Filip Ozobiç: "Çempionluq və bombardirlik haqda danışmaq istəmirəm"

00:28 - 10 Fevral 2017

Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib. 

 

Azərbaycan Premyer Liqasının XVII turunda AZAL-la qarşılaşan “qırmızı-qaralar” 2:0 hesablı qələbəyə sevinib. Matçda komandasının hər iki qoluna imza atan xorvatiyalı yarımmüdafiəçi klub saytına açıqlamalar verib:

 

“Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”. 

 

Vurduğu qolların sayını 9-a çatdırıb, bombardirlər yarışında vahid liderliyi ələ alan Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində “Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib. 

 

2014-cü il mayın 11-də “Zadar” üzərində qələbəyə 2 topla töhfə verən Filip dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür:

 

“Hələ “Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəmirəm. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. “Zirə” ilə qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.

Xəbər xətti