Misli Premyer Liqasında yeni efir qrafikası ilə bağlı pilot layihənin təfərrüatları - VİDEO

17:33 - 3 Fevral 2026

Misli Premyer Liqasında canlı yayımların keyfiyyətinin və rəngarəngliyinin artırılması istiqamətində pilot layihə reallaşdırılıb.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası 18-ci tur çərçivəsində oyunların yayımı ilə bağlı yeni efir qrafikasını sınaqdan keçirib. Layihə beynəlxalq “Insport” şirkəti və “CBC Sport” televiziyası ilə birgə reallaşdırılıb. İlk test oyunu “Zirə” – “Sabah” matçı olub..

Tətbiq edilən yeni efir qrafikası oyunun gedişində statistik məlumatların daha ətraflı və vizual formada təqdim olunmasına imkan yaradıb. Canlı yayım zamanı topa sahib olma faizi, zərbələrin sayı, hücumların istiqaməti, pressinqin intensivliyi, eləcə də futbolçuların fərdi göstəriciləri real vaxt rejimində tamaşaçıların diqqətinə çatdırılıb.

Ardınca pilot layihə “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasında da davam etdirilib. Həmin oyunda Ağdam təmsilçisi topa nəzarətdə üstünlük nümayiş etdirərək ümumilikdə 65 faiz göstəriciyə imza atıb, ilk hissədə isə bu rəqəm 70 faizə yüksəlib. “Qarabağ” matç ərzində 567 ötürmə edib və onların 85 faizi dəqiq alınıb. Meydan sahibləri 8 zərbə ilə yadda qalıb, bunlardan 5-i qapı çərçivəsinə düşüb.
“Turan Tovuz” isə daha çox yaratdığı təhlükəli epizodlarla fərqlənib. Qonaqların gözlənilən qol göstəricisi (xG) 1.83 təşkil etsə də, bu üstünlük hesabda əksini tapmayıb. Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vuraraq komandasına qələbə qazandırıb.

Yeni tətbiq edilən efir qrafikası digər diqqətçəkən məqamlarla da yadda qalıb. “Zirə” – “Sabah” oyununun 39-cu dəqiqəsində Aron Maludanın topa toxunuş layihəsi qrafika şəkilində təqdim olunub. Həmçinin, oyunçular əvəzlənən zaman onların aktivlik xəritəsi də təqdim olunub. “Qarabağ” – “Turan Tovuz” matçında İbrahima Vadjinin meydanda olduğu müddətdə qət etdiyi məsafə və meydanın hansı hissələrində mübarizə apardığı qrafika şəklində göstərilib. Bununla yanaşı, futbolçular tərəfindən ötürmələrin dəqiqliyi də efir qrafikasında öz əksini tapıb. “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin mövsüm ərzində uzun ötürmələrinin dəqiqliyi 79% qiymətləndirilib. 

Misli Premyer Liqası matçlarının canlı yayımında oyunun taktiki və statistik tərəflərini daha anlaşılan, eyni zamanda vizual formada təqdim etmək pilot layihəsinin əsasını təşkil edib. Bu yanaşma azarkeşlərin qarşılaşmaları daha əhatəli və məlumatlı izləməsinə imkan yaradıb.

Xəbər xətti