"Bizdə "Barselona"dakı proseslər gedir"

12:17 - 13 Sentyabr 2013

Stenli Brard: "Qəbələ"yə uyğun iş üslubunu tətbiq etməyə çalışıram"
 
Bu ilin aprel ayında “Qəbələ” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunan Stenli Brard artıq bir aydır ki iş başındadır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı hollandiyalı mütəxəssis yeni mövsümə başlayan akademiyanın məşqlərində iştirak edir, məşqçilərə və futbolçulara tapşırıqlarını verir. Bəs Brardın gəlişi ilə akademiyada nələr dəyişib, yeni direktorun yaxın hədəfləri nədən ibarətdir? 
 
 “Əlbəttə, dəyişikliklər olacaq”
 
Hollandiyalı mütəxəssis öncə akademiyada bu günü barədə danışdı:
 
“Hazırda istər futbolçu, istərsə də məşqçi heyətində komplektləşmə gedir. Yeni mövsüm ərəfəsində akademiyaya yeni məşqçilər və futbolçular gəlib. Futbolçuların gəlişi hələ davam edir. Bir çox məşqçilərimiz mütəxəssis kimi böyük təcrübəyə malikdirlər. Akademiyada futbolu yaxşı anlayan və oynamağı bacaran futbolçular da çoxdur. Bir sözlə, burada gördüklərimdən məmnunam. Akademiyanın məşqçi heyəti ilə həm fərdi, həm də kollektiv şəkildə görüşlərim olub. Bir neçə təqdimat keçirmişəm, yeni iş prinsiplərim, gələcək fəaliyyətimizdə nələrə üstünlük verəcəyimlə bağlı fikirlərimi məşqçilərin diqqətinə çatdırmışam. Yeni mövsümlə bağlı tapşırıqlarımı verəndə məşqçilərə deyirəm ki, birlikdə işləsək, səylərimizi birləşdirsək həm işimiz yaxşı gedəcək, həm də güclü olacağıq. 
Akademiyanın inkişafını istəyiriksə, nizam-intizam ən yüksək səviyyədə olmalıdır. Burada həm davranış, həm də oyun intizamını yüksəldəcəyik. Artıq bəzi intizam xarakterli işlərə başlamışıq. Düşünürəm ki, artıq altı aydan sonra işimizin bəhrəsindən daha ətraflı danışa bilərik”. 
 
Bir aydır  iş başında olan və akademiya komandalarının məşqlərini izləyərək analiz etməyə imkan tapan Brard, nəyi dəyişmək istərdi?
 
“Əlbəttə, dəyişikliklər olacaq. Məşqçilərə yeni çalışmalar barəsində tapşırıqlarım olub. Əsas məşqçi  günün birinci yarısında öz komandasında məşq aparırsa, günün ikinci yarısında digər yaş qrupunda köməkçi məşqçi funksiyasını yerinə yetirir. Beləliklə, məşqçilər biri-biriləri ilə əlaqəli şəkildə işləyib, hazırladıqları məşqləri, tapşırıqları və təcrübələri bölüşəcəklər. Əsas odur ki, məşqçilər birgə işləməyi öyrənsinlər. Bu, iş prinsipimdə ən önəmli məqamdır.Bunu bütün məşqçilərimizin anlayaraq qəbul etməsini istəyirəm. Eyni zamanda məqçilərə sərbəstlik vermişəm ki, onlar inkişaf edə bilsinlər. “Qəbələ”yə uyğun iş üslubunu tətbiq etməyə çalışıram”. 
 
Məşqçilərin təcrübəsinin artırılması ilə bağlı yeni direktor hansı planları var?  Stenli Brard bu sahəyə də diqqət yetirəcəyini dedi:
 
“Böyük planlarım var. Bunu öncə məşqçilərin özləri iə müzakirə edəcəyəm. Avropa klublarının və akademiyalarının təcrübəsindən faydalana bilərik. Uzun müddət işlədiyim “Feyenoord” akademiyasında olmaq, təcrübə mübadiləsi aparmaq çox asandır. Çünki uzun müddət orada işləmişəm. Amma dünyada çox klublar var ki, onlarla da əməkdaşlıq edə bilərik. İstərdik ki, başqa üslublarla işləyən akademiyalarda təcrübə keçək, onların fikirlərini, fəlsəfəsini öyrənək”. 
 
