“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası “Boulevard Hotel U-15 Liqası”nin çempionu olub.
Sportal.az xəbər verir ki, “Qırmızı-qaralar” yarışın başa çatmasına bir tur qalmış qızıl medalları təmin edib.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda bu uğura “Sumqayıt”la təxirə salınmış oyunda imza atıb. Evdə rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ”nin qollarından ikisini Veysəl Rzayev, birini Hüseyn Mürsəlov vurub. Bu qələbə mövsümdə 19-cu olub.
Hesabında 3 heç-heçə və cəmi 1 məğlubiyyət olan “Qəbələ” 23 matçdan sonra xal aktivini 60-a çatdırıb. Bununla da “Qəbələ” 2-ci pillədə qərarlaşan “Vətən”lə xal fərqini 4-ə qədər artırıb. Bu üstünlük “qırmızı-qaralar”ın çempionluğunu təmin etsə də, komandanın mükafatlandırma mərasimi son turda keçiriləcək. AZAL-la aprelin 30-da Qəbələdə baş tutacaq görüşdə komandaya qızıl medallar və kubok təqdim ediləcək.
Keçirdiyi matçlarda 71 qol vurub, cəmi 9-nu buraxan “Qəbələ”nin bombardiri Veysəl Rzayev hesabındakı topların sayını 21-ə çatdırıb. Bombardirlər yarışında liderlərə şərik olan hücumçu fərdi mükafat qazanmaq imkanına malikdir.
saytlarin hazirlanmasi