Tanınmış mütəxəssis "Səbail"lə görüşdən sonra komandasının oyunundan narazılıq edib. Baxmayaraq ki, "Turan Tovuz" liderdir, qələbələri sıralayır. Ardıcıl dörd qələbə Tovuzun dörd bir tərəfindən olan azarkeşləri klub ətrafında birləşdirib.
Hamı sevinir, Kurban Berdıyev isə qayğılıdır. Çünki futbolun gəlişini-gedişini bilən adamdır. Yaxşı başa düşür ki, bu gün qələbə qazanır alqışlayırlar, bir-iki məğlubiyyətdən sonra fitə də basıla bilər. Ona görə də, çatışmazlıqlar üzərində düşünür, onları aradan qaldırmaq istəyir.
Kurban Berdıyevi narahat eləyən məsələ komandanın hesabda önə çıxandan sonra dərin müdafiəyə oturmasıdır. "Sumqayıt"la oyunda da belə olmuşdu, "Səbail"lə görüşdə də eyni hal yaşanıb. Bir tərəfdən baxanda, "Turan Tovuz" həmin oyunlarda nəinki qapısında qol görməyib, rəqiblərin heç çərçivə istiqamətinə ciddi təhlükə yaradan zərbəsi belə olmayıb.
Lakin Kurban Bekiyeviç yaxşı başa düşür ki, bu cür oyunla hər dəfə hesabı saxlamaq mümkün olmayacaq. Berdıyevin komandaları həmişə etibarlı müdafiə xətti ilə seçiliblər. "Turan Tovuz" da bunu yaxşı edir. Qol da buraxmırlar, rəqiblərə demək olar ki, qol epizodları da vermirlər. Amma Berdıyev müdafiənin daha yuxarı zonada qurulmasını, hücuma hücumla cavab verməyi tələb edir.
Berdıyevin tələbkarlığı onu uğurlu edən əsas şərtlərdəndir. Nəticə qazanmaq üçün hər detala həssas yanaşır. Hətta qələbə qazandıqları oyunlardan sonra da narazılığını dilə gətirir. Futbolçular da başa düşür ki, Berdıyevin tələbləri böyükdür. Təcrübəli mütəxəssis hədəflərə uyğun tələblər qoyur.
Həmid
saytlarin hazirlanmasi