Medianın İnkişafı Agentliyinin layihəsi
VI YAZI
Ayxan Abbasov ölkəmizdə yeni nəsil məşqçilər arasında ən bacarıqlı mütəxəssislərdən biri hesab olunur. Daim axtarışda olan gənc çalışdırıcının əsas üstünlüklərindən biri də məşqçiliyə uşaq komandalarından başlamağı olub. Bəlkə də, məhz bundandır ki, işlədiyi klublarda həmişə gənclərə şans verib və gənclərlə işbirliyi yaxşı alınıb. Məşqçiliyə 2014-cü ildə başlayan Ayxan Abbasov ölkəmizdə uşaq futbolunun durumuna yaxından bələd olan mütəxəssis kimi bu sahənin inkişafı üçün vacib olan məsələlərlə bağlı fikirlərini bölüşüb:
“Bəlkə də üstünlüyüm o olub ki, “Qarabağ”da bir neçə koordinatorun işini görmüşəm. Həm də "Qarabağ"ın əsas komandası ilə yaxın olmaq, onların da iş prinsiplərini görmək əlavə üstünlük olub. Mən belə hesab edirəm ki, bir məşqçi kimi uşaq futbolundan başlamaq daha yaxşıdır. Çox adam bunun əksini fikirləşir, düşünürlər ki, məşqçilik peşəsinə uşaqlarla yox, peşəkar komandalarla başlamaq daha uyğun variantdır. Amma gənclərin problemlərini, onların necə çətinliklə yetişdiyini görməyin özü böyük təcrübədir. O vaxt Qurban Qurbanov, Əmrah Çəlikəl karyerasını bitirmiş “Qarabağ”ın futbolçularını akademiyaya cəlb edirdilər. Mənim də məşqçiliyə gəlişim o dönəmdə olmuşdu.
Artıq ilk vaxtlarda anladım ki, bu, tam başqa bir sənətdir. Akademiyaya gələn kimi kurslarda iştirak etdim, "C" kateqoriyasından başladım. Bu, mənim üçün böyük bir üstünlük oldu. Gördüm ki, futbolçu olmaq başqa, məşqçi olmaq tam başqadır. Daha sonra "B" kateqoriyası kurslarına qatıldım, oxuya-oxuya da koordinator Səbahəddin Təkinin köməkçisi işlədim. Demək olar ki, bütün yaş qruplarının oyunlarına gedirdik, akademiyanın bütün uşaqlarını tanıyırdıq, potensiallı gəncləri görürdük. Bu gün həmin uşaqları əsas komandada, millidə görəndə sevinirəm. Bilirsiz ki, qısa müddət Borça Xristov akademiyada koordinator oldu. Həmin ərəfələrdə U-16 komandasında çalışırdım. Daha sonra AFFA-nın bir layihəsi var idi, bütün komandalara koordinator təyin olunmuşdu. Bizə də Niderlanddan Con van Leon göndərilmişdi. Deyərdim ki, elə bir insanla çalışmaq məşqçilik karyeramda böyük bir qazanc oldu. Koordinatorluq tam başqa bir sənətdir O insanın iş fəaliyyəti, futbolçularla, məşqçilərlə, valideyinlərlə dil tapması mükəmməl idi. Hər dəfə öyrətmək istəyirdi. Bizi, bütün məşqçiləri Niderlanda səfərə apardı. Bu, məşqçilər üçün böyük təcrübə idi. Bu gün akademiyalarımızda çatışmayan da məhz budur. Biz Niderlandda olanda Çexiyanın, Portuqaliyanın adlı-sanlı klublarının məşqçiləri də ora gəlmişdi. O demək deyil ki, onlar hər şeyi bilir, heç yerə getmək istəmirlər. Onlar bildirdilər ki, il ərzində 10-15 dəfə başqa ölkələrdə təcrübə proqramlarında iştirak edirlər. Bu, daimi olmalıdır. Bir məşqçi kimi orada çox şey öyrəndik. PSV-nin akademiyasında, "Utrext"in əsas komandasında, akademiyasında və "Ayaks"da olduq. Hər klubun özünəməxsus fəlsəfəsi, yanaşması var. Bizə məlumat verirdilər, suallarımızı cavablandırırdılar. Həqiqətən biz çox geridəyik. Onlar 12-13 yaşında futbolçunun təməl texnikasını bitirirlər. Əlbəttə olmayanlar da var. Məsələn PSV-də deyirdilər ki, futbolçular bizim istədiyimiz səviyyədə inkişaf etmir. Ona görə də digər komandalara göndəririk, biz daha mükəmməlləri axtarırıq. Yarışlarda turnir cədvəlinə böyük önəm vermirlər, əsasən də aşağı yaşlarda. Futbolçuların inkişaf etməsi üçün məşqçiləri maarifləndirirlər, onların hər problemini həll edirlər. Klublar kor-koranə işləmir, hər klubun özünün iş metodu var. Əsas komandanın nəticələri büdcələrinə heç bir təsir etmir. Məşqçiliyə başlayanda akademiyada, aşağı yaş qruplarında çalışmaq, belə koordinatorların yanında olmaq, "Qarabağ"da olmaq, əsas komandanı görmək məşqçi kimi mənə üstünlüklər qazandırdı.
