Ölkə futbolunda mövcud olan problemlərdən biri də, klubların iş adamlarından asılı vəziyyətdə fəaliyyət göstərməsidir. Yəni, klubun başında dayanan şəxsin işləri yaxşı getdisə, klubun da iddiaları ona uyğun olur. Əksi yaşansa, klub da bunun acısını çəkməli olur.
"Mingəçevir" də belə vəziyyətlə üzləşib. Maliyyəsi Adnan Əhmədzadədən gələn klub iş adamının həbsindən sonra çətin vəziyyətlə üzləşib. Mövsümün əvvəlində I Liqa səviyyəsində yüksək ödənişli futbolçularla anlaşan klub indi müqavilə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.
Hələ ki bu məsələ "şişməyib". Amma belə davam edəcəyi təqdirdə, gec-tez hər şey bütün çılpaqlığıyla üzə çıxacaq. Futbolçular maaşlarını ala bilməsələr, AFFA-nın müvafiq şöbəsinə müraciət etməli olacaqlar.
"Mingəçevir" və sponsor şirkət arasında əməkdaşlıq Futbolun İnkişaf Fondu vasitəsilə gerçəkləşdiyi üçün həmin qurumla əlaqə saxladıq. Mövcud durumla bağlı onların hansı məlumata malik olduqlarını öyrəndik.
Sportal.az saytına açıqlama verən FİF-in icraçı direktoru Tural Piriyev məsələyə belə münasibət bildirdi:
"Biz region futbol klubları ilə sıx əlaqədəyik. Bir kluba sponsor cəlb olunsa belə onlarla işimiz yekunlaşmır, daim başqa sahələrdə əməkdaşlıq edir, yeni tərəfdaşlar cəlb etməyə çalışırıq.
Bu məsələ ilə bağlı “Mingəçevir” futbol klubundan hər hansısa problem olması ilə bağlı bizə müraciət daxil olmayıb. Həm klub, həm də cəlb olunan sponsor şirkətin rəhbərliyi ilə əlaqədəyik".
saytlarin hazirlanmasi