"Şəfa"nın baş məşqçisi 10:0-lıq qələbəni şərh etdi: "Bu cür hesab gözləmirdim" - MÜSAHİBƏ

14:22 - 21 Mart 2025

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli Sportal.az saytına müsahibə verib. İkinci Liqanın iddialılarından olan klub 46 xalla turnir cədvəlində 49 xala malik lider "Şahdağ Qusar"dan sonra ikinci pillədədir. Kərəmli komandasının 17-ci turda səfərdə "Araz-Saatlı" üzərindəki 10:0 hesablı qələbəsini də şərh edib.

- "Şəfa" son matçda "Araz-Saat"lıya 10:0 qalib gəldi. Maraqlıdır, bu hesabla qələbə qazanmağınız digər rəqiblərin üzərində də qorxu yaratmaqdır?

- Düzünü desəm, rəqibin 1 tur öncə "Şahdağ-Qusar"la oyununu nəzərə alsaq, matçın bu cür hesabla başa çatacağını gözləmirdim. Futbolçulara istənilən rəqibə çox ciddi yanaşmalarını tapşırırıq. Elə buna görə də son 4 oyunda ilk 15 dəqiqədə hesabı açan tərəf biz oluruq. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, komandam çox istəklidir. Ona görə də bəzən belə hesablar qeydə alınır. Yoxsa, rəqibimiz də yaxşı komanda idi. "Araz-Saatlı"ya növbət görüşlərdə uğurlar arzulayıram.

- Bu turda əsas rəqibiniz olan "Şahdağ-Qusar" səfərdə xal itirdi. "Şəmkir"lə görüşdə bərabərə qalmaqları sizin üçün gözlənilməz nəticə idi?

- "Şəmkir" ikinci dövrəyə itkisiz başlamışdı. Görüş də "Şahdağ-Qusar" üçün əlverişsiz meydançada keçirilirdi. Bütün bunları nəzərə alanda, çox inanırdıq ki, bu oyunda bizim istədiyimiz nəticə qeydə alınacaq. 

- Maraqlıdır ki, "Şahdağ-Qusar"dan xal alan "Şəmkir"lə növbəti turda siz qarşılaşacaqsız. "Şəmkir"in sizi dayandırmaq təhlükəsindən ehtiyat etmirsizki?

Son 4 oyuna 10 xal toplayan rəqibə qarşı əlbətlə ki, çox ciddi hazırlaşırıq. Lakin futbolçularıma çox inanıram. Buna görə də bu görüşdə qələbənin bizim tərəfdə olacğaına da inanmaq istəyirəm. 

- "Şahdağ-Qusar"la xal fərqi 3-ə düşdü. Səncə, onları qabaqlaya biləcəksiz? Yoxsa, səncə liderlik məhz bu iki komanda arasında keçiriləcək görüşdən asılı olacaq?

- Qarşıda hələ 9 tur var. Bizim məqsədimiz hər oyunda 3 xal qazanmaqdır. Lakin xallar eyni olacağı təqdirdə, vurulan və buraxılan qolların hesablanacağını nəzərə alıb aramızdakı top fərqində də rəqibdən üstün olmağa çalışmalıyıq.

- AFFA-nın qərarına əsasən yeni sezondan İkinci Liqadan Birinci Liqaya üç komanda birbaşa yüksələcək. "Şəfa"nın xal fərqinə və gücünə əsasən demək olar ki, komanda Birinci Liqaya böyük ehtimalla yüksələcək?

Nəzərə alsaq ki, 4-cü yerdəki rəqibdən 14 xal irəlidəyik, bəli, komandamız böyük ehtimalla birinci liqaya yüksələcək. Amma biz mübarizəmizə davam edirik. Sona qədər elə mövsümün sonuncu görüşünə qədər ciddiliyimizi qoruyub, qalibiyyət üçün oynayacağıq. Başqa cür ola da bilməz.

- "Şəfa" qışda bir çox transferi reallaşdırdı. Tam olaraq istədiyiniz heyəti qurub, istədiyiniz oyunu oynaya bilirsiz? Demək olar ki, qışda planlaşdırdığınız hər şey reallaşdı?

Bəli, klub rəhbərliyinin dəstəyi ilə heyəti istədiyim futbolçularla gücləndirə bildik. Yanvarda vurğulamışdım ki, yeni transferləmizi müəyyən səviyyədə öz sözünu demiş futbolçular olduğu üçün onların komandaya uyğunlaşma prosesində problem yaranmayacaq. Buna əsasən hazırda komanda istədiyimiz oyunu nümayiş etdirir. Mübarizə də davam edir. Meydana çıxdığımız hər görüşdə ən yaxşısını reallaşdırmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti