"Redon Cica əla futbolçudur, "Qarabağ"da uğurlu olacağına inanıram" - MÜSAHİBƏ

16:35 - 1 Aprel 2023

"Turan Tovuz"un albaniyalı legioneri Belajdi Pusi Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt"la matçda məğlub oldunuz. Nəyə görə xalsız qaldınız?

- Bəli, ilk yarıda 2:1 hesabı ilə qalib gəlirdik. Hesabı qorumalıydıq. Amma futbolda bu cür hallar baş verib. Yol verdiyimiz səhvlərdən nəticə çıxarmalı və növbəti matçı gözləməliyik. "Sumqayıt"a qarşı görüş artıq geridə qaldı. Hər oyuna qələbə üçün çıxırıq. Lakin futbolda sürprizlər də baş verir. İstənilən halda, biz işləməyə davam edirik. İşimizi daha da yaxşı yerinə yetirməliyik.

- Öz performansındanrazı qaldın?

- "Sumqayıt"la matçda Natan Oduvaya məhsuldar etməyi bacardım. Amma mən daha da yaxşısını edə bilərəm. Təkmilləşmək üçün həmişə özümü tənqid edirəm. Heç vaxt arxayınlaşmıram.

- Komanda hazırda altıncı pillədədir. Növbəti turda da "Şamaxı" ilə qarşılaşacaqsınız. Hazırkı mövqedə qalmaq üçün qalib gəlməlisiniz...

- Biz oyunlardan xallar götürməliyik. Mövsümün sonunda isə turnir cədvəlinin hansı pilləsində olacağımızı görəcəyik. Yaxşı komandamız var. Heç bir komandanı qiymətləndirməmək olmaz. Çünki hər oyun çətindir. Amma "Şamaxı" ilə görüşdə qələbə qazanmağa çalışacağıq.

- Qışdan fasiləsindən bu yana Azərbaycan çempionatının oyunlarına çıxırsan. Albaniya və Azərbaycan çempionatları arasında hansı fərq görürsən?

- Albaniya və Azərbaycan çempionatlarında oxşar detallar çoxdur. Sadəcə buradakı oyunların daha sürətli olduğunu deyə bilərəm. Ümumilikdə isə dediyim kimi, oxşar vəziyyətlər çoxdur. 

- Hazırda Premyer Liqada cəmi iki albaniyalı futbolçu var. Biri sənsən, digəri "Qarabağ"ın futbolçusu Redon Cica. Onunla münasibətin var?
- Redon Cica ilə yaxşı münasibətimiz var, dostluq edirik. Tez-tez onunla danışırıq. Bakıda olanda isə görüşürük. Redon çox yaxşı oğlandır. Həm də əla futbolçudur. Ona “Qarabağ”da uğurlar arzu edirəm. Uğurlu olacağına inanıram.

- "Turan Tovuz" ölkə kubokunun yarımfinalında "Neftçi" ilə qarşılaşacaq. Necə düşünürsən, komandanın kuboku qazanmaq şansı var?

- “Neftçi”yə qarşı oyun çətin keçəcək. Amma biz uğurlu nəticə üçün oynayacağıq. Çünki mümkünsüz heç nə yoxdur. Ən yaxşısını edəcəyik. Hər şey ola bilər.

Elçin Əlixan

Xəbər xətti