"Sumqayıt" AFFA-dan xəbər gözləyir AKTUAL

17:20 - 20 May 2022

Yarandığı gündən bəri Premyer Liqada digər komandalarla qeyri-bərabər şərtlər altında mübarizə aparan “Sumqayıt” klubu strategiyasını dəyişmək istəyir. Məsələ kluba qoyulan qeyri-rəsmi legioner qadağasıdır. Hələ ötən mövsümün ərəfəsində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev AFFA rəhbərliyi qarşısında bu məsələni qaldırsa da, dəyişikliyə nail ola bilməmişdi.

 

“Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya vəsiqə qazanmasından sonra yerli futbolçu tapmaq daha aktual problemə çevrilib. Sportal.az-ın əldə etdiyi məlumata görə, Rəfiyev məhz bunu əsas götürərək, “Sumqayıt”a legioner gətirməyə qoyulan qadağanın aradan qaldırılması üçün növbəti dəfə AFFA-ya müraciət edib. Hələ ki, qarşı tərəfdən heç bir reaksiya yoxdur.

 

Sumqayıtlı azarkeşlər də bu qadağadan narazılıqlarını dəfələrlə dilə gətiriblər. “Sumqayıt”ın belaruslu baş məşqçisi Aleksey Baqa da yerlilərlə işləməkdə böyük perspektiv görmür. Bir sözlə, bütün Sumqayıt AFFA-dan xəbər gözləyir.

Xəbər xətti