"Qarabağ" braziliyalı ilə neçə illik müqavilə imzalayacaq? - SON DƏQİQƏ

16:10 - 20 İyun 2024

"Qarabağ"la "Krasnodar" arasında gedən danışıqlar son mərhələdədir.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Kadi Borges, böyük ehtimalla, ən qısa müddətdə Azərbaycana təşrif buyuracaq.

Braziliyalı vinger köhnə-yeni klubu ilə müqaviləyə imza atacaq və təlim-məşq toplanışının ilk mərhələsində iştirak edəcək. "Sambaçı"nın "köhlən atlar"la anlaşması 3 illik nəzərdə tutulub.

Rusiya klubu Azərbaycan çempionundan aldığı rəsmi təklifi dəyərləndirmək üzrədir.

Yerli premyerliqa təmsilçisi braziliyalı vingeri müəyyən təzminat qarşılığında buraxmağa hazırdır. Həmin məbləğ isə 1-1,2 milyon avro civarındadır.

"Krasnodar" 2023-cü ilin yanvarında 5 milyon avro qarşılığında sıralarına qatdığı "sambaçı"nın son satış qiymətini bu qədər müəyyənləşdirib.

Hərçənd "köhlən atlar" Kadinin dönüşünü daha aşağı rəqəmə gerçəkləşdirməyə çalışır.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti