İvanoviç: "Sabah" mənim üçün xüsusi klubdu, sadəcə razılaşa bilmədik" - MÜSAHİBƏ

16:59 - 20 İyul 2021

Ötən mövsümə qədər "Sabah" forması geyinmiş Filip İvanoviç Sportal.az saytına müsahibə verib.

 

Hazırda klub axtarışında olan serbiyalı müdafiəçi saytımıza müsahibəsində bir çox məqamlardan danışıb.

 

- Azərbaycandan, “Sabah”dan ayrıldıqdan sonra sənə təkliflər gəlib?
- “Sabah”la müqaviləm başa çatdıqdan sonra Azərbaycandan heç bir klubla danışıq aparmamışdım. Müqaviləm başa çatdı, elə ilk olaraq "Sabah"la yeni müqavilə üçün danışıqlara başladıq. Lakin qarşılıqlı istək olsa belə, razılaşa bilmədik.

 

- Bəs, qarşıdakı mövsüm hansı komandada oynayacaqsan?
- Hələ ki, qərar verməmişəm. Bir neçə klubla danışıqlar aparıram. Bütün təklifləri nəzərdən keçirəcəm və sonda qərarımı verəcəm.

 

- Nəyə görə "Sabah"dan ayrıldın?
- Bu mənə ünvanlanacaq sual deyil. Hamı bilir ki, "Sabah" mənim üçün xüsusi klubdu. Son gücümü də bu klub üçün verdiyimi bilirlər. Bu sadəcə futboldur, anlaşmaq üçün gərək hər iki tərəf razı olsun. Belə alındı.

 

- Azərbaycan Premyer Liqasında az oynamadın. Çempionatın səviyyəsini necə dəyərləndirirsən? 
- Premyer liqa yaxşı səviyyədədi. Mən sadəcə çempionatdakı klubların sayını dəyişərdim. Daha dəqiq desəm, 4 klub da əlavə edərdim. Ki, daha çox yerli, gənc uşaqlar oynamaq şansı qazansınlar, özlərini yüksək səviyyədə göstərə bilsinlər. Yoxsa, belə çempionatın səviyyəsi yaxşıdı. 

 

- Əgər Azərbaycana qayıdası olsan hansı komandada oynamağa üstünlük verəcəksən? “Neftçi” və “Qarabağ” kimi iddialı klublarda oynamaq niyyətindəsən, yoxsa sənin üçün çox da fərqi yoxdu?
- Belə olsaydı elə olardı, elə olsaydı belə olardı kimi fərziyyələrlə danışmağı sevmirəm. Zaman hər şeyi göstərəcək. Sadəcə bir az zamana ehtiyac var.

 

- Yeri gəlmişkən, “Sumqayıt” Konfrans Liqasında “Çukariçki” ilə qarşılaşacaq. Səncə, Premyer Liqanın bürünc medalçısı, həmyerlilərini keçə bilər?
- “Sumqayıt”da çox dostum oynayır. “Çukariçki”də də dostlarım az deyil. Məncə, çox maraqlı oyun olacaq. Nə deyim? Güclü olan qalib gəlsin. 


- Azərbaycan çempionatı Serbiya Superliqasından çox geri qalır?
- Bilirsiz, 16 klubu olan çempionatla 8 kluba sahib çempionatı müqayisə etmək ədalətsizlik olardı. Braziliya, Argentinadan sonra xaricdə çox oyunçusu olan ölkələrdən biri də Serbiyadı. 1-2 yaxşı mövsüm keçirdikdən sonra Serbiyadan xaricə rahat getmək mümkündü. 

Xəbər xətti