"Zirə" "Hayduk"u, "Araz-Naxçıvan" "Aris"i keçsə, mənim üçün sensasiya sayılmayacaq"

13:48 - 23 İyul 2025

Azərbaycanlı futbol məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlama verib.

Təcrübəli mütəxəssis Konfrans Liqasında iştirak edəcək "Araz-Naxçıvan" və "Zirə"nin şanslarını dəyərləndirib.

"Zirə"nin keçən ildən bir az təcrübəsi var. "Araz-Naxçıvan" isə Avropada yenidir. "Transfer pəncərəsi"ndə aktivlik göstərdilər. Amma "Zirə" transferlərdə bir az durğunluq yaşadı. Rafael Utziqin olmaması mənim üçün qaranlıq qaldı. Hücum xəttində önəmli simalardan idi. Suma da getdi. "Hayduk" Xorvatiyanın böyük klublarındandır. Böyük təcrübəyə malikdirlər. “Zirə” bu mərhələ üçün asan deyil. Hər halda, onlara uğurlar arzulayıram.

"Araz-Naxçıvan"a gəldikdə, bəli, yeni transferlər var. Amma o futbolçular necə oynayacaqlar, bunu zaman göstərəcək. Rəqibin Yunanıstanın köklü klubu olduğunu bilirik. "Araz-Naxçıvan” üçün ağır mərhələdir. Lakin mümkünsüz bir şey də yoxdur. 2012-2013-cü illərdə “Neftçi”nin Avropa Liqasının qrupuna düşdüyü mövsümdür. APOEL-lə Bakıda 1:1 oynamışdıq. Rəhmətlik Böyükağa Hacıyev oyuna 2 gün qalmış xəstəxanadan gəlmişdi. Heç kim bəlkə də bizə inanmırdı, hamı deyirdi ki, Kiprdi, Yunanıstana yaxındır, siyasi məsələlər, ab-hava filan, şansımızı az görürdülər. Amma görürsüz fortuna necə dəyişdi? İstək və düzgün strategiya olan yerdə, uğurlu nəticə mümkündür.

"Araz-Naxçıvan” avrokuboklara 3-cü pilləni tutaraq yollanıb. Normal da futbolçular transferlər edib. Artıq demək olmaz ki, “Araz-Naxçıvan” “Aris”dən zəifdir. Biz ora düşmüşüksə, belədir. Azərbaycan futbolu elə mərhələyə gəlib çatıb ki, biz rəqibləri seçməməliyik. Fikirləşməliyik ki, mərhələ keçməliyik. Bu fikirdə olmaq lazımdır. “Neftçi” də 2012-2013 mövsümündə bunu etdi. 110 illik futbol tariximizdə ilkə addım atdı. “Qarabağ” da uzun müddətdir ki, bu tendensiyanı davam etdirir. Bura “Qəbələ” də qoşulmuşdu. İstər-istəməz Azərbaycan ftubolu klub səviyyəsində həmin mərhələləri keçib. Demək ki, fikirləşməməliyik ki, ağır rəqib düşüb, coğrafi mövqe baxımından çətindir. Rəqib də həmin yolu qət edib gəlir. “Araz-Naxçıvan” üçün çətin olacaq, asan deyil. İki insan amili var, meydanda görüşəcək. Kim daha çox soyuqqanlı, hazırlıqlı olacaq, kimin daha çox qələbə istəyi və motivasiyası yüksək olacaq, mərhələni də keçəcək".

"Zirə" və "Araz-Naxçıvan" mərhələni adlayarsa, bu, Tərlan Əhmədov üçün sensasiya olmayacaq: "Düzü, “Zirə” “Hayduk”u, “Araz-Naxçıvan” “Aris”i keçsə, mənim üçün sensasiya sayılmayacaq. Bilirsiz, sensasiya nəyi qəbul edərdim? “Çelsi”ni keçsək, dünya çempionatının final mərhələsinə çıxaq, Avropa Liqasında, Konfrans Liqasında finala çıxaq...Bəli,bunlar sensasiya sayılabilər, məni təəccübləndirər. Lakin indiki məqamda klublarımız mərhələ adlayarsa, sensasiya deyil. Bütün klublarımıza uğurlar arzulayıram".

Mirbağırağa

Xəbər xətti