Günay Yelmarqızı: "Qarabağ" Qurban Qurbanovun şah əsəridir" MÜSAHİBƏ

13:45 - 7 Avqust 2013

"Qarabağ"ın timsalında bizim futbol ölü nöqtədən tərpəndi"

 

Layihə: Vüsalə Məmmədova ilə “QIZ-QİZA” 

 

Bir qız tanıyırdım. Seçdiyi oğlan gözünü futbol oyunlarından ayırmırdı ki, ətrafını görsün. Qız onun diqqətini cəlb etmək üçün futbolla maraqlanmağa, onun komandalarına azarkeşlik eləməyə başladı. Beləcə, onlar birgə futbol “oynamağa” başladılar. Bir də onda xəbər tutduq ki, onlara qoşulub toylarında oynayırıq. Birinci uşaqdan sonra oğlan “qadın stadiona getməz” dedi. Bizimki də özünə görə deyildi: “Yaxşı kişi futbola baxırsa, qarın saxlamaz. Futbolçulardan utanar”. Beləcə “mehriban” dolanırlar. Artıq ikinci övladları da var. Kişinin də dilini tapıb, onu əlində saxlamaq üçün daima ərinin komandalarının rəqiblərini dəstəkləyir. Kişi də ona komandasını dəyişmək üçün dil tökür. Bu çaxnaşmadan yorulmursanmı soruşanda, deyir oyunda əsas nəticədir. Müdafiə və hesab! Müdafiəmdə daim sevdiyim kişi, hesabımda isə iki övlad.

 

Bəli, çox oyuna aludə olan kişi sonunda özü də oyuna gəlir.

 

Biz isə “Qız-qıza”ya davam edək. Bu dəfə müsahibim telejurnalist Günay Yelmarqızıdır. Əvvəlcədən müəyyən etdiyimiz görüşə bir gün qalmış qərar dəyişirik. “Qarabağ” futbol klubu Avro Liqanın 3-cü təsnifat mərhələsində oynayır. İsveçin “Gefle” komandası ilə. Günayın bu oyunu qaçırmayacağını bilirəm, zəng edirəm:

 

- Bəlkə müsahibəni elə sabah stadiondan edək?

 

- Necə istəyirsən, amma biləsən ki, mən stadionda olanda 90 dəqiqə gərgin, həyəcanlı oluram. Heç bir suala cavab verə bilməyəcəm...

 

- Narahat olma, heç bir sual verməyəcəm. Qadın elə stadionda da qadındır, söhbət tapacağıq eləməyə.

 

- Onda danışdıq. Qızları da çağıraq?

 

- Çağıraq!

 

Beləcə, iyirmi ildən çoxdur ki, Qarabağ oyununu izləyən, bu oyunun qurbanı olan bir neçə qarabağlını toplayıb, bu dəfə “Qarabağ” futbol klubunun oyununu izləməyə gedirik.

 

Uzun illər idi ki, bir belə qarabağlını bir arada görməmişdik. Çox həyəcanlı idi. Mən də, Günay da Ağdamda doğulmuşuq. Mənim yaşadığım ev məşhur “İmarət”in, şəhər stadionunun qonşuluğunda idi. Biz ora ildə bir dəfə gedirdik. O da “Natavan Qızlar Bayramında”.

 

Qalan günlərdə isə stadionun qapıları kişilər üçün açıq idi. Futbol oyunları zamanı keçirilən lotereyanın nəticələrini bilmək üçün ərlərinin evə gəlməyini gözləməyə səbri çatmayan qohumlar, tanışlar bizim həyətdə oturub nəticələri dinləyir, sonra da ya kor-peşman evə gedirdilər ki, “kişi gəlincə yaxşı çolpa bişirim, kefi açılsın”. Ya da elə sevinirdilər ki, kişinin komandası udub... O vaxtlar o sevincin mənasını anlamırdım...

 

Yəni o futbol oyunlarında qadının işi futboldan gələn azarkeşin kefini açmaq, yaxud da sevincindən istifadə etməkdən ibarət idi. Futbolçular heç kimin vecinə deyildi...

 

Nə isə, biz yerlərimizə keçib, fotolarımızı çəkdirib, telefonla Facebookda yerləşdirdikdən sonra oyun başladı. Tez telefonda “Qoooooooooool” sözünü yazıb hazır saxladıq ki, indicə paylaşaq, amma sən saydığını say...

 

Müharibə başlayanda da belə idi, elə bu gün-sabah bitər, hərə öz yurd-yuvasına qayıdar ümidi ilə aylar il, illər onilliklər oldu. Ümumiyyətlə, Qarabağ  sözündə nə isə belə bir sehr var. İnsanlar tanıyıram ki, bəzi bağlamalarını hələ də açmayıb ki, “Qarabağa qayıdanda”...

 

- Mən futbol fanatı deyiləm. Ümumiyyətlə, fanatlığı qəbul etmirəm. Düşünürəm ki, fanatlıq insanın özünün özünə hörmət etməməsidir. Səni tanımayan insan üçün özünü vur öldür, amma o adamın heç sənin varlığından xəbəri yoxdur. O diqqəti real bir insana da verə bilərsən. Nə isə... (Gülür) “Qarabağ”ı isə sevirəm. Bu, fanatlıqdan çox fərqlidir. Bu klubu ən çox adına görə sevirəm, illərdir ki, dəstəkləyirəm. Ölkə daxilində birmənalı şəkildə komandam Qarabağdı. Ayyy.... Ayy... Olmadı!

 

Ətrafdakı xanımlar ən az bizim qədər futbolu müzakirə edirlər. Ən çox adı hallanan da Qurban Qurbanovdur.

 

- Qurban Qurbanov mənim ən çox sevdiyim məşqçidir. “Qarabağ” onun şah əsəridir. Məni ən çox qürurlandıran odur ki, “Qarabağ”ın məşqçisi Azərbaycan futbolunun yetirməsidir.

 

Ətrafdakı xanımlardan biri Günayı dəstəkləyir: “Qurban Qurbanov “krasavçikdi”, bir dənədi”. Xanımların həm də “Qurbançı” olduğu hər cümlələrindən məlumdur. Başqa bir replika: “Çox xarizmatik kişidir”.

 

- Hə, düz deyir, çox xarizmatik, özünə məxsusdur. Həyatda da elədir, çox ciddi, təmkinli, sakit. Emosiyalarını büruzə vermir. 90 dəqiqə ərzində bu insanın mimikaları dəyişmir. Kimsə onun qışqırdığını eşitmir.

 

Gözlər Qurban Qurbanovun üzərindədir. O əli ilə nə isə göstərir, deyir.

 

- İndi bu oyunda hərdən bir əliylə nə isə göstərir. Axı indi klubda legionerlər çoxdur, yəqin onlara nə isə deyir. Mənim futbolda bəyəndiyim iki məşqçi var. Biri Joze Mourinyo, o biri isə Qurban Qurbanov.

 

Arxadan replika: “Mourinyo Realın məşqçisi idi, indi ordan ayrılıb”.

 

- Hə, buna çox məyus oldum. Əgər Qurban Qurbanov “Qarabağ”dan ayrılsa, onda da məyus olaram. Bunu özünə də demişəm. Qarabağı onsuz təsəvvür eləmirəm. Amma nə vaxtsa getsə də “Qarabağ”da onun dəst-xətti qalacaq. O bu komandanı sanki yenidən yaradıb, bir bax... Stadionda Avropa futbolu görürük, bu onun xidmətidir. “Qarabağ”ın timsalında bizim futbol ölü nöqtədən tərpəndi. Bunu mütəxəssislər də deyir ki, öz oyun tərzinə, dinamikliyinə görə “Qarabağ” digər klublardan fərqlənir. Aha, aha! “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!”

 

Oyun pis getmir, amma bayaqdan yazdığımız statusu paylaşmağa səbəb yoxdur.

 

- “Qarabağ” bizim üçün işğal altındakı Qarabağın simvoludur. Komandamın hər qələbəsi məndə torpaqlarımızın işğaldan azad olunacağına daha çox ümid yaradır. Avropaya “Qarabağ”ın çıxışı bizə o biri klublardan daha çox lazımdır. Bu komandanın Avropaya çıxışı Avropanın Qarabağı Azərbaycanın torpaqları kimi tanıması, Qarabağı etiraf etməsi deməkdir.

 

Ayaq üstündə, həyəcanlı, “QA-RA-BAĞ!” nidalı birinci taym bitir. Birinci taymdan əsas yadda qalan o olur ki, iftar vaxtı oruc futbolçularımız stadionun kənarında düzülən butulkalardakı su ilə iftarlarını açırlar. Facebookdakı dostlar iki hissəyə bölünüb. “Qarabağ” “Gefle” yox. “Qarabağ” və “Hə, nə olsun?” qruplarına. İnsanlar əməllicə stadiona gələnləri, “Qarabağ”ı dəstəkləyənləri ələ salır, ironiya edir. Kinayəli şərhlərlə “Nə oldu? Aldız Qarabağı?” soruşurlar...

 

- Bizim problemimiz odur ki, xırda işlərlə xoşbəxt ola bilmirik, əslində bu heç xırda iş də deyil... Bilirsən bu adamlar kimdi? Bu adamlar Qarabağ işğaldan azad olunanda da belə ironiya edəcəklər. Mütləq onda da ritorik suallar tapacaqlar. İşlərinə yarayanda hamısı vətənpərvərdi, amma... Amma mən yaxşı bilirəm bu adamları... Bilirsən, Vüsalə, bu haqda heç vaxt heç kimə danışmamışam. Heç kim məni düz başa düşməyəcək deyə... Bu cəmiyyətdə ən səmimi dostluqlar belə sənin qaçqın olduğun üzə çıxana, ən böyük sevgilər yaşadığın yataqxananın kandarına kimidir. Bir hadisəni danışım. İllər əvvəl çalışdığım televiziyaların birində bir gün həmkarlarımızdan biri iş otağının ortasında dayanıb bərkdən dedi ki, “Günay, sən yataqxanada yaşayırmışsan? Heç səndən gözləməzdim!” Bütün otaq əlindəki işi saxlayıb heyrətlə mənə baxdı və bir adam düşünmədi ki, əgər bir insan müharibə uşağıdırsa, o hər şeyini itirir, illərlə nəyisə yenidən qurmağa çalışırsa, bu onun əskiyi, ayıbı deyil... Bax, indi bu oyunu ələ salanlar həmən adamlardı. Qarabağın varlığını tamamən unudanlardı.

 

- Qoy unutsunlar. Nə qədər ki, biz varıq hər oyunda gəlib stadionda “QA-RA-BAĞ!” qışqıracağıq. İllər keçəcək, bir gün mütləq kimsə soruşacaq ki, bu qadınlar kimdi? Və mütləq kimsə bir nəfər tapılıb onlara deyəcək ki, onlar qarabağlılardır. Beləcə hər şey belə davam eləmiş olsa belə, gələcəkdə bir gəncdən “Qarabağ nədir” soruşanda o bunun təkcə futbol klubu olmadığını biləcək.

 

- Bəli! Bu klub Qarabağın bir parçasıdır. Əgər bu gün mənim torpağım işğaldadırsa o demək deyil ki, o bizim deyil. O demək deyil ki, biz futbol oynamamalı, qələbə arzulamamalıyıq. Qarabağın udmağına sevinmiriksə, deməli, onu erməniyə də bağışlamağa razıyıq.

 

Allahdan, stadion möcüzəli yerdi. Orda danışdığın mövzu nə qədər ağrılı olsa da, fasilənin bitməsi səni yenidən ayağa qaldırıb “QA-RA-BAĞ!” çığırmağa vadar edir, yoxsa bu mövzunu davam etdirmək, hətta həzm etmək... Nə isə... Məndən arxada əyləşən qadın tez-tez çiynimə vurub “Ay, qız aşağı otur” deyir. Günayın sözlərindən sonra bu qadının etirazı... və düşünürəm ki, bu həyatda hamının narahat olmağa öz səbəbləri var, məsələn, elə biri bu qadın kimi. Mövzunu yüngülləşdirmək istəyirəm:

 

- Mən hesab edirdim ki, burda bu qədər yaraşıqlını bir arada izləmək asan olmayacaq...

 

(- Gülür) Televiziyadan hə, amma stadionda yaraşıqları görünmür. Ya da sən o haqda düşünmürsən. Burda axı 90 dəqiqə ancaq qələbə haqqında düşünürsən.

 

Top “Gefle”nin qapısının bir addımlığında, biz isə ayaq üstdə. Arxadakı qadın hirslə çiynimə vurur: “Ay qız, sən oturuqlı qışqıra bilmirsən?”

 

- Yox!

 

- Futbolu oturuqlu izləyərlər?

 

- Bu qadının verdiyi sualı heç bir kişi verməzdi.

 

- Bax adama deyərlər, kinoya gəlmisən? Nə işin var burda? Futbolda on ikinci oyunçu azarkeşdi. Əminəm, stadion nə qədər dolu olsa, oyunçu nə qədər azarkeşi hiss eləsə, qələbə əzmi də o qədər yüksək olur.

 

- Xüsusilə də qadın azarkeş...

 

- Nəticədən asılı olmayaraq, bu oyun Azərbaycan futbol tarixində ən çox qadın azarkeşi olan oyun kimi ilə qalacaq.

 

“Gefle” hesabı açmağa çox yaxındır. Ən gərgin anlarımızdan biri və budur: qapıçı topu qaytardı! Arxadan əsl qarabağlı replikası: “Qapıçıya halaldı! Qapımızı lap “anası-bayıssı” kimi qoruyur! Kişi adamdı!”

 

- Bravo! Bravo! Bir qolu buraxmadı! Qapıçımız da əladı!

 

- Günay, bizim qadın futbol oynaya bilər?

