“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk apasport.az saytına müsahibə verib.
Sportal.az ukraynalı mütəxəssisin müsahibəsini təqdim edir:
- Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaqsız. Püşklə bağlı hansı fikirdəsiz?
- Mən püşkatmanın nəticəsinə həmişə sakit yanaşmışam. Püşk atılanda heç vaxt əsəbləşmirəm. Buna görə də, istənilən komandanın bizə rəqib olmasını sakit şəkildə qəbul edirəm. Çünki mənim üçün bütün komandalar güclüdü. Hər bir rəqibə hörmət edirəm. İşimizə daim ciddi yanaşırıq. Əminəm ki, potensial rəqiblərimiz də bu cür davranırlar.
- Bu iki komanda haqda düşüncəniz necədi?
- İndiki məqamda onlar barədə ətraflı fikir bildirə bilmərəm. Cütün qalibi müəyyənləşəndən sonra konkret danışmaq olar. Yalnız onu deyim ki, mən Gürcüstan və Polşa futbolunun nə demək olduğunu yaxşı anlayıram. Başa düşürəm ki, bu komandalar gücləri və oyun tərzləri fərqlidi. İndiki məqamda hər iki komandanı təhlil etməklə məşqlər keçəcəyik. Rəqibimiz dəqiq bilinəndən sonra isə qarşılaşacağımız komandaya uyğun şəkildə hazırlaşacağıq.
- Komandaların fərqli tərzdə oynadıqlarını bildirdiniz. Hansının sizə rəqib olmasını istərdiniz?
- Belə bir seçimim yoxdu. Hər komandanın öz oyun tərzi var. Futbolda istənilən stil fayda verə bilər. Heç bir rəqibə qarşı oynamaq asan deyil. Sadəcə, qarşılaşacağın komandanı düzgün təhlil etməlisən, onun haqda dolğun məlumatlar toplamalısan.
- “Qəbələ”nin baş məşqçisi postunda ardıcıl 2 il Avropa Liqasında gürcü komandaları ilə mübarizəyə başladınız və qrup mərhələsinə qədər irəlilədiniz. Bu dəfə də eyni gedişatın baş verməsini istəmərsiz?
- Hər rəqiblə oyuna hazırıq. Həm Polşa, həm də Gürcüstan təmsilçisinə hörmətlə yanaşırıq. Onların arasında ən güclüsü ilə üz-üzə gələcəyik.
- Heyətdə baş verən dəyişikliklər komandaya necə təsir göstərəcək?
- Təbii ki, bütün bunlar çətinliklərdi. Amma eyni zamanda, maraqlı olacaq. Böyük iş görmək, intensiv və tez qaydada hazırlaşmalıyıq. Hələ ki, nə Avroliqaya, nə də çempionata hazırıq. Qısa zamanda həm fərdi qaydada hazırlaşmalı, həm də komandanı komplektləşdirməliyik. Hazırda bu komponentlərdə hazır deyilik.
- Heyətin komplektləşdirilməsi üçün bundan sonra sizə nə qədər futbolçu lazımdı?
- Komandadan 10-dan çox oyunçu getdi. Deməli, yerlərini doldurmaq üçün çox futbolçu lazımdı. Bütün mövqeləri gücləndirməliyik.