"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" "Qarabağ"la görüşə yaxşı başlasa da, sonda məğlub oldu. Səncə, komandanızın bu görüşdəki məğlubiyyətinin əsas səbəbi nə oldu?
- Oyuna yaxşı hazırlaşmışdıq. Hansı komandaya qarşı oynayacağımızı da yaxşı anlayırdıq. Çətin oyun olacağı dəqiq idi. "Qarabağ"ın futbolçularının ustalıq səviyyəsi bu oyunda uduzmağımızın əsas səbəblərindən oldu. Sona qədər mübarizə aparsaq da, istədiyimiz nəticəni əldə edə bilmədik.
- Sanki komanda bir yerdən sonra oyundan qopdu və "Qarabağ"a qarşı mübarizə aparmaq istəmədi. Qırılma nöqtəsi hansı idi?
- Biz hesabı bərabərləşdirmək istəyərkən "Qarabağ" 3-cü qolu vurdu. Bundan sonra isə planlarımız pozuldu. Yoxsa, sona qədər mübarizəmizi aparırdıq. Amma üçüncü qol planlarımızı pozdu.
- Bu sezon "Qarabağ" yalnız sizi məğlub edəə bilməmişdi və "Turan Tovuz" Ağdam klubu ilə oyunlardan 7 xal götürmüşdü. Həmin oyunlarla bu dəfəki arasında fərq nə idi?
- Düşünürəm ki, "Qarabağ" bu oyuna daha motivasiyalı çıxmışdı. Onlarla bu sezon son oyunumuz idi. Biz də qalib gəlmək istəyirdik. Ancaq onlar da bizə qalib gələrək məğlubiyyətsizlik seriyasını qırmaq istəyirdilər. Belə də, alındı. Sonda bu sezon bizi ilk dəfə məğlub etmiş oldular.
- "Turan Tovuz" artıq üç oyundur ki, evdə rəqiblərinə uduzur. Bu, azarkeşlərinizin təzyiqinə görədir, yoxsa komandada ümumi gedişat yaxşı deyil deyə, qələbə qazana bilmirsiz?
- Biz də bunun fərqindəyik. Tez bir zamanda vəziyyəti düzəltməyə çalışacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər oyunda bizə dəstək olurlar. Təbii ki, öz növbəmizdə biz də onları sevindirməliyik. Qarşıdakı görüşlərdə bunun üçün çalışacağıq.
- "Turan Tovuz" dördüncü pillədədir, amma mövsümün sonunda bu pillə sizi avrokuboklara aparmaya bilər. Premyer Liqanın lideri "Qarabağ" kuboku da qazanarsa, bu pillədən birbaşa Konfrans Liqasına yollanacaqsız. Onda belə çıxır ki, "Qarabağ"a azarkeşlik edəcəksi?
- Mövsümün sonuna qədər əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Necə olacağını zaman göstərəcək. Əlbəttə ki, mövsümü 4-cü yerdə bitirsək, kuboku bizdən yuxarı pillələrdə qərarlaşan komandalardan birinin götürməsini istəyəcəm. Ancaq dediyim kimi, biz özümüz də sona kimi oynayacağıq.
- "Turan Tovuz"un növbəti turdakı rəqibi "Səbail" olacaq. Rəqib komandda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Necə düşünürsən, səfərdə onları məğlub edə biləcəksiz? Bu sezon səfərdə onlarla 1:1 bərabərə qalmışdınız...
- Bizi çətin oyunun gözlədiyini yaxşı bilirik. Hər oyuna olduğu kimi, bu görüşdə də qələbə qazanmağa çalışacağıq. Daha yaxşı hazırlaşıb, səhvlərimizdən dərs çıxarmalıyıq. "Səbail"lə görüşdə qalibiyyət üçün oynayacağıq.
Mirbağırağa