Əliyar Ağayev AFFA-nın nüfuzuna zərbə vurmaqdadı - "Qəbələ"dən bəyanat

16:00 - 3 Mart 2017

AFFA-nın İntizam Komitəsinin dünən çıxardığı məlum qərarlarla bağlı “Qələbə” bəyanat yayıb.

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda əvvəlcə xatırladılıb ki, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilmiş “Kəpəz” – “Qəbələ” oyununda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi klubun üzvlərini cəzalandırıb.

 

“Qəbələ” İK bu haqda artıq AFFA Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək məsələyə yenidən baxılmasını xahiş edib.

 

Futbolçumuz Nika Kvekveskirinin 3 oyunluq cəzalandırılması həddən artıq sərt qərardır. Videotəkrardan bəlli olduğu kimi, ən sərt hakim Nika Kvekveskirini maksimum iki sarı vərəqə ilə cəzalandıra bilərdi. Çünki Nicat Qurbanovun gözlənilməz və yolverilməz hərəkətindən sonra futbolçumuz özünü müdafiə etmək üçün instinktiv reaksiya verərək rəqib futbolçunu əli ilə itələyib. Hadisə vaxtı və hadisədən sonra onun hərəkətlərində hər hansı aqressiya müşahidə edilmir. Bu haqda klubun etirazı oyunun protokolunda əksini tapıb. Hesab edirik ki, Kvekveskiriyə verilmiş cərimə həddindən artıq ağırdır və minimuma endirilməlidir.

 

Həmçinin, klubun əməkdaşları Səbuhi Qarayev, Səməd Nəsibov, Səbuhi Səfiyarlı və Zaur Əzizova verilmiş cərimələr də çox yüksəkdir. AFFA İntizam Komitəsi hakimlər briqadasının yazdığı qeyri-obyektiv raporta əsaslanaraq bu qərarı çıxarıb. Qeyd etmək istərdik ki, sözügedən əməkdaşlarımız, həqiqətən də, birinci hissədən sonra hakimlər briqadasına etirazını bildirib. Lakin bu etiraz fiziki təsir həddinə çatmayıb, hakimlər polislərin müşayiəti ilə soyunub-geyinmə otağına daxil olublar. Bu zaman yan xətt hakimi Rza Məmmədovun klubumuza qarşı qeyri-etik ifadə işlətməsi hadisələrin daha da böyüməsinə səbəb olub.

 

Çempionatın arxada qalan turlarına nəzər yetirsək, klub əməkdaşlarının oyunun hakimlər briqadasına etirazının səbəbini başa düşmək mümkündür. İndiyədək dəfələrlə AFFA rəsmiləri belə “Qəbələ”yə qarşı saysız-hesabsız hakim səhvlərinin olduğunu etiraf ediblər. Lakin heç vaxt klubumuz tərəfindən “ədalət təmsilçilərinə” qarşı aqressiya nümayiş etdirilməyib.

 

Xüsusilə Avropa meydanlarında layiqli idarəçiliklə diqqət çəkən perspektivli hakim Əliyar Ağayevin “Qəbələ”nin oyunlarında yol verdiyi səhvlərin nədən qaynaqlandığını anlamaq mümkün deyil. Məhz həmin Ağayev “Kəpəz”lə oyunda son 2 mövsümdə 4-cü dəfə futbolçularımıza mübahisəli qırmızı vərəqə göstərərək komandamıza qarşı qərəzli mövqe göstərib. Başqa oyunlarda analoji vəziyyətlərdə loyallıq göstərən, açıq mübarizəyə şərait yaradan FIFA referisi briqadası ilə birlikdə cəmi 2 tur əvvəl (“Zirə”, 2:2) “Qəbələ”nin 2 xal itirməsinə səbəb olmuşdu.

 

Təəssüf ki, ölkə idman ictimaiyyətinin böyük ümidlər bəslədiyi referi Əliyar Ağayev belə idarəçiliklə həm öz, həm də təmsil etdiyi qurumun nüfuzuna zərbə vurmaqdadır.

 

“Qəbələ” İdman Klubu daim ədalətli oyun prinsinplərinin tərəfdarıdır və Azərbaycan  Premyer Liqasının qarşıdakı 8 turunun məhz bu prinsiplər əsasında keçiriləcəyinə ümid bəsləyir”.

Xəbər xətti