Roman Qriqorçuk: "Avropa miqyasında adi bir komandayıq"

00:10 - 27 İyul 2017

“Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdur. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur.

 

"Qırmızı-qaralar" Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah səfərdə Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq. Oyundan öncə baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib.

 

O, rəqibi yaxşı tanıdıqlarını dilə gətirib: "İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib. Rəqib haqda çox şey bilirik. Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır. “Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq. Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq. Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir. “Panatinaikos” böyük ada malik komandadır, brenddir. Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq. Bu görüşlər bizim üçün müəyyən hadisədir".

 

Qriqorçuk ilk matçın evdə və rəqib meydanında keçirilməsində fərq görmür: "İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”.

Xəbər xətti