"Qəbələ"nin kapitanı: "Daha 2-3 il oynamaq istəyirəm"

22:32 - 11 May 2022

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Qəbələ"nin ən yaxşılarından biri Asif Məmmədovdur. 35 yaşlı yarımmüdafiəçi cari mövsümdə "qırmızı-qaralar"ın heyətində 26 matçda meydana çıxıb və 2 qol, 5 məhsuldar ötürmə ilə komandasının uğurlu çıxışında pay sahibi olub.

 

Təcrübəli futbolçunun növbəti mövsümdə "Qəbələ"də qalıb-qalmayacağı ilə maraqlandıq. Sportal.az-a açıqlama verən Asif Məmmədov karyerasını bitirmək fikri olmadığını bildirib:

 

"Yeni müqavilə ilə bağlı danışığımız olmayıb. Amma hələ ki, karyeramı bitirmək istəmirəm. Çempionatda 20 oyunda əsas heyətdə meydana çıxıramsa, əksər matçlarda 90 dəqiqə meydanda qalıramsa, niyə karyeramı bitirim? Həmişə demişəm, yenə də deyirəm, mən futboldan həzz alıram, futbolla yaşayıram, futbolla istirahət edirəm. Maddi tərəfi fikirləşmirəm, indiki yaşımda pul məni maraqlandırmır, futbolda qalmaq istəyirəm. Futbolsuz qala bilmərəm, çox darıxaram.

 

Komandada saxlasalar, qalacağam, saxlamasalar da, yəqin ki, yenə futbolun içində qalacağam. Futbol mənim həyatımın bir hissəsidir. Hansısa bir iş məsləhət görülsə, orada çalışacağam. Hazırda başqa klublardan təklifim yoxdur. Karyeramı davam etdirsəm, "Qəbələ"də qalacağam. Bu yaşda inanmıram ki, hansısa klub məni futbolçu kimi dəvət eləsin. Amma karyeramı davam etdirmək istəyirəm. Ən azı 1 il, alınsa, daha 2-3 il futbol oynamaq istəyirəm".

Xəbər xətti