“Mümkündür ki, “Qəbələ”nin əsas komandası da bizim oyun üslubunu qəbul etsin”
 
S.Brard ilk dəfə ictimaiyyətə təqdim ediləndə, “Qəbələ”nin özünəməxsus oyun stilinin yaradılmasından danışmışdı. Holland mütəxəssis bu məsələyə bir daha qayıtdı:
 
“Şəxsən mən “Barselona”nın oyun üslubunu bəyənirəm. Həmçinin bir zamanlar “Arsenal”ın stili də xoşuma gəlirdi. Əslində, mən bunlara yaxın oyun üslubunun tərəfdarıyam. Lakin yaradacağımız tərz tək mənim düşüncəmə və istəklərimə uyğun olmamalıdır. Məşqçilərimiz bunu tam anlamalı, futbolçular isə meydançada tətbiq etməyi bacarmalıdır. Öz oyun üslubumuzu qurub, uğur qazana bilsək, artıq başqaları bizim üçün önəmli olmayacaq. Həm də öz stilimizi müəyyənləşdirib, inkişaf etdirə bilsək, mümkündür ki, başda “Qəbələ”nin əsas komandası olmaqla, bütün kollektivlərimiz həmin oyun üslubunu qəbul etsin. İstərdim ki, bir və ya bir neçə futboçudan asılı olmayan yeni oyun üslubumuz olsun. Sabah “messilər”, “inyestalar”, və “xavilər” olmayacaq, lakin stil qalacaq. Mən “Barselona” futbolçularının oyun keyfiyyətlərini, qol vurmaq bacarıqlarını çox bəyənirəm. Eynisini burda da görmək istəyirəm. Çünki “Qəbələ”nin elə oyunçuları var ki, İspaniya klubu futbolçularından heç nə ilə geridə qalmır. Onları yetişdirib, lazımı səviyyəyə çatdıra bilsək, “Barselona” futbolçularından da üstün qol vurmaq bacarığını nümayiş etdirəcəklər”. 
“Yerli futbolçularda ən böyük çatışmazlıq nədir?” sualına isə direktorun cavabı belə oldu: “Futbolu inkişaf etmış ölkələrin klublarının tarixi var, böyük inkişaf mərhələsi keçiblər. Lakin “Qəbələ” klubu və akademiyası hələ çox cavandır. Futbolumuzun və futbolçularımızın inkişaf etməsi üçün zamana ehtyac var. Azərbaycanın başqa klublarını deyə bilmərəm, amma “Qəbələ”nin şəraiti və imkanları bir çox Avropa klublarınınkından üstündür. Məsələn, ola bilər, “Barselona”da meydançaların sayi bizdəki qədərdir, amma əksəriyyəti sünidir. Təbii ot örtrüklü meydançaların çoxluğu və keyfiyyəti baxımından “Qəbələ” İngiltərə klubları səviyyəsindədir.  
 
“Bizdə “Barselona”dakı proseslər gedir”
 
Klub prezidentinin istəyini və tələblərini yaxşı bilirəm. O, aşağı yaş qruplarından futbolçu yetişdirilməsini çox istəyir. İstəyir ki, akademiyanın uşaqları peşəkar futbolçu kimi əsas komanda və milli üçün faydalı olsunlar. Hazırda “Qəbələ”nin əsas heyətində akademiyanın yetirməsi olan bir neçə futbolçu oynayır. Bu, o deməkdir ki, bizdə “Barselona”dakı proseslər gedir. Akademiya futbolçularının böyük qisminin yüksək liqa klublarına düşməsi çox yaxşı olardı. İstərdim ki, əsas komandanın, Premyer Liqanın ən yaxşı oyunçusu məhz akademiyanın yetirməsi olsun. Eyni zamanda akademiya yetirməsi olan əsas komanda üzvünün milliyə düşməsi bizim uğurumuz olacaq. Çalışmalıyıq ki, yaxın gələcəkdə buna da nail olaq.  
 
Hollandiyalı mütəxəssisin Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələri də maraqlı idi. “Qəbələ”nin çıxışını Brard belə xarakterizə etdi:
 
“Premyer Liqa oyunlarını izləyirəm. Düşünürəm ki, “Qəbələ”oyunu nəzarətdə saxlamağı bacaran, potensialı yüksək olan komandadır. Amma bəzi futboçular var ki, emosionallığı çox yüksəkdir. Həddi aşmamaq şərtilə, emosionallığı saxlamaq vacibdir. Çünki emosionallıq oyunda intensivliyi artırır və matçı maraqlı edir. Eyni şeyi akademiyanın bəzi futbolçuları haqqında da deyə bilərəm. Emosionnalığını gizlədə bilməyən uşaqlarla işləmək lazımdır ki, oyuna nəzarəti itirməsinlər. Mənim üçün yüksək liqa önəmlidir. Lakin yüksək liqa oyunları və əsas komandanın çıxışı ilə bağlı rəy vermək mənim işim deyil”. 

Xəbər xətti