"Qəbələ" birinci dövrədə: 24 futbolçu, 9 qələbə, 31 xal, 30 qol

00:03 - 20 Dekabr 2016

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. İlk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:

 

- “Qəbələ” ilk yarıda ən çox qol vuran komandadı - 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dü. 

 

- 14 matçda 7 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 2-cidi. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb. 

 

- Öz meydanında daha çox - 8 matç keçirən “Qəbələ” hamıdan çox 22 xal toplayıb.

 

- Evdə uduzmayan 4 komandadan biri olan “qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.

 

- 6 səfər matçında 9 xal toplayan “Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.

 

- “Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadı - 14 top. Ən az - 5 qol buraxan 3 komandadan biri olan “Qəbələ”, səfərdə ən az - 1 məğlubiyyət alan 2 klubdan biridi.

 

- “Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.

 

- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 - hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.

 

- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.

 

- “Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.

 

- Yeganə het-trik Baqali Dabonun hesabındadı. O, “Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.

 

- “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.

 

- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında komandanın mövsümdəki ən qollu seriyasıdı.

 

- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.

 

- “Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə komandanın matçında fit çalıb.

 

- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.

 

- 1-ci hissədə qol buraxmayan “Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.

 

- “Qırmızı-qaralar” 8 ev oyunundan ikisini “Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib. 

 

- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.

 

- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-di.

 

- “Qarabağ”la ev oyununu daha çox - 3000, Bakıdakı iki oyunu saymasaq, “Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə “İnter”lə matçı 500, “Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.

 

- İlk iki dövrədə “Qəbələ”nin formasını 24 futbolçu geyinib. 

 

- İki oyunçu - Dmitri Bezotosnı və Filip Ozobiç çempionatın bütün qarşılaşmalarına iştirak edib.

 

- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.

 

- 24 futbolçudan 13-ü oyunların yarıdan çoxunda - 8 və daha çox matçda iştirak edib.

 

- Bir oyunçu isə cəmi 1 dəfə meydana çıxıb.

 

- “Qəbələ”nin ən yaxşı bombardirləri Filip Ozobiçlə Baqali Dabodu. Hərəyə 7 qol vuran futbolçular Azərbaycan Premyer Liqasında da ən məhsuldar oyunçulardı.

 

- Ümumilikdə “qırmızı-qaralar”ın 10 futbolçusu qol sevinci yaşayıb.

 

- Ruslan Qurbanov 4, Sergey Zenyov 3, Rəşad Eyubovla Teo Uiks hərəyə 2, Asif Məmmədov, Vitali Vernidub, Tellur Mütəllimov və Roman Hüseynov hərəyə 1 qol vurublar.

 

- “Qəbələ” ilə oyunda “Neftçi”nin müdafiəçisi Jairo Rodriges öz qapısına qol vurub.

 

- Komandanın qapısına 3 penalti təyin olunub. Dmirti Bezotosnı hər üç zərbəni qapısından buraxıb.

 

- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Filip Ozobiç və Ruslan Qurbanov dəqiq olubsa, Nika Kvekveskirinin zərbəsi qolla nəticələnməyib.

 

- Mövsümün arxada qalan hissəsində "qırmızı-qaralar"ın futbolçuları 33 vərəqə alıb. Bunlardan 30-u sarı, 2-si qırmızıya çevrilən sarı, 1-i isə qırmızı vərəqədi.

 

- Meydandan kənarlaşdırılan yeganə oyunçu Sadiq Quliyev olub.

 

- Digər 30 vərəqə 14 futbolçuya göstərilib. Vojislav Stankoviç, Rafael Santos və Ürfan Abbasov hamıdan çox - hərəyə 4 xəbərdarlıq alıb.

 

- 14 matçdan yalnız 5-də qol buraxan Dmitri Bezotosnı 9 “quru” oyun keçirib. Bu, mövsümün rekordudu.

 

- Ötən mövsümdən başlayan quru seriyasını cari çempionatda da davam etdirən Dmitri Bezotosnı ardıcıl 9 oyun və ya 915 dəqiqə qol buraxmayıb.

 

Bütün futbolçular

futbolçular oyun dəqiqə qol sarı qırmızı
Dmitri Bezotosnı 14 1260 -7 0 0
Filip Ozobiç 14 1109 7 2 0
Asif Məmmədov 13 1044 1 3 0
Məhəmməd Mirzəbəyov 12 917 0 0 0
Rusıan Qurbanov 12 813 4 3 0
Rəşad Sadiqov 12 705 0 1 0
Vojisıav Stankoviç 11 960 0 4 0
Ürfan Abbasov 11 919 0 4 0
Vitali Vernidub 11 900 1 1 0
Teo Uiks 11 742 2 1 0
Elvin Camalov 10 830 0 3 0
Sergey Zenyov 9 532 3 1 0
Baqali Dabo 8 541 7 0 0
Rikardinyo 7 585 0 1 0
Rafael Santos 6 450 0 4 0
Rəşad Eyyubov 5 321 2 0 0
Roman Hüseynov 5 180 1 0 0
Tellur Mütəllimov 4 200 1 1 0
Petar Franyiç 4 205 0 1 0
Cavid Hüseynov 4 115 0 0 0
Murad Musayev 3 225 0 0 0
Nika Kvekveskiri 3 211 0 0 0
Qismət Alıyev 2 67 0 0 0
Sadiq Quliyev 1 28 0 0 1

Xəbər xətti