Azərbaycanın U-21 yığmasının və “Sabah”ın sabiq futbolçusu, hazırda Qırğızıstanda çempionluq mübarizəsi aparan “Ozgon”un aparıcı üzvü olan İldar Alekperov Sportal.az saytına müsahibə verib.
- “Ozgon" çempionluq mübarizəsi aparır. Necə düşünürsən, sonda istədiyinizi əldə edə biləcəksiz?
- Son turda məğlub olsaq da, çempionluq mübarizəsindəyik və davam edirik. Əlbəttə ki, məqsədimiz çempionluq uğrunda mübarizə aparmaqdır. Başa düşürük ki, hələ qarşıda çox iş var və hər matç çox vacibdir. İnanıram ki, yaxşı komandamız var və əgər çox çalışmağa və ən yaxşı oyunumuzu göstərməyə davam etsək, bu məqsədə çatmaq üçün hər şansımız olacaq. Amma hazırda ən vacib şey özümüzü qabaqlamamaq və hər növbəti oyuna diqqət yetirməkdir.
- Azərbaycan Premyer Liqasını izləyə bilirsən? "Sabah"ın çempionluğundan sonra çempionat daha da rəqabətli olub?
- Bəli, mən Azərbaycan çempionatını izləyirəm, çünki orada özüm oynamışam və orada yaxşı əlaqələrim var. Düşünürəm ki, çempionat inkişaf edir, komandalar güclənir və rəqabət artır. "Sabah"ın qələbəsi həm də liqada ciddi rəqabətin olduğunu və hər şeyi həmişə eyni komandalar həll etmədiyini göstərir. Bu, Azərbaycan futbolu üçün yaxşıdır.
- Sabiq komandan "Sabah" Çempionlar Liqasında "Slaviya"nı məğlub etdi. Yəqin ki, buna inanırdınız?
- Əlbəttə ki, inanırdım. Niyə də inanmayım? “Sabah” mənim keçmiş komandamdır və kluba böyük hörmətim var. "Slaviya" ciddi rəqibdir, ona görə də asan oyun olmayacağı bəlli idi. Futbolda hər şey mümkündür. Ümid edirdimm ki, "Sabah" yaxşı oyun göstərib müsbət nəticə əldə edə biləcək. Belə də oldu.
- Bir neçə oyunçumuz Qırğızıstanda oynayır. Milli komandadan sizinlə maraqlananlar var? Qırğızıstanda oynayaraq, milli komandaya düşmək realdır, yoxsa ən azından Kosovoda və ya Albaniyada oynamaq lazımdır?
- Çempionatları ümumilikdə müqayisə etsək, düşünürəm ki, Albaniya və Kosovoda rəqabət səviyyəsi daha yüksək ola bilər, qismən də Avropa futbol bazarı ilə əlaqədardır. Amma inanmıram ki, sadəcə bu çempionatlarda oynamaq oyunçunu avtomatik olaraq daha güclü edir. Qırğızıstanda da yaxşı oyunçular və komandalar var ki, orada onlar öz bacarıqlarını inkişaf etdirə və nümayiş etdirə bilərlər. Buna görə də, mən yalnız oyunçunun oynadığı ölkəyə əsaslanaraq nəticə çıxarmazdım. İlk növbədə, onların fərdi keyfiyyətlərinə, stabilliyinə və meydandakı çıxışlarına baxmaq lazımdır.
- Azərbaycana geri qayıtmağı planlaşdırırsız?
- Əlbəttə ki, Azərbaycana qayıtmağımı istisna etmirəm. Premyer Liqanı yaxşı tanıyıram, orada oynamışam və bu çempionata hörmət edirəm. Futbolda hadisələrin necə cərəyan edəcəyini heç vaxt bilmək olmaz. Bu yay təkliflərə gəldikdə isə, yalnız konkret şeylər haqqında danışmaq istərdim, ona görə də lazımsız detalları açıqlamayacam. Hazırda diqqətimi komandama yönəltmişəm, yaxşı mövsüm keçirmək və futbolçu kimi inkişaf etməyə davam etmək istəyirəm. Bundan sonra nə olacağını zaman göstərəcək.
Mirbağırağa
