15 və 16 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib.
- U-15 yığmasının toplanışı keçirildi. Necə alındı?
- Üç gün bizimlə birlikdə oldular. U-15 və U-16 yaş qruplarını ikiyə bölməliydik. U-16 yaş qrupunu ikiyə bölmüşük. Buna səbəb nə idi? Çünki onların çempionatında pley-off matçları davam edir. Ona görə də, biz onları bir qrupa bölüb, seleksiya etdik. 28 futbolçu dəvət etmişdik. Yaş qrupu olaraq, sözün açığı, o qədər də istədiyimizi ala bilmədik. Bəzi uşaqlar üçün millidə ilk toplanış idi. Amma həmin yaş qrupunda, digərlərinə baxanda sıxıntı olduğu göründü. İnanıram ki, gələcəkdə daha da inkişaf edərlər, həmin komandadan istədiyimizi ala bilərik. Amma ilk seleksiya toplanışı üçün qane olmadım. Ola bilər ki, uşaqların bir çoxları da məşqsiz idi. Çempionatda pley-off oynamayan, iştirakını daha tez başa vuran komandalar var ki, onlar bir aya yaxındır məşq etmirlər. Dediyim məsələləri onunla da bağlayıram. Amma Avropa seçmələrinə qədər hələ vaxt var. İnanıram ki, həmin yaş qrupu inkişaf edəcək.
- U-15 yığmasında futbolçu seçimi ilə bağlı sıxıntının olmasının səbəbini nədə görürsüz?
- Çox şeyləri sadalamaq olar. Dəfələrlə demişəm ki, tam komanda formalaşanda belə, biz 4-5 gün birlikdə oluruq və bu müddət ərzində futbolçulara çox şey verə bilmirik. Komanda formalaşanda, daha çox taktika üzərində dayana bilirik. Vaxtımız ancaq buna yetir. Təməl məsələsində çalışa bilmirik. Hər şey klubda olur. Sıxıntılar çoxdur. Bu geniş mövzudur. Çox istəyərdim ki, bunu kompleks şəkildə düşünək. Heç vaxt məsələyə bir tərəfdən baxmıram. Ki, məsələn, bu futbolçu nəyə görə belədir? Səbəblərini araşdırmaq lazımdır. Avropanı götürək, uşaq komandaları hər ölkədə turnirlərdə iştirak edirlər, o ölkədən buna, bundan o birinə keçə-keçə turnirlər oynayırlar. Avropada belə klublar çoxdur. Azərbaycanda isə barmaqla sayılası qədər klublarımız var ki, turnirlərə qatılırlar. Təbii ki, bir tərəfdən sevindiricidir. Amma bu say azdır. Maliyyə ilə bağlı olan məsələlərdir. Klublar var ki, maliyyə bunu etməyə imkan vermir. Uşaqlar kənara çıxanda, turnirlərdə iştirak edəndə, təzyiq altında oynayanda daha çox inkişaf edirlər. Kimsə deyirsə ki, Azərbaycanda futbolu yoxdur, problemdir, mən onunla heç vaxt razılaşmamışam. Misal da çəkə bilərəm. 2005-ci il təvəllüdlülərin yığmasının potensialı böyük olub, yaxşı futbolçularımız var idi. Ancaq sonda gördük ki, Avropaya gedə blmədik.
- U-19 yığmasında baş məşqçi kimi çalışmısız. Həmin futbolçulardan gələcəyi böyük perspektiv vəd edənlər var?
