"Zubir Azərbaycanda xoşbəxtdir və uzun illər Bakıda qalmaq niyyətindədir"

11:17 - 7 Noyabr 2022

Ötən mövsümü Azərbaycan birinci divizionunda yarışan "Zaqatala"da keçirmiş Tarek Zubir komandada qalası olmadı və Fransaya yollandı. "Qarabağ"ın aparıcı üzvü Abdellah Zubirin kiçik qardaşı olan Tarek Sportal.az saytına müsahibə verib. O, Azərbaycanda qalmaması barədə danışıb.

- Mövsümə “Zaqatala”da başlayacağın gözlənilsə də, bu, baş vermədi. Komandada niyə qalmadın?
- Bəli, belə olmalıydı. Amma həm peşəkar, həm də şəxsi səbəblərə görə “Zaqatala”da qalmağım mümkün olmadı. Nəticədə oradan ayrıldım.

- Azərbaycan birinci divizionunda bir neçə oyuna çıxmışdın. Divizionun səviyyəsi necə idi?
- Öncə, öz komandam haqda danışmaq istəyirəm. "Zaqatala" çox yaxşı komandadır. Orada mehriban kollektiv qurulub. Həqiqətən də bu komandanı yüksək dəyərləndirirəm. Qala da bilərdim. Amma dediyim kimi, şəxsi səbəblərə görə, bu, baş vermədi. Birinci divizionun da maraqlı olduğunu deməliyəm. Yaxşı mübarizə, rəqabət gedir.

- Komandanı bu qədər bəyənirdinizsə, qalmağınız heç cürə mümkün deyildi?
- Mən hazırda Parisdəyəm. Özümə yeni komanda tapmışam və işlərim də qaydasında gedir.

- Azərbaycan Premyer Liqasından təklifin olsaydı, qalacaqdın?
- Mən, bir il də komandamda qalmalıydım. Amma sonda tərk etməli oldum. Çünki burada ailəvi məsələlər öz təsirini göstərdi. Həm də peşəkar səbəblərə görə orada qala bilmirdim.

- Çoxları düşünürdü ki, sənin Azərbaycana gəlişin Abdellah üçün də yaxşıdı. Amma sən artıq Azərbaycandan ayrılmısan. Bu, Abdullaha necə təsir edəcək?
- Onsuzda, Abdullah özünü Azərbaycanda çox yaxşı hiss edirdi. Doğrudu, mən gələndən sonra birlikdə olurduq, vaxtımızı birlikdə keçirirdik. Amma düşünürəm ki, mənim oradan ayrılmağın heç bir təsir etməyəcək. Çünki o, Azərbaycanda xoşbəxtdir və uzun illər Bakıda qalmaq niyyətindədir.

- Azərbaycan futbolu ümumilikdə xatirində necə qaldı?
- Həqiqətən də maraqlı liqadı. Özü də çempionat inkişaf edir, güclü futbolçular, komandalar var. “Qarabağ”ın da avrokuboklardakı çıxışını hamı görür. Olduqca güclü oyun sərgiləyirlər, uğurlu nəticələr qazanırlar. İnanıram ki, onlar buna davam edəcək.

Mirbağırağa

Xəbər xətti