Uşaq futbolundakı ən qabarıq problemlərimiz və inkişaf modelləri LAYİHƏ

17:05 - 30 Oktyabr 2017

 
Yazının ikinci hissəsində Azərbaycan üçün ən uyğun uşaq futbolu modelini araşdıracağıq və uşaq futbolunda seçimləri, məşq proseslərini və uşaq futbolunun düzgün inkişaf yolunu qabaqcıl futbol ölkələrindəki ilə müqayisə etməyə çalışacağıq. Bu yöndə uşaq futbolu üzrə təcrübəli mütəxəssis İslam Kərimovun da dəyərli fikirlərindən yararlanacağıq. 
 
“Qarabağ”ın oynadığı futbol “Barselona”nın üslubuna bənzəyir”
 
“İnkişaf üçün yerli kadrlar hazırlamalısan. Bizim imkanımız var internetdən oyunları izləyirik. Bəs bölgədəki məşçi nə etsin? Deməli tez-tez Bakıya çağırmaq deyil, onlara xüsusi kurslar keçmək lazımdı. Məsələn, mənim məşqlərimə Ağasəlim Mircavadov nəzarət edir, gözəl tövsiyələrini verir. Mən onun tövsiyəsi ilə çempion oldum. Yaxşı olar ki, gənc məşqçilərimiz də onların tövsiyələrindən yararlansın. İki yer, bir məscid bir də stadion uşaqların üzünə açıq olmalıdı. Azərbaycan vətəndaşı bu yerlərdən istifadə etməlidi. Stadion xalqındı. Mən “A” kateqoriyalı əməkdar məşqçiyəm. Amma daim öz üzərimdə işləyirəm. 11 qızıl medalı olan yeganə məşqçiyəm Azərbaycanda. Üstəlik 5 gümüş və 5 bürünc medalım da var. Hazırda 69 futbolçum premyer-liqada oynayır. Buna baxmayaraq oxuyuram, biliyimi inkişaf etdirirəm. Bilmədiyim şeyləri soruşuram. Burada ayıb heç nə yoxdu, həm də ki, texnalogiya dövrüdü, “Ayaks”ın, “Barselona”nın məşqinə baxıb öyrənə bilərsən. Məsələn, bu klublar qısa ötürmələrdən istifadə edirlər. Hansı ki, Azərbaycana yaxın üslubdu. Qafqaz futbolunun gözəl xüsusiyyəti var, fərdi ustalıq, texnika və qısa ötürmələr. Azərbaycanlı uşaqlar da bu mənada xeyli istedadlıdılar. Fiziki cəhətdən geri qalsaq da, texnikamız, ani fikirləşməyimiz, vaxtında ötürmə etmək kimi üstün cəhətlərimiz var. Bu gün “Qarabağ”ın oynadığı futbol “Barselona”nın üslubuna bənzəyir. Fikir verirsiz, bütün komanda topla işləyir. SSRİ dönəmində bu üslubdan “Spartak”, “Neftçi”, “Dinamo” istifadə edərdi. Almanlar güc futbolu oynayır. Bizdə isə bunun üçün imkan yoxdu. Məşqçilərimizin pedaqoji keyfiyyəti yüksək olmalıdı. Çünki azyaşlı ilə işləyirsən. Sən onun üçün, həm ata, həm ana, həm babasan. Təməl düzgün qoyulmalıdı. Əlbəttə, özüm gənclərdən də çox şey öyrənirəm. Hazırda köməkçim Asif Əliyevdi. Hər məşqdən əvvəl saatlarla müzakirə aparırıq. O cümlədən Kamal Quliyevdən dəfələrlə nəsə soruşuram, biliyimin üzərinə əlavə edirəm. Bəlkə də yeganə məşqçi mənəm ki, məşqdən 2 saat əvvəl stadiona gəlirəm. Keçəcəyim məşqi gözümün qarşısına gətirirəm. Məşqçi yaxşı məşq keçmək üçün özü hazır olmalıdı. Məşqin icmalı yazılmalıdı, zaman hesablanmalıdı. 6-8 yaşlı futbolçulara daha çox əyləncə xarakterli məşqlər keçilməlidi. O uşaqlar məşqdən zövq almalıdı. Bir də ki, dəfələrlə AFFA-ya müraciət etmişəm. Uşaq futbolunda nəticə yığışdırılmalıdı. Çünki hamı birinci yeri tutmaq istəyir, bu isə düzgün deyil. Futbolçu yetişdirməlisən. Əks halda uşaq təzyiq altında olur. Məşqçi məcburdu ki, komandasını qələbəyə hazırlasın. Uşaq isə uduzan kimi stres keçirir. Məsələn, İsveçrə sistemi çox yaxşıdı. Orada 12 yaşına qədər olan uşaqlara xal verilmir. Oynadın qurtardın, əl çalırlar gedirsən. 3 xal axı futbolun inkişafı deyil. Nəticə əsas komandada olmalıdı. Uşaq məşqçiləri isə əsas komanda üçün futbolçu yetişdirməlidi. Tutalım 10 yaşda gəlib birinci yeri tutdum, nə olsun? Faciə bilirsiz nədi? Bəzi məşqçilərimiz oyuna 17 uşaq aparır, amma onlardan cəmi 7-ni oynadır. Nə var ki, 7x7-yə oynayırlar və qələbə qazanmağa məcburdu. İl ərzində uşaqlar ən azı 35 oyun keçirməlidi. Yoxsa ki, “ay mən udmalıyam”, “işdən çıxararlar”, “rəhbərlik kubok tələb edir” kimi düşüncələr düzgün deyil, səhv yanaşmadı, 10-12 yaşların nəticələri ləğv olunmalıdı. Bütün bunlarla yanaşı uşaqlara vətənpərvərlik aşılanmalıdı. Onlar bilməlidi ki, “Neftçi”də oynayırlar. Klubun tarixini başa salmalısan ki, filan nömrəni Anatoli Banişevski, Maşallah Əhmədov, İsgəndər Cavadov, Asim Xudiyev daşıyıb. Uşaq kluba hörmət etməli, məhəbbəti olmalıdı. O cümlədən məşqçinin”.
 
