Milli komandamızın keçmiş futbolçusu Aslan Kərimov Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu "Neftçi"nin Çempionlar Liqası 2-ci təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə keçirəcəyi oyun haqda danışıb:
"Neftçi"nin həm məşqçilər heyəti, həm də futbolçuları "Dinamo" ilə oyunlardakı səhvləri, boşluqları analiz ediblər. "Neftçi" geridən hücum quranda top itkiləri çox olurdu. "Olimpiakos" belə səhvləri bağışlayacaq komanda deyil.
Düşünürəm ki, "Neftçi" əks-hücum taktikası ilə oynayacaq. "Olimpiakos"a qarşı açıq futbol oynamaq düzgün olmaz. "Neftçi"nin bəzi müdafiəçiləri kobud səhvlərə yol verir. Bunu aradan qaldırmaq lazımdır. Arxadan oyun qurarkən bəsit səhvlər olmasa, yaxşı nəticəyə ümid etmək olar. "Olimpiakos" evdə oynayır, öndə pressinqlə oyuna baslayacaqlar. Belə bir təzyiq altında "Neftçi"nin səhvsiz oynayamağı çətin olacaq. Yeni transferlər komandaya tam uyğunlaşmayıb. Bütün bunların fonunda səfərdə heç-heçə qeydə alınarsa, bu təmsilçimizə avantaj qazandıracaq.
"Olimpiakos"un Yunanıstan çempionatındakı statistikası göstərici deyil. Düzdü, rəqəmlər hansısa qənaətə gəlməyə kömək edir, amma nəzərə alaq ki, "Olimpiakos"un büdcəsi Yunanıstan Super Liqasında olan bütün komandalardan çoxdu. Bu da onların daha səviyyəli oyunçular transfer etməsinə şərait yaradır. Hücum xəttində güclü futbolçular var. Bu da "Olimpiakos"un hücum futbolu oynamasına səbəbdi.
"Olimpiakos" Yunanıstanda son 9 mövsümdə 7 dəfə çempion olub. Ümumi götürsək, Afina təmsilçisinə Yunanıstan çempionatının "Qarabağ"ı deyə bilərik. Super Liqada 90 qol vurmaqları hücum xəttinin gücündən xəbər verir. "Neftci' buna görə ehtiyatlı olmalıdı. "Flaqman"ın beşli müdafiədən vaz keçəcəyini düşünmürəm. Hücumameyilli futbol oynayan komandanın müdafiəsində boşluqlar tapmaq mümkündü. "Neftçi" də bunu dəyərləndirməlidi. Top "Neftçi"də olarkən müdafiədə səhvlər olmasa, sürətli əks hücumlarla rəqibin qapısına qol vurmaq olar. Belə turnirlərdə özün səhv etməyib rəqibin səhvindən yararlanmalısan".
saytlarin hazirlanmasi