Yon Dal Tomasson: "Nəticədən razıyam"

22:41 - 5 Sentyabr 2024

İsveç milli komandası UEFA Millətlər Liqasının ilk turunda səfərdə Azərbaycan ylığmasını 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Yon Dal Tomasson matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Bunu müdafiədə yaxşı oynayan komandaya qarşı etdik. Açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan. İlk hissədə önə doğru vertikal paslar verirdik, amma arxası gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur.

- Müdafiə xəttinin çıxışından razı qaldız? Azərbaycan millisi qapınız qarşısında xeyli epizod yaratdı...

- Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdi. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu.

- Millinin qolkiperi  növbəti oyunlarda da start heyətində yer alacaq?

- Bəli.

- Fernandu Santuşun komandasında nəyi bəyəndiniz?

- Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir. 

- İstifadə edilməyən penalti matçın qırılma nöqtəsi oldu?

- Əla qurtarış idi. Dönüş nöqtəsi idi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq.

- Millinin müdafiəçisi Duqlas səhvlər etdi. Bu səhvlərin səbəbi sistemlə bağlıdır, yoxsa oyunçuların fərdi keyfiyyəti ilə ?

- Duqlas yaxşı çıxış etdi. Müdafiə prinsipləri futbolun istənilən nöqtəsində eynidir. Epizoda gecikməməlisən və cərimə meydançasında sənə yaxın olan oyunçuya yaxın olmalısan.

- İsveç millisi son olaraq Bakıda 3:0 hesabı ilə uduzmuşdu. Yəqin ki, həmin oyuna baxmışdınız. Həminki və indiki millinin müqayisə etsəydiniz, nələri qeyd edərdiz?

- Az-çox eyni oyunçular əsas heyətdə yer alırdı. Qapıçınız fərqli idi. Bu futbolçular birlikdə oynayırlar. Bu komandaya qarşı rəqib meydanında oynamaq çox çətindir. Ona görə də deyirəm ki, performansımızdan razı qaldım. Özü də nə qədər qol epizodları yaratdıq.

Mirbağırağa

Xəbər xətti