“Sumqayıt”da gənclərə çox şans verirdim. Statistika aparsaq görərik ki, əvəzedici heyət, U-19, hətta U-17-də olan uşaqlar əsas komanda ilə məşqə çıxırdılar, nəzarətimizdə idilər. "Sumqayıt"a gələndə Səbuhi və Rüfət Abdullazadəni əsas komandaya cəlb elədim. Səhv etmirəmsə, "Qaradağ Lökbatan"la kubok oyununda Rüfəti əsas heyətdə meydana buraxmışdım. Daha sonra Səbuhiyə debüt etmək imkanı verdim. Oyun praktikasının çox olması üçün həmin illərdə onları əvəzedici heyətə göndərirdik. Bu gün 2003-cü il təvəllüdlü Sənan, Nihat var, onlar artıq milli komandaya çağırılırlar. 2005-ci il təvəllüdlü qapıçı Xəyal var, çox perspektivlidir. Bunlar "Sumqayıt" akademiyasının yetirmələridir. Onlardan əlavə də gənclərə şans vermişik. Bu il Xəzər Mahmudovu "Keşlə"dən transfer etmişdik. Murad Xaçayevin özü olsun. Elvin Cəfərquliyevi "Qarabağ"dan icarəyə götürdük. Premyer Liqada ilk dəfə bizdə oynadı, ondan sonra milli komandaya çağırıldı, "Qarabağ"da əsas heyət oyunçusu oldu. Bir çox futbolçuları deyə bilərəm. Bilirsiz ki, milli komandaya çox oyunçu gedirdi bizdən. Həmin ərəfədə akademiyadan, əvəzedici heyətdən yaxşı formada olanları 1-2 həftəlik məşqlərə cəlb edirdik, yoldaşlıq görüşlərində iştirak edirdilər. Həmişə təlim-məşq toplanışlarına özümüzlə 2-3 gənc futbolçu aparırdıq ki, o atmosferi hiss etsinlər. Sonra əsasən fiziki yöndə individual məşqlər keçirdik. Təəssüf ki, bu gün bizim akademiyalarda buna çox da fikir verə bilmirlər. Lakin bu, önəmlidir. Çünki futbolçular düzgün məşq metodunu bilməlidir. Akademiyanın koordinatoru ilə birlikdə uşaqları nəzərdən keçirəndə gördük ki, hər qrupda petensiallı uşaqlar var ki, fiziki baxımdan axsayırlar. Onlara həftədə iki dəfə məşqlər keçməyə başladıq. Əvəzedici heyətlə çoxlu oyunlar keçirməyə çalışırdıq. Çempionat oyunlarının səhəri günü oynamayan futbolçularla əvəzedici heyət arasında matç keçirirdik. Həmin oyunlarda gənclərə baxırdım. Gənclər daim nəzarətimizdə idilər. 2005-ci il təvəllüdlü Sənan çempionatda debüt edib. Eləcə də qapıçılara inanmışıq.
