"Azad futbolçu idim. Bir neçə seçim etmək imkanım var idi. Sonda "Qəbələ"ni seçdim və özümü olduqca xoşbəxt hiss edirəm".
Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin yeni transferi Dion Maloneyə məxsusdur. "Qırmızı-qaralar"la 2 illik müqavilə imzalayan hollandiyalı futbolçu ölkəsinin mətbuatına açıqlama verib. O, yeni klubu haqda danışmaqla yanaşı, Türkiyənin "Kayserispor" klubundan imtina etməsinin səbəbini də açıqlayıb:
"Kayserispor"dan və "Qəbələ"dən yaxşı təklif almışdım. Amma son vaxtlar Türkiyədə vəziyyət o qədər də yaxşı deyil, baş verən bütün hadisələrdən xəbərdaram. Hətta internetdə məlumat toplayanda şoka düşmüşdüm. Bundan başqa, "Qəbələ"dən daha çox diqqət gördüm və bu, seçimimdə xüsusi rol oynadı".
28 yaşlı sağ cinah müdafiəçisi uzun müddətdi şərəfini qoruduğu Hollandiyanın "Den Haaq" klubundan ayrılmağın çətin olduğunu deyib:
"Den Haaq"da çoxsaylı azarkeşlərim var idi. Baş məşqçimiz Alfons Qroenendiyklə birgə işləməkdən zövq alırdım. Həm məşqçimiz, həm də klub rəhbərliyi mənim "Den Haaq"dan ayrılmağımı istəmirdilər. Amma mən başqa seçim etdim, digər sistemdə özümü sınamaq istədim. Ümid edirəm ki, seçimimdə yanılmayacam".
Qeyd edək ki, “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi