“Zirə”nin futbolçusu Loris Bronyonun “FutbolPress”ə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Dövrəni 3-cü yerə şərik başa vurduz. Daha yaxşı ola bilərdi?
- 3-cü yer yaxşı mövqedi. Amma mövsüm yeni başlayıb, sona hələ çox var. Bu, yarış deyil, uzun marafondu. Komandamız oyundan oyuna artırır.
- Son turda hazırda əsas rəqibiniz sayılan “Qəbələ” ilə heç-heçə etdiz. Qələbəni əldən verməyinizin səbəbi nə oldu?
- “Qəbələ”yə qarşı yaxşı oyun idi. Rəqibin yüksək texniki bacarıqlara malik futbolçuları var. Onlar mənim üçün oynadığımız ən yaxşı komandadı. Ancaq düşünürəm ki, bu matçın ilk 20 dəqiqəsində biz daha yaxşı idik. Cəlalın qolundan sonra fərqli oldu. “Qəbələ”yə oynamağa icazə verdik. Bundan sonra çətin oldu. Hesabı açdıqdan sonra topu saxlamaq istəyirdik. Təəssüf ki, son dəqiqələrdə rəqib hesabı bərabərləşdirdi. Ancaq 1 xal da pis deyil.
- Komanda qol vurana qədər maraqlı hücumlar edir, baxımlı futbol göstərirdi. Bundan sonra isə geri çəkildi. Bu, məşqçilərin tapşırığı idi, yoxsa oyunun gedişi sizi belə oynamağa məcbur edirdi?
- Hamı bilir ki, qol vurduqdan sonra eyni futbolu göstərmək bizim üçün həmişə çətindi. Bunun üzərində çalışmalıyıq. Ancaq buna əhəmiyyət vermirəm. Hər məşqdə uğur qazanmaq üçün çox çalışan bir komandayıq.
- Meydanda elə çox olmasan da, 1 qol, 1 assistlə yadda qalmısan. Bu performansla daha çox oynamağa layiq olduğunu düşünürsən?
- Komandaya kömək etmək üçün daha yaxşı ola biləcəyimi düşünürəm. 160 dəqiqəyə bir asist və bir qolum var. Mən daha çox çalışıram, daha çoxunu istəyirəm, çünki “Zirəni” turnir cədvəlinin daha yüksək mövqeyinə çıxarmaq istəyirəm. Daha yaxşı oynaya biləcəyimə, qollar vura biləcəyimə əminəm.
- Azərbaycandan öncə Belçika və Niderlandda oynamısan...
- Azərbaycan futbolu Belçika və Niderland futbolundan tamamilə fərqlidi. Buna görə də adaptasiyaya ehtiyacım var. Bu futbol çox maraqlıdı, intensivliyi yüksəkdi, liqada çoxlu yaxşı oyunçu var.
- Burda əsas hədəfin nədi?
- Əsas məqsədim qol vurmaq və komandaya kömək etməkdi. “Zirə”nin yüksək sıralarda qərarlaşması üçün bütün bacardığımı etmək istəyirəm.
- “Zirə” avrokuboklara vəsiqə qazanmağı hədəfləyir. Bunu bacarmaq üçün nə etmək lazımdı?
- “Zirə” ilə Avropada oynamaq çox gözəl olacaq. Bunun üçün çalışırıq. Yalnız bütün kollektivlə birgə bu məqsədə nail ola bilərik, tək başına müümkün deyil.
- İlk dövrədə yalnız “Neftçi”yə məğlub olmusuz. Növbəti rəqibiniz də “Neftçi”di. Komandada revanş hissi varmı?
- Şənbə günü “Neftçi”yə qarşı çox yaxşı bir oyun olacaq. Əlbəttə ki, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyərdik. Onlarda ilk “3-lük”dədi. Biz də öz yerimizi qorumalıyıq.