Bilirsiz ki, Aydın Bayramov "Sabah"da komandadan kənarlaşdırılmışdı. Amma biz onu əsas komandaya cəlb etdik, milli komandaya kimi yüksəldi. Digər qapıçılarımız da var idi. Həmişə yerli qolkiperlərə üstünlük vermişik. Bu yöndə işlər görürdük. Əlbəttə bu, mütəmadi olmalıdır. Əvəzedici heyət, akademiya, əsas komanda bir-biri ilə daha sıx əlaqədə olmalıdır. Aşağıda düzgün iş görülməlidir. Futbolçuların potensialının üzə çıxarılması üçün buna ehtiyac var. Futbolçulara fərdi yanaşmaq lazımdır. Onlara belə yanaşsaq, inkişaf edə bilərlər. Yataqxanamız olmadığına görə, bizim üçün bir az çətin idi. Çünki futbolçuların qidalanması da önəmlidir. Düzdür, son mövsümdə buna nail olmuşduq. Futbolçularımızı məşqdən sonra qida ilə təmin edirdik. Bəzi oyunçular var ki, məşqdən sonra qidalanmır. İtirdiyi enerjini bərpa etmək üçün evdə qida qəbul edə bilmir. PSV-nin yanaşması individual idi. Onlar hər futbolçuya bu cür yanaşırdılar. Həftədə 2-3 dəfə individual məşqlər keçirdilər. Hücumçular üçün ayrı, yarımdüdafiəcilər üçün ayrı, müdafiəçilər üçün ayrı məşq keçirdilər. Bu, bizim akademiyalarda olmalıdır. Biz də istədik ki, futbolçulara belə yanaşaq. Yanaşırdıq da. Sabah bu futbolçulardan hansı oynasa, sevinərik.
Hamı deyir ki, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Amma necə? Buna detallı toxunan azdır. Öncə onu demək istəyərdim ki, uşaq futbolunu inkişaf etdirmək üçün klublar buna Premyer Liqa qədər önəm verməlidir. Bu gün klublar o fikirdə olmamalıdır ki, yalnız lisenziya almaq üçün 10 yaş qrupu üzrə komandam olsun. Biz bu fikirdən daşınmayana qədər uşaq futbolunda inkişaf olmayacaq. Bu, 1-2 akademiya ilə mümkün deyil. Təcrübə də onu deyir ki, "Qəbələ"nin, "Bakı"nın akademiyası oldu, futbolçular yetişdi. Amma tək "Qəbələ" və "Bakı" olmalı deyil. Artıq "Qəbələ" də maliyyəyə görə akademiyaya az fikir verməyə başlayıb. Bu gün Tovuzda akademiya yaradılıb. Bizdə akademiyalar müvəqqəti olur. Bayaq dediyim PSV, "Ayaks" akademiyalarına baxsaq, görərik ki, onlar dayanmır. Əsas komandaya 1-2 futbolçu verəndə sevinirlər. Amma biz bunun üçün pul xərcləmək istəmirik. Pul verib legionerlər transfer edirik. Demək ki, biz ancaq əsas komandaları fikirləşirik, futbolu inkişaf etdirmək fikrində deyilik. Öncə yanaşmamızı dəyişməliyik. Bunu dəyişməsək, qalan hər şey boşdur. Meydançalara fikir vermək lazımdır. Uşaqlar harada, necə məşq edirlər, kimlər məşq keçir? Akademiyanın başında duran koordinator çox önəmlidir. Bundan əlavə texniki işləri bilən adamlar lazımdır. Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır.
