İdman ümummilli dəyər kimi - LAYİHƏ

15:45 - 3 Oktyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XIII YAZI

 

Dünya miqyasında idmana, onun əhəmiyyətinə yanaşma zaman keçdikcə daha da təkmilləşib, yeni xüsusiyyətlər kəsb edib. Bu hal özünü xüsusən də inkişaf etmiş ölkələrdə daha qabarıq şəkildə büruzə verib. Çünki belə ölkələr inkişafın əsasını təşkil edən sağlam cəmiyyətdə idmanın, bədən tərbiyəsinin nə dərəcədə mühüm rol oynadığını praktiki olaraq görüb, qəbul ediblər. Bu mənada tam mübaliğəsiz demək olar ki, idman bir sıra ölkələr üçün ümummilli dəyərə çevrilib. Belə ölkələr sırasında Azərbaycanın da yer alması olduqca qürurverici haldır.

 

Bu gün Azərbaycanda idman ümummilli dəyər qismində cəmiyyət tərəfindən qəbul edilir. Bu, dövlətin idman siyasətinin ən böyük uğurlarından biri hesab oluna bilər. Azərbaycanda idmanı ümummilli dəyərə çevirməyi bacaran dövlət həm də ölkədə idman ənənəsini qoruyub inkişaf etdirməyi əsas missiyalardan biri kimi görür. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təbirincə desək, idmana qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir. Lakin idmanın inkişafı ilə bağlı siyasətin həyata keçirilməsini təkcə dövlətə şamil etmək yanlış yanaşma hesab edilir. Qabaqcıl dünya təcrübəsi göstərir ki, idmana qayğı, onun inkişafına töhfə hər kəsin, hər bir sosial qrupun, təşkilatın, ümumilikdə sosiumun borcudur. Məhz bu halda idman ümummilli dəyər statusunu qazanır, cəmiyyətin inkişafında əsas drayverlərdən birinə çevrilir. Bunu Azərbaycan nümunəsində daha dəqiq görmək olar. Məsələn, ölkədə idmanın inkişafında dövlətlə yanaşı,  Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də xüsusi diqqət və qayğı göstərilir. Elə bundan irəli gəlir ki, Azərbaycanda idmanın bir çox növləri, xüsusən də gimnastika sürətli inkişaf yolundadır. Bu mənada tamamilə təbiidir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva həm də idmana qayğı ilə yanaşması baxımından da böyük uğurların müəllifi olaraq qəbul edilir.

 

Mehriban xanım Əliyevanın 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə sürətli tərəqqinin əsası qoyulub. Azərbaycanda gimnastikaya böyük maraq yaranıb, idmanın bu növü ilə məşğul olanların sayı əhəmiyyətli dərəcədə yüksəlib. Bunun nəticəsində ölkəmizdə gimnastika özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda Azərbaycan yenə Mehriban xanım sayəsində bir çox beynəlxalq gimnastika yarışlarıan da ev sahibliyi edib və edəcək. Ümumiyyətlə, ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Bunu şərtləndirən ümdə səbəblərdən biri də odur ki, artıq belə beynəlxalq tədbirlərin təşkili məsələsində Azərbaycan ortaya zəngin təcrübə qoyub. Bunlar fonunda ölkədə gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın intibah dövrü yaşanır. Gimnastika sevərlərin Azərbaycanda sayının ildən-ilə artması isə ölkəmizin daha bir uğuru hesab edilə bilər. Amma ən əsas məqam odur ki, Heydər Əliyev Fondunun idmana qayğısı, onun inkişafını təmin edən layihələri dəstəkləməsi uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Burada təbii ki, idmançılara qayğı məsələsi də xüsusi qabardılmalıdır. Müstəqillik illərində Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları dövlətlə yanaşı, Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər. Elə bu da Heydər Əliyev Fondunun və onun rəhbərinin Azərbaycan idmanının inkişafına və təbliğinə göstərdiyi xidmətin real təzahürüdür. Qeyd edilənlər həm də gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli nəticələrə gətirib çıxarır. Bütün bunlar beynəlxalq miqyasda da yüksək qiymətlədirilir. Bu müstəvidə təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə,  o cümlədən də idman, həmçinin təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.

 

Şübhə yoxdur ki, bundan sonra da Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə idmanın inkişafında sistemli addımların atılması, yüksək səviyyəli nailiyyətlərin əldə olunması davam edəcək. Bu, Azərbaycanda idmanın daha da kütləviləşdirilməsində yenə mühüm rol oynayacaq. Bu, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi statusunu daha da möhkəmləndiəcək. Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə bundan sonra da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçiriləcək, bu prosesə Heydər Əliyev Fondu da öz dəstəyini verməkdə davam edəcək.

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti