Periodik yüksəliş yaşansa da, bu "Turan Tovuz" ötən mövsüm qışdan sonrakının eynisidir. Yenə baxımsız oyun tərzi, gərgin keçən oyunlar seriyası...
Halbuki bu mövsüm Kurban Berdiyevin qarşısına qoyulan tələblər daha böyükdür. "Turan Tovuz" sona qədər çempionluq mübarizəsinin içində olmalı, minimum tapşırıq kimi avrokuboklara vəsiqə qazanmalıdır.
Nəticələr yaxşı olanda, azarkeşlərin baxımsız oyuna qəbullanması mümkün olur. Amma nəticə yoxdursa, sərgilənən futbol da göz oxşamırsa... Bir sözlə, "Turan Tovuz"un vəziyyəti qəlizdir.
Turnir cədvəlindəki mövqeləri pis deyil. 5-ci pillədə qərarlaşıblar. Qış fasiləsi ərəfəsindəki son turda "Kəpəz"i məğlub eləyib vəziyyəti bir qədər yaxşılaşdıra bilərlər. Amma bir məsələ də var ki, Azər Bağırovun gəlişindən sonra yüksəlişə doğru gedən "Kəpəz"i udmaq asan olmayacaq. Hətta qalib gəlsələr də, qışdan sonra "Turan Tovuz"un indikindən daha yaxşı olacağını iddia eləmək çətindir.
Klubun başqanı Ehtiram Quliyev çətin durumla üzləşib. Boz oyun görüntüsündən təngə gələn azarkeşlər də dilə gəlib, istefa tələb edirlər. Bütün varlığıyla Tovuz futboluna xidmət eləyən Ehtiram bəy də yəqin ki, daha yaxşısını görmək istəyir. Bir rəhbər kimi bundan yaxşısına haqq edir desək, daha doğru olar.
Amma ilin-ayın bu vaxtında dəyişikliyə getmək qərarını vermək də asan deyil. Yeni məşqçi gəlsə, vaxt istəyəcək, heyəti özü yığmadığını və s. səbəblər gətirəcək. Hərçənd, "Turan Tovuz" kifayət qədər yaxşı futbolçulara malikdir. Bu heyətlə baxımlı oyun da sərgiləmək olar, yaxşı nəticə də vermək.
Belə görünür ki, Ehtiram Quliyev hələ ki səbir edir. Çünki Berdiyevin üzərinə götürdüyü öhdəliklərin altına girəcək məşqçini tapmaq elə də asan deyil.
Həmid
saytlarin hazirlanmasi
