Elmar Baxşıyev: "Qəbələ"ni silməyin hələ vaxtı deyil"

20:48 - 4 May 2022

"Qəbələ" Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda səfərdə "Zirə"ni 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb: 

 

- Fikirləşdiyimiz kimi ağır oyun oldu. Hesab heç kimi aldatmasın. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Komandamı təbrik edirəm. Xarakter göstərdilər. "Qəbələ"ni silməyin hələ vaxtı deyil. Bu oyunu unudub "Neftçi" ilə matça hazırlaşacağıq. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sona kimi iddiasından əl çəkməyəcək. 


- Avrokuboklara vəsiqənin "Sabah" son turun oyununda həll olunacağını düşünürsüz?

- İnanın ki, çempionat başlayandan avrokubokları düşünmürük. Sadəcə bərpa prosesini keçib qarşıdakı "Neftçi" ilə oyuna hazırlığı düşünürük. Alınacaqsa, yaxşı olacaq, alınmayacaqsa da, bu komandaya təşəkkür düşür. Mövsüm ərzində futbolçular zədəli ola-ola da hər şeylərini meydanda qoymağa çalışırdılar. 


- Komandada maliyyə problemi olduğu deyilir. Bu, legionerləri komandada saxlamağa necə təsir göstərəcək?

- Əlbəttə ki, maliyyə klub üçün hər şeydir. Maliyyə ilə bağlı sıxıntımız var, gizlətməyəcəm. Komanda hələ ki,aylıq məvacibi almayıb. Amma burada olan uşaqlar böyük ürəyə sahibdirlər. İnanıram ki, maliyyə problemi komandaya az təsir edəcək. Xarakterimizi sona kimi göstərməyə çalışacağıq. 


- Dünən "Sabah"ın 1 xal qazanmağı komandanızın motivasiyasına necə təsir etmişdi?

- Bizi rəqiblər düşündürmür. Sadəcə bizim nə durumda olmağımız önəmlidir. İstədiyimiz odur ki, əsas özümüzə fikir verək, nəinki rəqiblərə. Çempionatın sonunda nə olacağını heç kim bilmir. 


- Komandanız iki aydır qələbə qazana bilmirdi. Qələbə üçün nə çatışmırdı?

- Futbol kollektiv idman növüdür. Hər şey təsir edə bilər. Maliyyə problemi də əlavə bir təzyiq yaradırdı. Özünüz də görürsüz ki, heyətimiz çox kasaddır. Cəzalı və zədəli oyunçularımız çox olduğu üçün oyununuza təsir edirdi. Optimal heyəti yığdıqda komanda meydanda daha məzmunlu olur. Düşünürəm ki, qara zolaqda deyildik. Sadəcə optimal heyətlə oynaya bilmirdik.

 

- Hakimlər haqda fikirlərinizi açıq şəkildə deyirsiz. Belə fikirlərdən sonra hakimlərin komandanıza münasibəti necə olur?

- Komanda olaraq son düşündüyümüz hakimlərdi. Daha çox futbolçularıma güvənirəm. Lehimizə də, əleyhimizə də hakim qərarları olur. Bu, dünya futbolunda da müşahidə olunur. Sadəcə bunun üzərində dayanmaq fikrimiz yoxdur. Əlbəttə ki, hakimlər də bizim kimi səhv etməyə borcludurlar. Nəyisə müzakirə etmək fikrimiz yoxdur. 


- Ürfan Abbasovun durumu nə yerdədir? Uzunmüddətli zədədən qayıtmışdı. Yenə eyni yerdən zədələndi?

- Bəli, eyni zədədir. Çarpaz bağları ikinci dərəcədir. Ümid edirik ki, qisamüddətli zədə olar. 


- Ürfan Abbasovun "Neftçi" və "Sabah"dan təklif aldığı deyilir. Yeni mövsümdə komandada qalacaq?

- Hələ ki, çempionatı sona çatdıraq. Bu kollektiv çox mehribandır. İnanıram ki, klub tərəfindən hər bir şərait yaradılacaq. 


- Ruan Renato ilə yeni müqavilə imzalandı. Maliyyə problemi olduğu vaxtda onunla hansı şərtlərlə yeni sözləşmə imzalaya bildiz?

- Bu sual rəhbərliyə aiddir. Onlar daha dəqiq cavabı bilir. Ruan öz oyunu ilə sübut edir ki, etibarlı və keyfiyyəti yerində olan futbolçudur. Onunla müqavilənin uzadılması bizim xeyrimizədir. 


- Avrokuboklara vəsiqə əldə etməyinizin büdcənin artmasına təsiri ola bilər?

- Buna ən çox mən sevinərəm. Siz "Qəbələ"bu həftədə bir dəfə meydançada görürsüz. Amma nə əziyyətlər çəkildiyini biz görürük. Onları burada açıqlamaq istəmirəm. Büdcənin geniş olmağı bizim daha da yaxşı olmağımıza gətirib çıxarar. İnanırıq ki, daha da yaxşı olacaq.

 

Elçin Əlixan

Xəbər xətti