"Santuş Avropa çempionudur, Azərbaycan millisi ilə bağlı problem fərqlidir" - Portuqaliya millisinin sabiq üzvü

18:05 - 9 Dekabr 2024

Vaxtı ilə Azərbaycan Premyer Liqasında oynamış Portuqaliyanın U-21 yığmasının sabiq üzvü Antonio Semedo Sportal.az saytına açıqlama verib.

"Styaua", "Xəzər Lənkəran", ÇFR, "Eştrela Amadora" klublarında oynamış veteran hücumçu Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş barədə danışıb.

O, həmyerlisinin millimizdəki işini qiymətləndirib: 

"Fernandu Santuş Portuqaliya ilə Avropa çempionu olub. Amma Azərbaycanla bağlı problemlər fərqlidir. Azərbaycanda Portuqaliya və ya digər yüksək səviyyəli futbol ölkələrindəki kimi, keyfiyyət yoxdur. Bu da məşqçinin istənilən uğurları ardıcıl qazanmasını çətinləşdirir. Santuş müdafiə və praqmatik üslubu ilə tanınır. Bu, daha güclü heyətə malik olan komandalar üçün təsirli ola bilər. Lakin Azərbaycan üçün nə dərəcədə təsirli ola bilər, nəsə deyə bilmərəm. Azərbaycanın D liqasına düşməsindən xəbərdaram. Hər halda, bu liqadakı oyunlarda çatışmayan cəhətləri görmək daha uyğundur. Azarkeşlər üçün üzücü nəticə ola bilər. Bu da başadüşüləndir. Çünki fanatlar hər zaman komandalarınl ən yülsək yerlərdə görmək istəyir. Fernandu Santuşun D Liqasına düşməsi uğursuzluq kimi qiymətləndirilə bilər. Amma bu, həmçinin Azərbaycanın futbol sistemindəki daha dərin struktur problemlərini də göstərir. Məsələn, yerli komandaların və futbolçularına inkişafına daha çox diqqət etmək lazımdır. Bununla belə, D Liqasında oynamaq da yaxşı fürsətdir. Azərbaycan orada oynayaraq özünəinamı bərpa edəcək. Üstəlik, gənc futbolçular inkişaf edəcək, onlar diqqətini uzunmüddətli inkişafa yönəltməyə imkan tapacaqlar. Azərbaycana D Liqasında uğurlar arzulayıram".

Xəbər xətti