Bayaq dediyim kimi, məşqçiləri maarifləndirmək üçün başqa ölkələrə təcrübələrə göndərmək lazımdır. Bu gün ən böyük bəlamız odur ki, uşaq komandaları yarışlara getmir, ancaq Azərbaycan çempionatı ilə kifayətlənirlər. Ən azından yaxın ölkələr Rusiya, Türkiyə, Gürcüstanda turnirlərə getmək olar. Klublar buna demək olar ki, büdcə ayırmır. Düzdür, bəzi klublar gedir. Amma bu, azdır. Hər yaş qrupu turnirlərə getməlidir, uşaqların gözləri açılmalıdır. Akademiyanın içində futbolçuların təhsili ilə maraqlanmaq lazımdır. Çünki futbolçuların tez inkişaf etməsi, düzgün qərarlar verməsi üçün təhsil önəmlidir. Təhsil, qida, geyim, bunlar hamısı bir-biri ilə əlaqəlidir. Uşaqlar futbolu sevməlidir. Hər məşqçi işə başlayanda deyirlər ki, get U-8, U-9-da işlə. Bu, səhv fikirdir. O yaşlar önəmlidir. Orta məktəbə uşaqlarımızı aparanda yaxşı müəllim axtarırıq. Niyə? Çünki, o əlifbanı, təməli öyrədir. Bu, akademiyalarda da önəmlidir. Futbolun təməl texnikasını bilən və onu futbolçuya düzgün çatdıra bilən məşqçi lazımdır. Təməl məşqçisi çox həvəsli, səbrli olmalıdır. Müasir futbolda görürük ki, futbolçular necə texnikaya malik olurlar. Oyunçuların hər iki ayağı işləməlidir. Bunların hamısı məşqçilərin düzgün məşqləri, kordinasiyası nəticəsində düzəlir. PSV-də bilirsiz nə xoşuma gəlmişdi? Onlar demişdi ki, bizdə akademiyada üç yaş (9-10, 11,12) məşqçiləri heç vaxt dəyişilmir. Onlar ancaq orada çalışır. Çünki, onlar akademiyanın təməlidir. Həmin məşqçilər PSV-nin təməlini bilir. Dedilər ki, akademiyada ən yüksək maaşı onlar alır ki, yuxarıda gözləri olmasın. Onlar həm də müəllimdirlər. Biz bunları artırmalıyıq. Artırmaq üçün də klubların yanaşması dəyişməlidir.
Axırıncı dəfə Türkiyədə oldum. Amma PRO kateqoriyasını oxuyanda bir həftə "Monpelye"də də olmuşdum. Gördük ki, həqiqətən klubun akademiyasında yaxşı işlər görülür. Onlar son illərdə Avropaya oyunçu satmaqda məşhurdurlar. Bunu digər ölkələrdən yaxşı futbolçuları akademiyalarına cəlb etməklə edirlər. Bu da bir işdir. Akademiyalarında şəraiti, futbolçuların harada məşq etdiyini görəndə hər şey kifayət edir. Burada futbolla yaşayırlar. Eyni şeyləri Türkiyə üçün də demək olar. "Trabzonspor"un akademiyasında 500 uşaq var idi. 5-6 stadion 17 yaşa qədər olan komandalar üçündür. U-19-un bazası əsas komandanın yanındadır. U-19-la əsas komanda eyni vaxtda məşq keçir ki, futbolçu lazım olanda oradan götürsünlər. Görürsən ki, həqiqətən də üst səviyyədədirlər. Trabzonda həvəskar klublar da çoxdur. Orada olan futbolçuları komandaya cəlb edirlər. Onlarda əsas komandanın baş məşqçisinin kim olmağı, turnir cədvəlindəki vəziyyəti akademiyaya təsir etmir. Günü-gündən inkişaf etmək, əsas komandaya oyunçu yetişdirmək istəyirlər. Yaxşı bir məqama toxundular ki, son illər "Trabzonspor"un qapıçıları akademiyadan gəlir, sonra da Türkiyə millisinin qapıçısı olurlar. Tolqa Zəngin, Onur Kıvrak, hazırkı qapıçı Uğurcan Çakırı misal çəkə bilərik. Bu, az iş deyil. Hərəsinin milli komandada 5-6 il karyerası var. Son illər "Trabzonspor"dan xeyli istedadlı gənclərin çıxması o deməkdir ki, akademiya düzgün işləyir. Bu, təcrübədir. Həmişə istəmişəm ki, işlədiyim komandada akademiya ilə sıx əlaqədə olum. Çünki, onlarla maraqlanmaq,təlim-məşq toplanışına aparmaq gənclərə motivasiya olur. Bir futbolçunu məşqə çağıranda bütün futbolçular məsuliyyətli olur ki, bizə maraq var. Bunların hamısı lazımdır. Ümid edək ki, bizdə də nə vaxtsa bütün klubların yanaşması daha yaxşı olacaq, inkişaf üçün şərait yaradılacaq".
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi