2020/2021 mövsümündə Ukrayna Premyer Liqasında yarışan “Minay”ın qapısını qoruyan Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç Sportal.az saytına müsahibə verib.
Yeni mövsümə aşağı liqada yarışan “LNZ Çerkassı” klubunda başlayacaq kiper saytımıza müsahibəsində Azərbaycan millisindən dəvət gözlədiyini də söyləyib:
- Özünə yeni komanda tapmısan. Nəyə görə “Minay”da qalmadın?
- “Minay”la müqaviləm başa çatdı. Bundan sonra da mən komandanı tərk edib, başqa komandaya keçmək qərarına gəldim. Özümü də çox yaxşı hiss edirəm yeni komandada.
- Sən ayrıldıqdan sonra məlum oldu ki, “Minay” yeni mövsümə Premyer Liqada başlayacaq. Ayrıldığına görə peşman oldun?
- “Minay”a yalnız uğurlar arzu edə bilərəm. Elə də böyük peşmançılığım yoxdu. Sadəcə insanın ürəyində nəsə qırıntı qala bilər.
- Azərbaycan klublarından maraq var idi?
- Fərqli klublarla danışıqlar var idi. Amma konkret təklif olmadı. Bu yay istənilən variantları gözdən keçirdim. Sonda hazırki komandama keçmək qərarı verdim.
- “Qəbələ”dəki karyerandan sonra bir də Azərbaycanda oynamamısan. Səncə, nəyə görə belə oldu?
- Bilmirəm.
- 2015/2016 mövsümündə keçirilən “Kəpəz” – “Qəbələ” (3:0) matçını xatırlayırsan? Demək olar ki, həmin oyun Azərbaycan karyeranın üstündən xətt çəkdi? Həmin görüşdə daha çox səni günahkar kimi göstərirdilər…
- Mən “Kəpəz” – “Qəbələ” matçını çoxdan unutmuşam. Həmin oyunla bağlı xatırlayacaq heç nə yoxdu. Artıq üstündən çox zaman keçib.
- Yola saldığımız mövsüm Ukrayna Premyer Liqasında oyunlara çıxdın. Azərbaycan millisindən dəvət gələcəyini ehtimal edirdin?
- Əlbəttə ki, gözləntilərim var idi. Lakin dəvət olmadı. Əgər Ukrayna Premyer Liqasında oynadığım vaxtda milliyə dəvət etmədilərsə, bundan sonra dəvət gözləməyin mənası yoxdu.
- Qışda Canni De Byazi ilə Türkiyədə görüşünüz baş tutmuşdu. Nə haqda danışmışdınız və nəyə görə həmin görüşdən sonra səni milliyə dəvət etmədi?
- Danışdıq, xoş söhbətimiz olmuşdu. Yenə təkrar edirəm, Azərbaycan millisindən dəvət gözləyirdim. Amma dəvət etmədilərsə, nə etmək olar? Demək ki, belə olmalı imiş, vəssalam.
- Azərbaycan millisi haqda hansı fikirdəsən? Səncə, indiki milli güclüdü, yoxsa sənin vaxtki milli daha güclü idi?
- İnanın, heç vaxt nəsilləri müqayisə etməyi sevməmişəm. O vaxtki və ya bu vaxtki kimi müqayisələri doğru hesab etməmişəm. Ona görə bu sualla bağlı bir söz deməyəcəm.