"APOEL-ə keçmək istəyirdim, lakin AFFA və “Neftçi” rəhbərliyi fərqli qərar verdi"

18:46 - 14 Aprel 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

XV YAZI

 

Uşaq və gənclərin fiziki və mənəvi nikişafı mövzusunda fikirlərinə ehtiyac duyduğumuz mütəxəssislərdən biri də Vyaçeslav Lıçkindir. Uzun illər milli komandamızın şərəfini qoruyan və yığmamızda ən yaxşılardan olan Lıçkin hal-hazırda Rusiyada uşaqlara futbolun sirlərini öyrədir. O, “Zenit” Futbol Akademiyasının Vasileostrovski filialının rəhbəridir.

 

Futbolçuların inkişaf etməsi üçün ölkə xaricinə çıxıb, legioner həyatı yaşamağın vacibliyi barədə çox danışılıb. Təəsüfləndirici məqam odur ki, çoxları getdikləri ölkədə möhkəmlənə bilmir və tezliklə vətənə qayıdırlar. Vyaçeslav Lıçkin karyerasının əksər hissəsini Rusiyanın aşağı liqa klublarında keçirib, o da əlinə düşən fürsətdən yararlana bilməyən futbolçularımızdandır. Gənc yaşlarında, 1996-cı ildə Türkiyənin adlı-sanlı “Trabzonspor” klubuna keçsə də, qonşu ölkədə karyerası alınmayıb. Lıçkin həmin dönəmi belə xatırlayır:

 

“Bakıda ilk ev oyunumuza çıxırdıq, yoldaşlıq matçında Türkiyəni qəbul edirdik. Həmin oyuna yaxşı hazırlaşmışdıq. Azarkeşlərimizin qarşısında layiqli futbol sərgiləmək istəyirdik. Mənə elə gəlir ki, üzərimizə düşəni edə bildik. Çox dinamik, sürətli keçən oyunda rəqiblə başabaş futbol oynadıq. Bir qol buraxıb uduzsaq da, məncə, məğlubiyyətə layiq deyildik. Bu oyundan sonra bir neçə Türkiyə klubunun maraq dairəsinə düşdüyümə dair söhbətlər dolaşmağa başladı. Elə həmin vaxt UEFA kubokunda “Neftçi” – APOEL qarşılaşmalarından sonra Kipr klubu mənə görə təklif göndərmişdi. Açığı, özüm də APOEL-ə keçmək istəyirdim. Lakin AFFA və “Neftçi” rəhbərliyi fərqli qərar verdi və mən “Trabzonspor”a gedəsi oldum. Türkiyədə məni yaxşı qarşıladılar. Həm rəhbərlik səviyyəsində, həm də komanda üzvləri isti münasibət göstərdilər. Abdullah Ercan “Şalke”yə keçdiyi üçün məni onun çıxış etdiyi sol cinah yarımmüdafiəçisi mövqeyinə götürmüşdülər. Lakin sonradan Abdullah geri qayıtmalı oldu. Təbii ki, belədə üstünlük Abdullaha verildi, mənə yox. Digər tərəfdən mən həm də legioner idim. Şenol Günəşlə söhbətlərimdə məni başqa mövqelərdə sınamasını istəsəm də, bu, işə yaramadı. Dedi ki, məni məhz sol cinah yarımmüdafiəçisi kimi gətiriblər və özümü göstərib məhz həmin mövqedə oynamalıyam. Gerisini artıq hamı bilir... Amma peşman deyiləm. Çünki orada peşəkar futbolun nə olduğunu anladım, mənim üçün böyük təcrübə oldu”.

 

 

Klub karyerası parlaq alınmasa da, Vyaçeslav Lıçkin millimizdə çıxış etdiyi dönəmlərdə həmişə ən yaxşılardan olub. Ona bir vaxtlar millimizi çalışdıran əfsanəvi məşqçimiz Əhməd Ələsgərovun rəhbərliyi altında oynamaq da nəsib olub:

 

“Taleyimdən razıyam ki, bir çox böyük məşqçilərin yanında futbolu öyrənmək qismət olub mənə. İlk məşqçim Ələkbər Cəfərovdan çox şey öyrənmişəm. Rəşid Özbəyov, Ruslan Abdullayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Oleq Romantsev, Boris İqnatyev. Sağ olanlara can sağlığı, ölənlərə Allahdan rəhmət diləriyəm. Hər birinin üzərimdə böyük əməyi olub. Əhməd Ələsgərova gəlincə, onunla yalnız milli komandada deyil, həm də “Anji” klubunda bir yerdə çalışmaq şərəfinə nail olmuşam. Emosional və çılğın olmağına rəğmən işinin peşəkarı idi. Futbolu dərindən bilən, duyan adam idi. Bəzən elə olurdu ki, bizim meydanda etdiklərimizi qəbul etmirdi və ya onun dediklərini biz həyata keçirə bilmirdik. Amma xoşbəxtəm ki, zamanında elə böyük məşqçiylə çalışmışam”.  

 

 

Futbolçu karyerasını bitirdikdən sonra Lıçkin ailəsi ilə birlikdə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. Bir müddət futboldan uzaq qalmağı düşünsə də, uşaqlarla işləmək təklifi alıb və çalışmağa başlayıb. “Neva” ilə elə ilk ilindəcə şəhər ikincisi olan Vayeçaslav Lıçkin “Zenit”Futbol Akademiyasında çalışmaq fürsəti qazanıb:

 

“Həmin vaxt “Zenit”in akademiyasına rəhbərlik edən niderlandlı mütəxəssislə görüşümüz oldu. Lakin “Zenit”də çalışmağım üçün “Neva”nı tərk etməyim lazım idi. Mən isə bunu edə bilməzdim. Çünki oradakı uşaqlara söz vermişdim ki, həmin yaş qrupunu axıra kimi aparacağam. Bu minvalla bir az da vaxt ötdü. Sonradan niderlandlı mütəxəssislə növbəti görüşümüzdə belə razılığa gəldik ki, mən “Zenit”in Vasileostrovski filialı ilə yanaşı, həm də “Neva”dakı işimi davam etdirim. Bir müddət sonra məni oraya rəhbər təyin etdilər və hal-hazırda “Zenit” Futbol Akademiyasının Vasileostrovski filialının rəhbəriyəm”.

 

 

Uşaq və gənclər futbolunun inkişafı barədə danışan Lıçkin bu sahənin çətinliklərini, görülməli olan işləri qeyd etdi:

 

“Uşaq futbolu ilə bağlı problemlər tək Azərbaycan və Rusiyada yox, ümumən bütün dünyada mövcuddur. Promlemlər çoxdur. Demək olar ki, vaxt keçdikcə futbolla məşğul olmaq istəyənlərin sayı azalır. İnternet hamını özünə çəkir. Uşaqlar açıq havada qaçıb, idmanla məşğul olmaqdansa, kompüter qarşısında virtual oyunlar oynamağa daha çox üstünlük verirlər. Əvvəllər necə idi? Biz özümüz futbola gəlirdik. İndi isə seçimi valideynlər edirlər və uşaqlarını üzgüçülük və ya digər idman növlərinə aparırlar. İstedad çatışmazlığı, klublarda maliyyə sıxıntıları və bu kimi digər faktorlar da uşaq futbolunun inkişafına öz mənfi təsirini göstərir. Mənə elə gəlir ki, uşaq futbolunu inkişaf etdirmək üçün dövlət səviyyəsində proqram qəbul olunmalıdır. Və həmin proqramda göstərilən müddəaların icrasına dövlət nəzarəti olmalıdır”.   

 

Elçin Əlixan

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti