"Valdas Dambrauskasın hekayəsi xoşuma gəlir" - "Slaviya"nın baş məşqçisi

13:10 - 28 Avqust 2026

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqiblərindən olan "Slaviya"nın baş məşqçisi Yindrix Trpişovski püşkü dəyərləndirib.

Sportal.az xəbər verir ki, Praqa təmsilçisi Azərbaycan çempionundan başqa "Arsenal", "Bavariya", "Aston Villa", "Portu", "Fənərbaxça", "Vilyarreal" və "Lans"la qarşılaşacaq. Çexiyalı mütəxəssis onları maraqlı oyunların gözlədiyini deyib:

- ​Püşkatma zamanı hansı istəkləriniz gerçəkləşdi?

- Mütləq şəkildə "Aston Villa" ilə səfərdə oynamağı daha çox istəyirdim. Amma ümumiyyətlə onlarla düşdüyümüzə görə xoşbəxtəm. Həmçinin Portuqaliya və Almaniyadakı oyunlar maraqlı olacaq. Orada heç vaxt olmamışam, hətta azarkeş kimi də. Düşünürəm ki, klub və azarkeşlər üçün əla oyunlar olacaq, qonaq azarkeşlər üçün böyük sektorlar mövcuddur. Müəyyən mənada həm də "Fənərbaxça". Kovid dövründə orada azarkeşsiz oynamışdıq.

- ​Bəs əksinə, nə gerçəkləşmədi?

- "Liverpul", "Real", "Mançester Yunayted", "Napoli" ilə oynamaq. Əslində mənim ən böyük arzularım idi. "Liverpul" üçün çox heyfslənirəm. Yəqin ki, bu, artıq mənə nəsib olmayacaq. Amma əlbəttə ki, qarşılaşacağımız komandalar əladır.

- ​Siz həmçinin yüksək səviyyəli məşqçilərlə də qarşılaşacaqsınız, ən çox kiminlə üz-üzə gəlməyi səbirsizliklə gözləyirsiniz?

- Ən çox Unay Emeri ("Aston Villa") ilə qarşılaşmağı. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın hekayəsi xoşuma gəlir. Maraqlı görüş olacaq. "Portu"nun baş məşqçisi Françesko Faroli ilə o, "Ayaks"ı çalışdırarkən qarşılaşmışdıq. Mikel Arteta ilə bu, artıq dördüncü oyunumuz olacaq. O, həm futbolçu, həm də məşqçi kimi böyük şəxsiyyətdir. Və əlbəttə ki, Vensan Kompani. O, hələ "Anderlext"də olanda, deyəsən, 20 yaşına çatmamışdı, mənim sevimli oyunçum idi.

- ​ÇL-in Liqa mərhələsi üçün hansı ambisiyalarınız var?

- Həqiqət yaşıl meydanda ortaya çıxacaq. Ötən il qazandığımız təcrübə, şübhəsiz ki, yaxşıdır, işə yarayacaq. Bilirik ki, qələbəyə bəzən dəhşətli dərəcədə uzaq, bəzən isə çox yaxın olmuşuq. Fürsətlərdən yararlanmalıyıq, əbəs yerə qol buraxmamalıyıq, bütün mövqelərdə fərdi və komanda olaraq əla çıxış sərgiləməliyik. Qazanmaq şansı şübhəsiz ki, əlimizə düşəcək və onları dəyərləndirməliyik. Çətin sınaqlar və reallıqla qazana biləcəyimiz oyunlar görürəm.

Xəbər xətti