“Bunu deyib, altından da qol çəkirəm”
 
Uşaq futbolunun inkişafında klublarımız da maraqlı olmalıdı. Amma onların əksəriyyətinin bazası olmadığı üçün bu mənada problemlər var. Yəni dağınıq şəkildə fəaliyyət göstərirlər. Uşaq komandalarının yarısı bir, yarısı digər stadionda məşq keçir. Belədə uşaq futboluna nəzarət də zəif olur. Deməli klubların da inkişafın qarşısının alınmasında istəmədən olsa belə günahları var. Bəs İslam bəy bunu təsdiqləyirmi?: “Klublar daha çox legionerlərə üstünlük verirlər, çünki onlar nəticəyə oynamağa məcburdular. Amma sizə adi msal çəkim. Bu gün Mahir Mədətovun timsalında, Azərbaycan Avropa səviyyəli futbolçu qazanıb. Öz proqnozlarımı deyirəm. Yaxın gələcəkdə ən istedadlı futbolçumuz Mahir olacaq. Bunu İslam Kərimov kimi deyib, altından da qol çəkirəm. O, “Bakı”nın yetirməsidi, 6 il əvvəl onu yığmaya götürmürdülər. Alman mütəxəssis Nikolay Adam vardı, gedib AFFA-da onunla mübahisə etdim və sübuta yetirdim ki, Mahir futbolçu olacaq. Həyat elə gətirdi ki, Mədətov əsas yığmaya qədər yüksəldi. Mən onu isbatladım. Onu 17 yaşlılara götürmürdülər, amma mən məsləhət gördüm. 
 
Seleksiyaçı məşqçilərimiz də işləməlidi. Futbolda ən önəmli amillərdən biri düzgün seçim, seleksiyadı. Mən seçimimi nəyə əsasən edirəm? Uşağın cəldliyi və sürəti varsa deməli gələcəyi var. Kamranı 13 yaşında Dəvəçidən (indiki Şabran) Bakıya gətirmişdim. Hamı deyirdi ki, qapıçı olmayacaq amma oldu. O cümlədən Araz Abdullayev. Uşaq futbolunda düzgün seçim çox önəmlidi”.
 
