"Qəbələ" fanatları da finalın Naxçıvanda keçirilməsini istəmir

13:42 - 11 Aprel 2017

"Qəbələ" azarkeşləri "Qarabağ"la Azərbaycan Kubokunun final matçının Naxçıvanda keçirilməsinə qarşı çıxıb.

 

Sportal.az xəbər verir ki, bu barədə azarkeş qruplarının yaydığı bəyanatda bildirilir. Bəyanatda mayın 5-də keçiriləcək qarşılaşmanın Naxçıvanda təşkilinə dair qərarın narazılıqla qarşılandığı vurğulanıb:

 

"Bu qərar azarkeşlərin haqlı narazılığı ilə qarşılanıb. Həm "Qəbələ”, həm də "Qarabağ” azarkeşlərinin maraqla gözlədikləri matçı – mövsümün yekun qarşılaşmasını izləmək ehtimalı seçilən stadiona görə xeyli azalıb. Buna səbəb yolun uzaq olması, bir çox azarkeşin səfər imkanının olmamasıdır. Naxçıvan şəhərinə təyyarə ilə gediş-dönüş qiyməti bir nəfər üçün 100 manatdır. Buna yemək və digər xərcləri də əlavə etsək, bu məbləğ ən az 150 manat olur. Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin isə xarici pasportu yoxdur".

 

Bütün sadalanan səbəbləri və matçın daha rəngarəng, daha maraqlı keçməsi istəyini nəzərə alaraq, "Qəbələ” azarkeşləri final oyununun "Bakcell Arena"da və ya digər stadionlardan birində keçirilməsini Peşəkar Futbol Liqası rəhbərliyindən xahiş edir.

Xəbər xətti