Polşanın “Radomyak” klubunun azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun bu ilin fevralından komandanın heyətində yer almamasının səbəbi məlum olub.
Sportal.az “Weszło” portalına istinadən xəbər verir ki, millimizin üzvünün oynamamasına səbəb ilkin olaraq zədə hesab edilsə də, sonradan əsas problem dəqiqləşib.
Belə ki, zədəsini sağaldan Məmmədov Azərbaycan millisinə dəvət edilib. O, millinin düşərgəsindən Renat Dadaşovdan fərqli olaraq, bir gün gec qayıdıb. Təcrübəli stoper gecikməsi ilə bağlı xəbərdarlıq etməyib və bu, baş məşqçi Joau Enrikeşin xoşuna gəlməyib.
Portuqaliyalı mütəxəssis buna görə Məmmədovu cəzalandırıb. Rahilin mövsümün sonunda “Radomyak”dan ayrılacağı gözlənilir.