- Bu komanda haqda federasiya rəsmiləri ilə dəfələrlə danışmışıq. Çox istedadlı yaş qrupudur. Avropa seçmələrinə gedənə qədər mən o komandadan çox razı qalmışam. Avropa seçmələrində istədiyimiz nəticələri ala bilməsək də, bunun səbəbləri var idi. Futbol ictimaiyyəti də bilir. Hərbi xidmətə yollananlar oldu, yerli pasport ala bilməyənlər də var idi. Valideynləri azərbaycanlı olan futbolçuya pasport ala bilmədik. Avropa seçmələrinə isə çox futbolçu gedə bilmədi. Sevindirici tərəfi odur ki, başa çatan mövsümdə Premyer Liqada Şahin Şahniyarov, Eşqin Əhmədov, Rüfət Abbasov, Xəyal Fərzullayev kimi oyunçular meydanda idi. U-21 yığmamızın son toplanışına 2005-ci il təvəllüdlü 4 futbolçu dəvət edilmişdi. Samir Əliyev sağolsun, yaxından izləyir, münasibətimiz var, mütəmadi olaraq danışırıq. Çox istəyərdim ki, bu yaş qrupunu itirməyək. Hərbi xidmətə gedənlər qayıtsaydı, pasportu olmayanların məsələsini həll etsəydik, bu komanda U-21 və A milli üçün çox faydalı yaş qrupu olardı. Çox istəyərdim ki, bu komanda əlimizdən çıxmasın. 2009-cu il təvəllüdlülərin yaş qrupu da talant qrupdur. Bu yaş qrupundan iki komanda formalaşdırmaq olar. Geniş heyət formalaşdırmaq mümkündür. 2004-dən 2009-cu il təvəllüdlü yaş qruplarının hamısını tanıyıram. Ona görə deyirəm ki, 2005 və 2009-cu il təvəllüdlü uşaqların yaş qrupu istedadlıdır. Digərlərində də istedadlılar var. Sadəcə qeyd etdiyim yığmalarda keyfiyyətli oyunçular çoxdur. 2005-ci il təvəllüdlü yığmanın uşaqlarını əldən buraxmağımız gələcək üçün yaxşı olmaz. Həmin futbolçuları itirməməliyik. Klublarımızın bəziləri həmin oyunçuları heyətinə qatıb. Oyunçuları U-21 yığmasında, əsas liqada görəndə sevinirəm, qürurlanıram. Çünki üç ildən çox onlarla birlikdə işləmişik. Yığma səviyyəsində Avropa seçmələrində oynadığımız heç bir oyunda rəqibdən futbol baxımından geri qalmamışıq. Taktiki, futbolçu bacarığından belə olub. Futbolçular var, sadəcə məşqçi kimi onlara dəyər verməliyik. Futbolçu mənim üçün hər zaman dəyərli olub, öz övladım qədər sevmişəm.
- Hazırkı U-15 yığmasında gələcəyə ümid verən oyunçular var?
- Biz bu yaş qrupunu iki yerə bölə bilmədik. Futbolçular var. Hər zaman hər şeyə pozitiv baxıram. Daha çox inkişaf edəcəklərinə inanıram. Bu yaş qrupu birdən-birə 11 11-ə oynamağa keçən komandadır. Bu sıxıntıları onda yaşayırlar. Ümid edirəm ki, onlar böyüdükcə biz də onlardan istədiyimizi alacağıq. Müəyyən səbəblər ola bilər ki, futbolçular özlərini tam yaxşı tərəfdən göstərə bilmir. İlk dəfə yığmaya dəvət edilirlər, istər-istəməz stress, narahatlıq, gərginlik olur. Onlarda bədən də tam formalaşmayıb. Yavaş-yavaş hər şey qaydasına düşdükcə, onlar da Azərbaycan futbolçu üçün faydalı olacaqlar.
- Bir-iki klubumuzu çıxmaq şərtilə, aşağı yaş qruplarından ibarət komandaları xaricə turnirlərə göndərənlər yoxdur. U-15 və ya U-16 yığmasının qarşıda hansısa turnirdə iştirakı gözlənilir?
- Milli olaraq biz bu yöndə sıxıntı yaşamamışıq. Federasiya tərəfindən lazımı işlər görülür. Turnirlər, hazırlıq matçları keçirmişik. AFFA üzərinə düşəni edir. Klublarda maliyyə çatışmazlıqları olur deyə, istədiklərini edə bilmirlər. Lakin federasiya tərəfdən, ötən il, bu il, həmişə yığma olaraq istədiyimiz qədər oyunlar oynaya bilirik.
Mirbağırağa
saytlarin hazirlanmasi