Azərbaycan Premyer Liqasının XVII turunun “Qəbələ” – AZAL oyunundan sonra (2:0) “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
Sportal.az sizi 37 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“AZAL-a qarşı matça hazırlığımız digər oyunlardakı kimi olub. Artıq bütün komandalar sürətli futbol oynayır və müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Komandamız da topa daha çox sahib olub meydanda diqtə edən tərəf olmaq istəyir. Rəqib qapısında təzyiq yarada bilirik. Baş məşqçimizin də istəyi budur. Hər matçda, o cümlədən AZAL-la görüşdə də erkən qol vurmağa çalışırıq. Alınmayanda isə bəzən oyunçularda psixoloji gərginlik yaranır. Buna baxmayaraq, çox vacib 3 xal qazandıq. AZAL-ın “Qarabağ”la oyununu təhlil etmişdik. Bakı klubu həmin qarşılaşmada həm müdafiə, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdı. Bugünkü görüşdə də buna şahid olduq. AZAL 10 nəfərlə qaldıqdan sonra onları sıxıb, şoka salmaq istəyirdik. Amma bu bizdə alınmadı. Futbolda belə şeylər olur. Əsas odur ki, meydandan 3 xalla ayrıldıq”.
Qurbanov ayrı-ayrı futbolçuların oyununa da toxunub: “İstəyirik ki, hücumçu rəqibin cərimə meydanında hərəkət edən divar olsun. Daniel Subotiç hava ötürmələri zamanı başla yaxşı oynayır. Onun bu keyfiyyətlərindən maksimum istifadə etməyə çalışırıq. Ruslan Qurbanov çox potensiallı futbolçudur. Bu keyfiyyətlərinə inanıb, onu komandaya götürmüşük. Onun oyundan-oyuna daha yüksək səviyyədə çıxış edəcəyinə inanırıq. Bizim özünəməxsus oyun üslubumuz var. Futbolçuları da məhz bu sistemə uyğun gətiririk. Onun da biz istəyən futbolu göstərəcəyinə inanırıq. Təəssüf ki, Vitali Vernidub da zədələndi. Zədəsinin ciddi olduğu ehtimal edilir. Rasim Ramaldanov isə qış təlim-məşq toplanışında iştirak etməyib”.
saytlarin hazirlanmasi