Uğurlu idman siyasətinin həyata keçirilməsi üçün güclü mütəxəssis zərurəti LAYİHƏ

16:41 - 5 Sentyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda IX YAZI

 

Dünya təcrübəsi göstərir ki, cəmiyyətdə sağlam həyat tərzinin, idmanın təbliği istiqamətində görülən işlər kompleks xarakter daşımalı, bir çox mühüm parametrləri özündə ehtiva etməlidir. Bunlardan biri də mütəxəssis hazırlığı sisteminin təkmilləşdirilməsi, təhsil, elmi və metodiki təminatın yaxşılaşdırılmasıdır.

 

Demoqrafik proseslərlə əlaqədar bədən tərbiyəsi mütəxəssislərinə olan ehtiyacın ödənilməsi əvvəldən proqnozlaşdırılması vacib hesab edilən məqamlardan biridr. Belə kadr hazırlığının uzunmüddətli planlaşdırılması zəruri şərtdir. Elə bundan irəli gəlir ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiya hazırlanaraq həyata keçirilib. Strategiyanın əsas məqsədlərindən biri məhz bədən tərbiyəsi mütəxəssislərinin hazırlanması olub. Çünki bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsində ixtisaslı kadrların, mütəxəssislərin rolu kifayət qədər böyükdür. Hazırda ölkəmizdə mütəxəssislərinin hazırlanmasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əsas rol oynayır. Akademiya fəaliyyətə başladığı dövrdən indiyə kimi  ölkəmizin idman həyatına layiqli töhfələr verməyi bacarıb. Məhz onun yetirmələri bu gün idmanın inkişafına öz töhfələrini verməklə yanaşı, müxtəlif çempionatlarda böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil edirlər.

 

 

Amma bədən tərbiyəsi mütəxəssislərinin hazırlanması digər istiqamətlər üzrə də həyata keçirilir. Bu, ölkədə bədən tərbiyəsi və idmanı daha geniş formada kütləvi şəkildə inkişaf etdirmək üçün olduqca mühümdür. Lakin bunlara paralel digər bir sıra mühüm addımlar da atılmalıdır. Xüsusən də ali təhsil müəssisələrində idman həkimlərinin, məktəbəqədər uşaqlarla, ibtidai və orta məktəb yaşlı uşaqlarla, xüsusi tibbi qruplara ayrılmış şagirdlərlə işləyəcək bədən tərbiyəsi mütəxəssislərinin hazırlanması xüsusi diqqət mərkəzində olmalıdır. Bədən tərbiyəsi məşqçilərinin, könüllülərinin hazırlanması və fəaliyyətinin stimullaşdırılması da ön planda tutulmalıdır. Ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində çalışan işçilər üçün sertifikatlaşdırma sisteminin hazırlanması və tətbiqi, sonrakı sertifikatlaşdırma ilə ixtisaslarının sistematik olaraq məcburi təkmilləşdirilməsinin təmin edilməsi təcrübəsindən istifadə də müsbət hal olardı. Xüsusən də  uşaq və gənclərlə işləyən görkəmli idmançıların, məşqçilərin, yenilikçi-tədqiqatçıların praktiki təcrübələrinin, ustalıq sirlərinin  ümumiləşdirilməsi və yayılmasına prioritetlərdən biri kimi yanaşılmalıdır.

 

 

Bədən tərbiyəsi və idman sahəsində elmi araşdırmaların təşkili, elmi tədqiqatların nəticələrinin bədən tərbiyəsi və idman hərəkəti təcrübəsinə daxil edilməsi təmin edilməlidir. Fiziki mədəniyyətin və sağlam həyat tərzinin formalaşması üçün nəzəri və metodoloji əsasların hazırlanması və tətbiq edilməsinə də Azərbaycanda böyük ehtiyac duyulur. Təlim sisteminin inkişafı və təkmilləşdirilməsi, kadrların təkmilləşdirilməsi və yenidən hazırlanması üçün nəzəri və metodoloji əsaslar daim qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə həyata keçrilməlidir.

 

 

Real mənzərənin təhlili göstərir ki, ölkədə bədən tərbiyəsi və idmanın bütün sahələr və ayrı-ayrı təbəqələr, həmçinin yaş qrupları üzrə inkişafının təmin edilməsi sistemi yaradılmasının da prosesdə öz rolu var. Lakin dövlətlə yanaşı, bu sahə ilə məşğul olan ictimai, qeyri-hökümət orqanları,eləcədə özəl qurumların da bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirməsi olduqca mühümdür. Dünyada əldə edilən uğurlu təcrübələr də göstərir ki, bədən tərbiyəsi və idmanın tələb olunan səviyyədə inkişaf etdirilməsinin optimal yolu məsələyə kompleks yanaşmanı tələb edir. Yəni burada mütəxəssislərin hazırlanması ilə paralel şəkildə onların istifadə edəcəyi müvafiq maddi-texniki baza da olmalıdır. 

 

 

 İdmanın maddi-texniki bazası güclü olduğu halda bədən tərbiyəsi mütəxəssislərinin potensial və xidmətlərindən daha səmərəli istifadə mümkündür.  İndilikdə o da etiraf edilməlidir ki, ölkəmizdə şəhər və rayonlarda idman obyektlərinin əhalinin sayına olan nisbətdə son dərəcə az olması qeyd edilən xüsusda ciddi problemlər yaradır. Bədən tərbiyəsi və idman təşkilatlarının maddi-texniki bazasının zəif olması regionlarda, xüsusən kənd rayonlarında özünü daha qabarıq büruzə verir. Qızlar və qadınlar, eləcədə sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanın təbliğinin tələb olunan səviyyədə aparılmaması problemin başqa bir tərəfidir. Bütün bunlar yerlərdə mövcud imkanlardan tam istifadə olunmamasına gətirib çıxarır. Bu hal həmçinin lazımı mütəxəssislərin hazırlanmasına da mənfi təsir edir. Məhz bundan irəli gəlir ki, ölkədə bədən tərbiyəsi və idman sahəsində kadr çatışmamazlığı var. Yüksək ixtisaslı peşəkar mütəxəssislərin və Idman menecerlərinin son dərəcə az sayda olması da əlavə problemdir.  Məhz bu mənada qeyd edilən problemlərin aradan qaldırılmasına artıq dövlət səviyyəsində daha çox diqqət edilməsi vacib xarakter daşıyır.

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti