"Qəbələ"nin forvardı Kərim Rossi Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" son turda evdə "Sabah"a 0:4 uduzdu. Bu görüşdə iştirak etməsən də, hər halda oyunu izləyirdin. Səncə, məğlubiyyətə səbəb nə oldu?
- Bəli, bu oyunda iştirak etmirdim, çünki "Sumqayıt"la matçda zədələnmişdim. Amma ümid edirəm ki, "Araz-Naxçıvan"la qarşılaşmada yenidən meydanda olacam. Düşünürəm ki, belə oyunlarda müdafiədə möhkəm dayanmaq və əlinə düşən 1-2 fürsətdən yararlanmağa çalışmaq lazımdır, çünki "Sabah"a qarşı oynamaq həmişə çətindir. Belə rəqibə qarşı üstünlük qurmaq və ya çoxlu qol şansı yaratmaq asan deyil. Onların heyətində yüksək səviyyəli oyunçular var – bunu bir daha sübut etdilər, elə buna görə də hesab 4:0 oldu.
- "Sabah" ötən mövsümlə müqayisədə bu daha da güclü, qarşısıalınmazdır?
- Əminəm ki, "Sabah" yenə çempion olacaq. Onlar digər komandalardan tamamilə fərqli səviyyədədirlər.
- Əslində, "Qəbələ"nin heyəti pis görünmür. Bəs nəyə görə nəticə qazanmaq alınmır?
- Fikrimcə, fərdi planda yaxşı oyunçularımız var. Azərbaycan çempionatı çətindir və yeni gələn futbolçuların buraya uyğunlaşması heç də asan deyil. Mövsümün gedişində baş məşqçinin və oyun sisteminin dəyişməsi bəzən çətinlik yarada bilər, amma bu, bəhanə ola bilməz. Biz, futbolçular, daha yaxşısını etməliyik. Futbol anlardan və özünəinamdan ibarətdir. Biz ən yaxşı oyunumuzu tapmaq üzərində çalışırıq və komanda tam uyğunlaşdıqdan sonra hər şeyin daha yaxşı olacağına əminəm. Mövsüm qısa məsafəli qaçış deyil, marafondur!
- Görünən budur ki, yeni baş məşqçi də nəyisə dəyişə bilmir. Baxmayaraq ki, o, qısa müddətdir gəlib...
- Mövsümün ortasında komandaya rəhbərlik etmək heç bir məşqçi üçün asan deyil. Lakin yeni baş məşqçimiz yaxşı ideyalarla gəlib. O, hər birimizdən maksimum yararlanmağa və güclü bir kollektiv formalaşdırmağa çalışır. İnanıram ki, tam uyğunlaşdıqdan sonra daha yaxşı nəticələr əldə edəcəyik.
- "Qəbələ"nin stabil olaraq uğurlu çıxış etməsi üçün nə lazımdır? Çatışmayan əsas nədir, hansısa problem var?
- Düşünürəm ki, biz ehtirasla, ürəklə və çox çalışaraq vahid bir komanda kimi çıxış etməliyik. Əsas məsələ budur.
- Növbəti turda rəqibiniz "Araz-Naxçıvan"dır. Onlar bu mövsüm qələbə qazana bilməyib və sonuncu pillədədir. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- Bu liqada hər şey ola bilər, hər bir komanda hörmətə layiqdir. "Araz-Naxçıvan" çətin dövrdən keçir, amma onlar da bizim kimi bu vəziyyətdən çıxmağa çalışırlar. Bu, bizim üçün çox vacib oyundur.
- "Şamaxı"da daim qol vururdun, daha çox effektivlik göstərirdin, oyuna çox təsir edə bilirdin. "Qəbələ"də bunun baş verməsi üçün zamana ehtiyac duyursan, yoxsa "Qəbələ"də xoşbəxt deyilsən?
- “Qəbələ”də özümü xoşbəxt hiss edirəm. Ümid edirəm ki, bu həftəsonu tam hazır olacam. "Şamaxı"dakı kimi çıxış etmək üçün çox çalışıram. Hücumçuların performansı ətrafındakı oyunçulardan çox asılıdır. Əminəm ki, Rafael Utziq ilə yaxşı tandem qura biləcəyik. İnşallah. Düşünürəm ki, zaman keçdikcə vəziyyət yaxşılaşacaq və Kərim Rossinin ən yaxşı tərəflərini hələ qarşıda görəcəksiniz.
Mirbağırağa
