İsveçdə məşqçi kimi fəaliyyət göstərən Valeh Qafarov Sportal.az saytına müsahibə verib. Vaxtı ilə “Örebro” klubunda çalışmış həmyerlimiz son illəri İsveçdə qadın futbolunda işləyir. O, "Karlsrund"un məşqçisidir. Qafarov əməkdaşımızla söhbətində qadın futbolunu və ümumilikdə futbolun ölkəmizdə necə inkişaf etdirməyin yollarından danışıb.
- Komandanız üçüncü liqada medalçılar sırasına düşə bildi. Mövsüm sizin üçün necə alındı? Çempionluq uğrunda mübarizə aparırdınız, yoxsa çempionluğu qazanmaq çətin idi?
- Mövsüm həqiqətən də yaxşı alındı. ev oyunlarında heç bir oyunda uduzmadıq. Biz hətta liqanın çempionu olan "Vasteras"ı evdə 3:0, səfərdə 2:1 udduq. Mövsümdən əvvəl komandanın qarşısına qoyulan məqsəd üçlükdə yer almaq idi. Bunu da bacardıq.
- Yeni sezondan sizi ikinci liqada mübarizə aparacaqsız, yoxsa birbaşa daha üst liqada oynamaq istəyirsiz?
- İkinci divizionda komandaların sayını artırmaq istəyirlər və o zaman üçüncü divizionda ilk üç yeri tutmuş klublar da avtomatik üst liqaya vəsiqə qazanacaq. Belədə bizim ikinci liqada oynamaq şansımız artır. Komandamızın futbolçuları 16-22 yaş arasındadır. Çox gənc komandayıq. Qızların arasında hətta əvvəllər İsveçin aşağı yaş qruplarında oynamışlar da var. Məqsədimiz düzgün, səbirli, gözəl futbol oynayan komanda qurmaqdır. Bundan da yaxşı nəticələrimiz olacaq.
- İsveç qadın futbolunda üst yerlərdən birini tutur və Azərbaycan qadın futbolunu çox qabaqladığını düşünmək olar. Ümumiyyətlə, hansı fərqləri qeyd edərdiniz?
- İsveç qadın futbolunda dünya reytiqində 5-ci yerdədir. Təəssüflər olsun ki, iki ölkənin qadın futbolu arasında fərq çoxdur. İsveçdə 6 yaşdan qızlar futbol oynamağa başlayırlar və futbol klublarında hər cür şərait var. İsveçdə futbol gimnaziyaları da fəaliyyət göstərir. Yeniyetmə qızlara həmin gimnaziyada adi dərs fənlərindən əlavə futbol dərsləri də keçirilir. Həm nəzərə, həm də praktiki məşqlər olur. Konkret desək, hər bir futbolçunun oynadığı mövqelərə aid dərslər belə, var. Bu gimnaziyalarda həm oğlan, həm də qız futbolçuları təhsil alırlar. Bu da onlara çox sayda, uzun müddət oynamağa hazır olan futbolçular və ən əsası da yaxşı futbolçular yetişdirməsinə kömək edir. Səhər gimnaziyada futbol, axşam isə komandada məşqlər keçirilir. Çox istəyərdim ki, İsveçdəki kimi futbol gimnaziyaları Azərbaycanda da çox olsun. Futbol məktəblərində dərs keçən müəllimlər arasında keçmişdə peşəkar futbol oynamışlar da var. Bu gün bir çox keçmiş yaxşı futbolçularımız təəssüflər olsun ki, futbol klublarında yoxdur. Amma ürəkləri futbolla döyünür, həmişə Azərbaycan futboluna kömək etməyə hazırdırlar. Düşünürəm ki, futbol məktəb və gimnaziyaların sayı çox olsa, keçmiş futbolçularımız da yenidən futbolda olar və ən azından bizim yeniyetmə oğlan, qızlar futbolun sirlərini öyrənər. Azərbaycanda futbolun səviyyəsinin artması üçün futbol adamları yumruq kimi birləşməli, öz ideyaları və təcrübələri ilə kömək etməlidir. Məhz o zaman bizim futbol dirçəlməyə başlayacaq.
- Maraqlıdır, "Karlslund"la bağlı hansı planlar var? Komandanın qarşısına qoyduğu əsas hədəflər nədir?
- Keçən həftə axırıncı oyundan sonra komandaya iki həftəlik istirahət verdik. Klubumuzun bütün yaş qruplarından ibarət qız komandaları var. Rəhbərliyin, klubun məqsədi bacardığımız qədər çox, bacardığımız qədər uzunmüddətli və yaxşı futbolçular yetişdirməkdir. Yeni sezona hazırlıq haqda planlar qurulacaq, amma bir neçə yoldaşlıq görüşü keçirmək üçün İngiltərə də planda var.
- Azərbaycanın qadın millisi qısa zamanda heç də pis nəticələr göstərmədi. Kənardan Azərbaycan millisi necə görünür? Daxili çempionatın səviyyəsi o qədər yaxşı olmasa da, millidəki qızlar legioner həyatı yaşayır və onlar millini pley-off mərhələsinə çıxarıb...
- Həqiqətən Azərbaycan millisi C divizionundan B diviziona keçməklə böyük nəticə göstərdi. Bu da milli komandada məşqçilərin, bizim futbolçu qızların gözəl işi və zəhmətidir. Qızlarımızın legioner həyatı yaşaması çox vacibdir və bu onlara peşəkar futbolçu kimi böyüməkdə çox kömək edir. Təəssüflər olsun ki, bizim çempionatın aşağı səviyyədədir və hətta bəzi oyunlarda səhv etmirəmsə, bir komanda 40-50 qol da vurur. Belə olmamalıdır. Artıq Azərbaycanda bir çox qızların futbola həvəsi çoxalıb, futbol oynamağa başlayıblar. Bu çox sevindirici və alqışalayiqdir. Çox istəyərdim ki, Azərbaycanda qadın futbolunda şərait, çempionat, futbolçuların şəraiti, onlara diqqət artsın. Həm maddi, həm mənəvi mənada deyirəm. Klubların sayı da artsa, yaxşı səviyyədə legioner qızlar dəvət olunsa, yaxşıdır. O zaman çempionatımız da inkişaf edəcək. Diqqət olmasa, sabaha saxlasaq, o zaman bu günümüzə şükür edəcəyik. Nəticələr bundan da pis olacaq. Avropada qadın futbolu çox sürətlə artır, biz Azərbaycanı yaxşı təmsil etmək üçün onlardan geri qalmamalayıq.
- Şəxsi hədəfləriniz arasında Azərbaycanın qadın millisində işləmək var?
- Xaricdə yaşasam da, Azərbaycan hər zaman ürəyimdədir və ölkəmizi azərbaycanlı kimi hər yerdə yaxşı tərəfdən göstərməyə çalışmışam. Əlbəttə ki, İsveçdə qadın futbolunda qazandığım təcrübəni və biliyimi azərbaycanlı futbolçu qızlarla bölüşməyə hazıram. Bu işdə mənə heç bir tərcüməçi də lazım olmayacaq. Çünki mən azərbaycanlıyam. Hamıya uğurlar arzulayıram.
Mirbağırağa