“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, I təsnifat mərhələsində “Dinamo” (Batumi, Gürcüstan) ilə qarşılaşan Belostok klubu hər iki görüşdə qalib gəlib (1:0, 4:0) və “qırmızı-qaralar”a rəqib olub.
1920-ci il mayın 30-da yaradılan “Yagelloniya” bu il 97 yaşını tamamlayıb. Komanda ev oyunlarını Belostok şəhər stadionunda keçirir. Bu arena 1970-ci ildə inşa olunub və 2014-cü ildə yenidənqurma işləri aparılıb. Stadion 22 min 372 tamaşaçı tutumuna malikdir.
Tarixi ərzində dəfələrlə adını dəyişən Belostok klubu 2003-cü ildən indiki ad altında mübarizə aparır. Klub tarixinin əsas uğurları da məhz bundan sonrakı dövrə təsadüf edib. Polşa çempionatında müxtəlif liqalarda çıxış edən “Yagelloniya” aşağı dəstələrdə dəfələrlə mükafat qazanıb. 1988/89 mövsümündə ölkə kubokunun finalına çıxan Belostok klubu ötən əsr üçün ən böyük nailiyyətinə imza atıb.
2006/07 mövsümündə aşağı liqada 2-ci yeri tutan “sarı-qırmızılar” həmin vaxt yüksəldiyi Ekstaklasanın daimi iştirakçısına çevrilib. İlk ciddi uğur 2009/10 mövsümünə təsadüf edib. Komanda öncə finalda “Poqon”u 1:0 məğlub edərək ölkə kubokunu qazanıb və avrokuboklarda debüt şansı yaxalayıb. Sonra isə “Yagelloniya” “Lex”i eyni hesabla yenib və Superkuboka da yiyələnib. 2010-cu ildəki hər iki titul klub tarixində hələlik sonunculardır. Lakin avrokuboklardakı debüt uğurlu alınmayıb. 2010/11 mövsümündə Yunanıstan “Aris”i (1:2, 2:2), bir il sonra Qazaxıstan “İrtış”ı (1:0, 0:2) polşalıların Avropa Liqasında irəliləməsinə imkan verməyib.
Belostok təmsilçisi növbəti avrokubok və uğurları bir neçə il gözləməli olub. 2014-cü ildə baş məşqçi postuna gətirilən Mihal Probej ilk mövsümdə komandasına çempionatın bürünc medallarını qazandırıb. Bu da klub tarixinə Ekstraklasada qazanılan ilk mükafat kimi düşüb. Yenidən Avropa Liqasında oynamaq imkanı qazanan “Yagelloniya” bu dəfə mərhələ keçməyi bacarıb. Lakin Litva “Kruoja”sını (8:0, 1:0) keçdikdən sonra Kipr “Omoniya”sı (0:0, 0:1) daha güclü olub. 2016/17 mövsümündə isə belostoklular tarixində ilk dəfə gümüş medala yiyələnib. Lakin çempionatın əsas hissəsində lider olan, son turadək çempionluq şansı qalan “Yagelloniya” “Lex”lə bərabərlikdən sonra gümüşlə kifayətlənib. Bu üzdən də Varşava “Legiya”sından 2 xal geri qalan komandanın baş məşqçisi də istefaya göndərilib. Kluba hər iki mükafatı qazandıran məşqçini İreniuş Mamrot əvəzləyib. Onun rəsmi debütü isə “Dinamo” ilə Gürcüstandakı matça təsadüf edib. Həmin matçda Killian Şeridanın qolu Polşa klubuna səfər qələbəsi qazandırıb. Ev matçında isə Quti, Fyodor Çernıx, İvan Runye və Lukaş Sekulskinin qolları “Yagelloniya”ya böyükhesablı qələbə bəxş edib.
Xatırladaq ki, “Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi