı yadımdadı. Həmin anları həmişə xatırlayıram.
- Bu klubla qalmaqal yaşanmışdı. “Sumqayıt”dan ayrılıb getdikdən sonra, rəhbərliklə problem yaşadın və hətta 2 il futboldan uzaq da düşdün. Həmin hadisələr necə cərəyan etmişdi?
- İnanın, həmin hadisə haqda heç danışmaq belə istəmirəm. Heç kimə qarşı kin saxlamıram. Hamıya uğurlar arzulayıram. Yalnız bunu deyə bilərəm.
- Səncə, “Sumqayıt”da başına gələn hadisə olmasaydı, karyerana davam etsəydin, indi “Neftçi” və “Qarabağ” kimi komandalardan birində oynaya bilərdin?
- Əlbəttə ki, mən “Qarabağ”da oynamağı çox istəyərdim. Amma nə etmək olar? Hər şey Allahın əlindədir. Demək ki, bu cür olmalıymış. Amma alınsadyı, “Qarabağ”da oynayardım.
- Peşəkar futbola qayıdacağın təqdirdə, yenidən özünü Azərbaycanda sınamağın mümkündü?
- “Sumqayıt”dakı hadisələrdən sonra böyük futbola qayıtmaq istəmirəm.