 

- Hə. Mən məmnuniyyətlə qapıçı, ya da hücumçu olardım. “525-ci qəzet”də işlədiyim vaxtlar kollektivlə piknikə gedəndə hücumçu olmuşam. Qapıçı da olmuşam. Bir dəfə hətta yadıma gəlir, Rəşad müəllim qol vuranda topunu tutdum. Dedi, “adam heç baş redaktorunun vurduğu topu tutar?”

 

Son dəqiqələr və hələ də heç birimiz oyun başlayanda yazıb əlimizdə hazır tutduğumuz statusu paylaşa bilməmişik. Ən son dəqiqələr və hamının ümidi üzülür. Hər ağızdan ən azı iki fikir çıxır və heç bir replikanı izləmək mümkün deyil. “Sönüb” oturmuşuq. Ətrafdakı qadınların replikaları müxtəlifdir:

 

“Belə oyun olar?”

 

“Hanı Qurban Qurbanov, hanı?”

 

“Ya bu orucluğun sahibi, bizi o Berti Foqtsun qabağında sındırma!”

 

- Qızlar, məğlubiyyəti qəbul etməyin! Qalxın, qalxın, qışqırın. Qışqırın, qoyun onlar bizim varlığımızı hiss eləsinlər. Kişi arxasında qadını hiss edəndə çox güclü olur. Onlar bizim səsimizi eşitsələr ya udacaqlar, ya da udacaqlar. Kişi onu sevən qadının qarşısında uduza bilməz, mütləq qalib gəlməlidir! Qalxın, qalxın... Sona qədər azarkeşlik edin!

 

XOR: “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!”

 

Və arxamda əyləşib bayaqdan məni aşağı dartan, yerindən isə tərpənməyən qadın ayaq üstdə: “QA-RA-BAĞ!”

 

- Cəmi bir qol! Bircə dənə! Bizim üçün! Bizim üçün vuracaqlar! “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!” Qooooooooooooooo...

 

Və... və çoxdan gözlədiyimiz o “QOL!”

 

Mən o sehrli qolu ilk dəfə idi ki, gözümlə görürdüm. Qələbə belə bir şeydir hər halda, ən sonda, ümidin lap öləndə, onu heç gözləmədiyin vaxtı gəlir. Amma onu belə zorla tələb etməlisən. Zorla almalısan! Müdhiş bir duyğudur. Qadınlar anlamalıdırlar ki, insanı gözəllik salonlarında keçən saatlar yox, məhs stadionda keçən saatlar mübariz edir.

 

Nəhayət 90 dəqiqə əvvəl yazdığımız statusu paylaşırıq. Qarabağlı olmayan dostlarım tez soruşurlar:

 

- Vüsalə, deyəsən qolu vuran Reynaldo təmiz ağdamlıdı...

 

- Hə, Ağdam qaraçısıdır, 4 nömrəli məktəbdə oxuyub! (4 saylı məktəb Ağdamın məşhur “qaraçılar məhəlləsi” tərəfdə idi. Məktəbin “B” sinfi əksər hallarda Ağdam qaraçılarından ibarət olurdu)

 

Adamlar da qəribədir. İllərdir biri demir ki, Qarabağ münaqişəsinin həllində ATƏT-in Minski qrupunun həmsədrləri o torpaqlara bizdən çox gedirlər, amma işin içində bir xeyir, “qol” var deyə, onu ağdamlının vurmamasına tez “ilişirlər”. Günay tez “Ağdam qaraçısı” Dos Santos Reynaldoya Facebookda dostluq göndərib, qol üçün təşəkkür yazır. Çox uzun mesaj yaza bilmir, çünki bir türk qadın Günaydan iki oğlu ilə onun “Qarabağ”ın bayrağı ilə şəklini çəkməyini istəyir. Stadiondan bəlkə də hamıdan axırda çıxırıq.

 

Yollar tıxaclı, metro bağlı. İnsanlar bir-birinə qarışıb... Bu insan selinin arasında yeniyetmə bir gənc “QA-RA-BAĞ!” “QA-RA-BAĞ!” qışqıra-qışqıra izdihamı yarıb keçir. Çevrilib oğlanın arxasınca baxıram. Qeyri-ixtiyari arxasınca getmək istəyəndə, Günay:

 

- Hara?

 

- O uşağa əlimlə toxunmaq istəyirəm. Mən son illərdə bu yaşda bir gəncin dilindən Qarabağ sözünü eşitməmişdim...

 

- O uşaq ümiddir, Vüsalə. Bu gecə içimizə dolan yeganə ümid. Görəcəksən, bir gün “Qarabağ”ın oyununu Ağdamda, İmarətdə izləyəcəyik. Mən buna inanıram.

 

- ...

 

- Özü də sizdə qalarıq. Uşaqlar, Vüsaləgil Ağdamda stadionun yanında qalırlar. Axı oyun gec qurtarır... Elə orda qalarıq...

 

Mənbə: LENT.AZ

Xəbər xətti