"Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Sportal.az saytına müsahibə verib:
- "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyiniz oyunu necə dəyərləndirirsən?
- Meydana ancaq qələbə üçün çıxmışdıq. Çətin oyun idi. "Sabah" 10 nəfərlə qalandan sonra müdafiədə yaxşı oynayırdı. Şükürlər olsun ki, qələbə qazana bildik. 3 xal bizim üçün çox vacib idi. Çətin günlərdən keçdik. İnanıram ki, qələbənin davamı gələcək.
- Rəqibin azlıqda qalması oyunun qırılma nöqtəsi oldu?
- Deməzdim ki, qırmızı vərəqəyə qədər pis oynayırdıq. Rəqibin üzərində təzyiq yaradırdıq. Pressinq edirik, rəqib əks-hücumda qol vurur. Bu, sanki bizi həvəsdən salırdı. Çalışdıq ki, ayılaq. Qırmızı vərəqədən sonra bir az üstün olduq. "Sabah"ın müdafiəsi yaxşı idi. Ona görə bir az çətinlik çəkirdik.
- Baş məşqçinizin qırmızı vərəqə gördüyü epizodun baş rolunda sən idin. Orada nə baş vermişdi?
- Məncə, qayda pozuntusuna yol verməmişdim. Kurban Berdiyev ona əsəbiləşdi. Hakim ona qırmızı vərəqə verməyə də bilərdi.
- Karyerasınında ilk dəfə qırmızı vərəqə gördü...
- Bunu bilmirdim. Məncə verməmək də olardı.
- Kurban Berdiyev texniki zonada olmayanda nə düşünürdünüz?
- Onun üçün oynayırdıq. 5 oyundur qələbə qazana bilmirdik. Soyunub-geyinmə otağında atmosfer gərgin idi. Bizim üçün, azarkeşlər üçün qələbə lazım idi. Şükür, yaxşı alındı.
- Avrokuboklara vəsiqə üçün kubokun nəticəsini gözləyəcəksiz, yoxsa çempionatda 3-cü yeri tutmaq üçün hələ şans var?
- Dayanmamalıyıq. Növbəti turda "Araz-Naxçıvan"la çox vacib oyun bizi gözləyir. Mövsümün bitməsinə 6 tur qalıb, hər şey ola bilər. Hər matça qələbə üçün çıxmalıyıq.
- "Qarabağ" və ya "Araz-Naxçıvan"ın kuboku qazanmasına azarkeşlik edəcəksiz?
- Bəli, istəyirik ki, onlardan biri kuboku qazansın. Bu, bizim üçün yaxşı olar.
- Klub prezidenti Ehtiram Quliyev oyundan sonra sizi təbrik etdi?
- Bəli. Çoxdandır onu sevindirmirdik.
- Yaxşı mükafat vəd etdi?
- Şükür. Çoxdandır mükafat almırıq. Ehtiram müəllimə çox minnətdarıq. Bizim üçün hər şey edir. Gözəl baza inşa edib. İndi orada qalırıq.
- Azərbaycan pasportu aldıqdan sonra legioner limiti ləğv olundu. Belə çıxır ki, artıq yerli oyunçu statusu ilə oynamağının o qədər də əhəmiyyəti qalmadı. Sən necə düşünürsən?
- Niyə faydası olmur ki? Mən heç vaxt limiti fikirləşmirdim. Həmişə Azərbaycan millisinə dəvət almağı düşünürdüm. Bu, mənim üçün ən birinci hədəfdir. Milliyə çağırılmaq üçün çalışmaq lazımdır. İnanıram ki, şans olacaq.
- Legioner limitinin ləğvi bir azərbaycanlı futbolçu kimi səndə narahatlıq yaratmır?
- Qərar veriləndə şokda olduq. Bilmirəm, bəlkə yaxşı olacaq. Limitin ləğvindən sonra azərbaycanlı futbolçular Avropaya getmək, legioner həyatı yaşamaq istəyəcəklər. Məncə, təklif gələndə oyunçular getmək istəyəcəklər.
- Kurban Berdiyev yenə də azərbaycanlı futbolçulara şans verəcək?
- Yüz faiz verəcək. Kurban müəllim kim daha yaxşı formadadırsa, ona şans verir. Onun üçün milliyyətin fərqi yoxdur.
- "Səbail"lə oyundan sonra azarkeşlərlə futbolçular arasında insident baş vermişdi. Klub rəhbərliyi, baş məşqçi komanda ilə nə söhbət etdi?
- Azarkeşlərimiz daha səbrli olmalıdır. Veysəl Rzayev tez oyundan çıxan insandır. O da özünü saxlamalı idi. Elə etmək olmazdı. Amma orada azarkeş tərəfdən bir az lazımsız, səhv danışıq olmuşdu. Hər iki tərəf səhv etdi, azarkeşlər də, oyunçu da.
Elçin Əlixan
saytlarin hazirlanmasi