Bu gün Region Liqasında qalib müəyyənləşəcək.
Sportal.az xəbər verir ki, Şamaxıda keçiriləcək matçda "Cəbrayıl" "Xan Lənkəran"la üz-üzə gələcək.
Əslində, finalda "Xan Lənkəran" yox, "Araz Naxçıvan" oynamalı idi. Amma Naxçıvan təmsilçisinin protokol qaydalarını pozmasına görə finala adlayan komanda "Xan Lənkəran" oldu. Cənub təmsilçisinin qapıçısı Orxan Sadıqlı saytımıza açıqlamasında komandanın bu xəbəri necə qarşıladığını və finaldakı məqsədlərindən söz açıb:
"Yarımfinalda uduzsaq belə, bu gün finaldayıq. Düzdü, bizim üçün sürpriz oldu. Həyat sürprizlərlə doludu. Yarımfinalda göstərdiyimiz oyun bizim oyun deyildi. Potensialımızdan qat-qat aşağı oynadıq. Həmin məğlubiyyətdən sonra özümüzlə barışa bilmirdik, əhval-ruhiyyəmiz çox pis idi, hərə öz otağına çəkilmişdi, heç kim çölə çıxa bilmirdi. İndi finaldayıq və biz də layiqli qələbə qazanmağa çalışacağıq. "Araz Naxçıvan"la matçdan sonra komandanı istirahətə buraxmışdılar. Amma dərhal bizə xəbər verdilər və hamı sevindi, bir-birini təbrik etdi. Lənkəranda toplaşdıq, hazırlığa başladıq.
Final görüşü barədə nə deyim? Hər şey öz əlimizdədi. "Cəbrayıl"ı da izləmişik, məşqçilər onları analiz edib. Biz finalda ən yaxşısını etməyə çalışacağıq. Meydana qələbə üçün çıxacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma onlardan çəkinmirik. Maksimum gücümüzü meydanda qoyacağıq ki, qalib gələk. Çempion olmağa köklənmişik".
Sadıqlı, komandasının birinci divizionda oynamaq ehtimalını da dəyərləndirib: "Biz yığılanda da gələcəyə addım-addım getməyi planlaşdırırdıq. Region Liqasında çempion olmaq istəyirdik. İndi belə bir imkan var, bunu edə bilərik. "Cəbrayıl"la matçda nəticəni xeyrimizə edək, birinci divizion məsələsinə daha sonra baxılacaq. Hazırda yalnız final barədə düşünürük. Çempion olaq, ondan sonrakı günlərdə divizion haqda danışmaq mümkündü".