Hadisənin görüntüləri peydə olandan sonra...
Oyun zamanı azyaşlı uşağı vuran məşqçi istintaqa cəlb oluna bilər.
Sportal.az xəbər verir ki, Rusiyada baş vermiş hadisə zamanı məşqçi yetirməsini yanına çağırıb və onun ayağına təpiklə vurub. Zərbənin təsirindən azyaşlı yerə yıxılıb. Hadisənin görüntüləri “Youtube”da peyda olandan sonra Rusiyada böyük ajiotaja səbəb olub. Olay “Maksimum-Bratevo” və “Lokomotiv” komandalarının 2007-ci il təvəllüdlü futbolçuları arasında keçirilən oyunda baş verib.
Azyaşlını vuran Valentin Pavlov Rusiya mətbuatına verdiyi açıqlamada özünə bəraət qazandırmağa çalışıb. O, yetirməsinin ayağına bilmədən vurduğunu deyib:
“Vəziyyət belədi, uşağa rəqiblə mübarizədə ayağını necə atmalı olduğunu izah edirdim. Mən ayağımla bunu göstərərkən, uşaq tullandı və yıxıldı. Bu, təsadüfdü. Uşaq gözəl yıxıldı və elə göründü ki, mən onu vurdum. Bu epizodu çəkən şəxs onu yaxşı rakursdan tutub. Bizdə demək olar ki, bütün oyunlar və məşqlər videoya yazılıb. Baxa bilərsiz, indiyə qədər belə hal olmayıb”.
“Lokomotiv”in akademiyasının direktoru Sergey Pavlov da olaya münasibət bildirib. Direktor məşqçinin işdən qovulacağına söz verib:
“Cəmisi bir ildi akademiyada işləyirəm. Bizdə belə məşqçilər yoxdu və olmayacaq. Hamı şokdadı. Birinci dəfədi belə halla rastlaşıram. Mövqeyim birmənalıdı: Belə insanlar uşaq futbolunda işləməməlidi”.
Rusiyanın istintaq komitəsi hadisəni araşdırmağa başlayıb.(komanda.az)
saytlarin hazirlanmasi