Əsgər Abdullayev: "Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür"

18:15 - 13 Aprel 2017

“Bugünkü qələbə sayəsində ilk iki yeri təmin etdik. Hesab edirəm ki, işimizi 90 faiz yerinə yetirmişik. Qalanı rəhbərliyin üzərinə düşür”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Turan Tovuz” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
 
I divizionun XXIV turunda MOİK-i 1:0 hesabı ilə məğlub edən “Turan Tovuz” liderliyini möhkəmlətməklə yanaşı, ilk 2 yerdən birini təmin edib. Bununla da Tovuz klubu elitaya vəsiqəni rəsmiləşdirib.
 
Abdullayev hazırda yalnız çempionluq barədə düşündüklərini söyləyib: “Mövsümün əvvəlindən istəyimiz çempion olmaq idi. Qarşıda hələ iki oyun var. Çempionluqdan danışmaq üçün tezdi. Çalışacağıq sona qədər liderliyi əldən verməyək”.
 
İdman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orda çıxış etmək üçün lisenziya almalıdılar. Baş məşqçi bu məsələdə yeganə problemin maliyyə ilə bağlı olduğunu vurğulayıb: “Premyer Liqada iştirak etmək üçün “Turan Tovuz”da çatışmayan bir şey yoxdu. Aşağı yaş qrupu komandalarımız mövcuddu, çox yaxşı stadionumuz var. Hər şey normaldı. Qalır yalnız maliyyə məsələsi. Buna da rəhbərlik səviyyəsində baxılacaq. Bildiyiniz kimi, komanda AFFA-dan maliyyələşdirilir. Yəqin ki, elitada iştirak üçün hazırkı maliyyə çox aşağıdı. Bu barədə tam açıqlama verə bilmərəm. Çünki mənim səlahiyyətimdə deyil. Amma rəhbərliyimiz də çox istəklidi. Hər oyunumuza gəlir, komandanı dəstəkləyirlər. Bizimlə tez-tez görüşüb, “Turan Tovuz”u Premyer Liqada görmək istədiklərini bildirirlər. Azarkeşlərimiz də matçlarımıza gəlirlər. Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür, bizim elitaya qayıtmağımızı istəyir”.
 
Əsgər Abdullayev elitaya buraxılacaqları təqdirdə heyətdə ciddi islahatlar aparılmayacağını da əlavə edib: “Əgər gələn mövsüm Premyer Liqada iştirak etsək, hazırkı heyətin əksəriyyəti komandada qalacaq. Uşaqlar əziyyət çəkiblər və istəyirik ki, bunun bəhrəsini görsünlər”.
 
Qeyd edək ki, reqlamentə əsasən, I divizionda ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orda sonuncu olan isə aşağı dəstəyə düşür.

Xəbər xətti