Bu mövsüm Misli Premyer Liqasına yeni vəsiqə qazanan "İmişli"nin heyətində Braziliyadan bir çox legionerlər oynayır. Onlar arasında ən çox diqqətçəkənlərdən biri Rafael Vieqasdır. 31 yaşlı futbolçu ölkə çempionatının ilk iki turunda yaxşı performans sərgiləyib. Xüsusilə də, "Neftçi"yə qarşı ortaya qoyduğu performans cəlbedici oldu. Vieqas indiyə qədər Portuqaliya və Çexiyada legioner həyatı yaşayıb. Əslində, futbolçu üçün Azərbaycanda adaptasiya problemi çəkməcəyini gözləmək olardı. Premyer Liqamızda oynayanlar arasında braziliyalının əvvəlki komanda yoldaşları var.
Rafael Quzzo
"İmişli"nin yeni üzvü "Real Brasilia"dan ayrılaraq Portuqaliyaya yollanıb. 2019-cu ildən "Şaviş"ə keçən "İmişli"nin yeni transferi burada Azərbaycan futbolu üçün yad olmayan simalarla birlikdə çıxış edib. Ötən mövsümün əvvəlində “Neftçi”yə keçən, lakin gözləntiləri qarşılaya bilmədiyi üçün bu yay müqaviləsinə xitam verilən Rafael Quzzo ilə komanda yoldaşı olub. Onunla Portuqaliya klubunda birlikdə çıxış etmiş futbolçular arasında “Kəpəz”in sabiq qapıçısı İqor Rodriqeş və “Neftçi”də oynamış Huqo Başta da var.
Kevin Medina
Vieqasla daha uzun müddət oynayanlar arasında “Qarabağ”ın indiki futbolçusu Kevin Medinanın da adını çəkmək olar. Onlar da birlikdə “Şaviş”in uğurları üçün çalışıblar.
Juninyo
2020/2021 mövsümündə isə braziliyalı ötən mövsümə qədər “Qarabağ”ın ulduzu olmuş Juninyo ilə “Şaviş” üçün oynayıb. “Flamenqo”nun forvardı ilə yanaşı, “Araz-Naxçıvan”ın keçmiş yarımmüdafiəçisi Benni Kardozo da “İmişli”nin müdafiəçisinin nəyə qadir olduğunu yaxşı bilir.
Harramiz Soareş
“İmişli”nin yeni legionerinin formasını geyindiyi komandalar arasında “Vilaverdense” də var. O, burada da vaxtı ilə Azərbaycan klublarında oynamış futbolçularla birlikdə çıxış edib. “Neftçi”yə böyük ümidlərlə transfer edilmiş, amma heç cürə gözləntiləri qarşılamayan Harramiz Soareş Vieqasın dostudur.
Rojerio Santos
Premyer Liqamızda bu mövsümdən çıxış edən braziliyalı 2023/2024 mövsümündə “Səbail”li Qustavo França və ötən mövsümdə isə “Kəpəz”də əsas qolkiperi olmuş Rojerio Santosla eyni komandanın formasını geyinib. Onlar “Vilaverdense”nin şərəfini qoruyub.
Mirbağırağa