"Şamaxı" Misli Premyer Liqasının 8-ci turunda doğma meydanda "Kəpəz"ə 1:4 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq da, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik. Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədələr var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var.
- Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?
- Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. "Kəpəz"in oyunçuları var ki, rəqib hücumçuları özündən çıxarmağı bacarır. Onlardan biri Dioqo Verdaşkadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir.
- "Şamaxı" "Kəpəz"ə nədə məğlub oldu?
- Bu gün rəqibdə hər şey alındı. Bizdən istəkli olduqlarını da demək lazımdır. İlk 20 dəqiqədə oynadığımız oyunu saxlamaq lazım idi. Qol da vurmuşduq. Bu gün əlbəttə rəqib bizdən üstün idi.
- Sizin iki həftə milli komandada olmağınızın təsiri ola bilər?
- Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, "Karvan-Yevlax"a qalib gəldik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda, oyunumuz aşağı düşür. İrəli baxmaq lazımdır.
- İki həftə ərzində üç məğlubiyyət mental olaraq sizə necə təsir edir?
- Əlbəttə çətindir. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr də olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur.
Elçin Əlixan
saytlarin hazirlanmasi