Özümüzü bildik biləli millimizi həmişə yer aldığı qruplarda aşağılarda sürünən görmüşük. Hərdənbir sensasiya eləməyi də olub yığmamızın. Böyük uğursuzluqların qarşılığında kiçik təsəlli yaşamışıq nadir qələbələr zamanı.
Əvvəllər Elxan Məmmədov "uzaqgörən siyasəti" ilə aləmi vururdu bir-birinə, camaat da düşürdü Rövnəq Abdullayevin üstünə. Sonralar xalq da ayıldı ki, ad özgənin, dad başqasınındı. Ona görə kütləvi narazılıqlar çevrildi birbaşa Elxan Məmmədova.
Amma Məmmədovun ölkə futbolundan uzaqlaşdırılmasının xalqın narazılığı ilə əlaqəsi yoxdur. Onun axırına başqa səbəblər çıxdı, daha doğrusu başqa adamlar. Hər şeyin başında iki məsələ dayanırdı - futbolu Elxan Məmmədovun monopoliyasından çıxartmaq, AFFA-nı öz əllərinə keçirmək. Lakin "çevriliş" eləyənlər gedişatı düzgün hesablaya bilmədilər və "taxt" Rövşən Nəcəfə qismət oldu.
Əvvəlki dönəmdən fərqli indi hər şey AFFA prezidenti vəzifəsini daşıyan adamlıqdır. Hər şeyi özü bərbad edib, hər şeyə görə də tənqidlər onun özünə deyilir. "İnqilabçılar" dayanıblar kənarda, hələ ki müdaxilə edə bilmirlər. Bir tərəfdən Rövşən Nəcəf onları yaxına buraxmır, o biri tərəfdən də özlərində o təpər yoxdur ki, açıq-açığına SOCAR rəhbərindən hesab sorsunlar.
Görkəmindən məsum, işə yanaşması ilə eqoist birinə bənzəyən Rövşən Nəcəf "Neftçi"dən sonra AFFA-nı da "inamla batırmaqdadır". Ölkə futbolunu əcnəbilərə bağışlamış kimi görünən bu adam arxada qalan yarım ildə heç bir ağlabatan qərarla, işlə yadda qalmayıb.
O ki qaldı bizə Estoniya məğlubiyyətini yaşadan Santuşa, tay-tuş olsaydı, bir-iki kəlmə sərt söz yazardıq. Zəifik, daha bu qədər yox da. Estoniyaya da uduzuruqsa, o zaman milli səviyyəsində oynamağa ehtiyac yoxdur. AFFA xahiş etsin, bizi müvəqqəti kənarlaşdırsınlar yığmaların yarışlarından. Rövşən Nəcəfin inkişaf strategiyası nəticə verəndə, urvatlı şəkildə qayıdıb yenidən oynayarıq.
Həmid
saytlarin hazirlanmasi