Uşaq və yeniyetmələrin məşqlərində yüklənmə qaydaları
 
Yuxarıda yazılanlarla yanaşı üslublara da diqqət ayrılmalıdı. Daha doğrusu, uşaq və yeniyetmələrin məşq prinsiplərini anlamaq lazımdı. Uşaqlara məşq keçilərkən onların bəzi “açar yönləri”ni düşünmək vacibdi. Uşaqların məşqlərə reaksiyası yetkinlərdən fərqli olaraq böyümə və inkişafla birbaşa bağlıdı. Uşaq və böyüklər üçün bəzi məşq prinsipləri eyni olsa da böyümədən qaynaqlanan bəzi fərqliliklər var. Məsələn, yetkinlər məşqlərə ara verdikdə qazandıqları bəzi özəllikləri itirirlər. Amma uşaqlar ara verəndə məşqdə qazanılan fitnes səviyyəsindəki irəliləmə davam edə bilər. Bununla yanaşı, məşqçilər üçün digər önəmli prinsip uşaqların yetkinlərin kiçik surəti (əksi) olmamasıdı. Uşaqlar üçün məşqlərdə uyğun şiddət, zaman və sıxlıqdan istifadə etmək həm atletik, həm də bioloji inkişaf üçün önəmlidi. Aşağıdakı sualların doğru cavabları uşaq məşqçilərinə yol göstərəcək...
 
Hansı sıxlıqda? Nə qədər şiddətli? Hansı zamanda?: Uşaqların orqanizmi bir tərəfdən bioloji böyümə və inkişaf üçün fizioloji olaraq çapaladığı halda, digər tərəfdən məşq yüklənməsinin yaratdığı stres və yorğunluğun öhdəsindən gəlməyə çalışır. Bu səbəbdən öhdəsindən gələ bilməyəcəyi məşq sıxlığı, şiddəti və zamanı məhsuldarlıqla yanaşı, bioloji inkişafa da mənfi təsir edə bilər. Məşq sıxlığı həftəlik məşq sayını müəyyənləşdirir. Məşq şiddəti sürəti, dözümlülük məşqləri dəqiqə ərzində ürək ritmini, qüvvət məşqlərində tab gətirilən ağırlığın dəyərini (kiloqramla hesablanır), oyun məşqlərində isə oyunu müəyyənləşdirir. Məşq zamanı da onun uzunluğu anlamındadı. Kiçik yaşlarında məşq sıxlığı, şiddəti və zamanı daha az olduğu halda, yaş irəlilədikcə artırılmalıdı. Bununla yanaşı uşaqların və yetkinlərin daha tez inkişaf etməsi, futbol standartlarının yüksəkliyi, məşqçinin məşq sıxlığını, şiddətini və zamanını artırmasına səbəb ola bilər. 
 
Cədvəl 1: Məşq sıxlığı və zamanları
 
12 yaş 13-14 yaş 15-16 yaş 17-18 yaş
Məşq sıxlığı (həftə) 3 gün 4 gün 4-5 gün 5-6 gün
Məşq zamanı 50-60 dq. 60-75 dq. 75-90 dq. 90-100 dq.
 
Uşaq və gənclər gün keçdikcə böyüyür və inkişaf edir. Əvvəlki məşqlərdəki yüklənməni artırmaqdadılar. Böyüyən və inkişaf edən uşağın fizioloji sistemi daha ağır məşqləri “götürə” bilir və yeni uyğunlaşmalara icazə verir. Amma adolesan (yetkinlik dönəmində olanlar) uşaqların fərdi ani gözlənilməyən böyümə və inkişafları, zamanla təxmin edilməyən fərqliliklər məşq proqramındakı kuliminasiya nöqtələrini proqramlaşdırmağı çətinləşdirir. Bu üzdən uşaqlar üçün məşq proqramlama üsulları bəzən məhduddu. Bundan əlavə yüklənmə elementlərini istifadə edərkən uşağın fizioloji və fiziki inkişafına və dəyişikliklərə uyğun məşq fəaliyyəti seçimi uşaqların məhsuldarlığı üçün önəmlidi. Xüsusən də uşaqlarda getdikcə artan yüklənmə prinsipi çox önəmlidi.  Uşaqların məşqlərində əyləncəli oyunlara da yer vermək lazımdı. Belə olan halda uşaq məşqdən zövq alacaq və futbolu sevəcək. Məşqdə hərbi rejim elementlərindən istifadə olunarsa, uşaqlar uzaqlaşa və futbolu sevməyə bilər. Hətta istedadlı olsa belə, məşq etməyi və onu sevməyi öyrənmədiyi üçün özünü inkişaf etdirə bilməyəcək. Uşaqların yetkinlərə görə daha bir fərqliliyi məşqlərin futbola spesifikliyinə bağlıdı. Uşaqların inkişaf dönəmlərinə görə məşq xüsusiyyətləri fərqli olur. Kiçik yaşlar (10 yaş) geniş bir qatılımın olduğu, əsasən ümumi idman xüsusiyyətlərinin öyrənilməsi dönəmidi. Yaş irəlilədikçə futbol uyğun məşq özəlliklərinin bütün məşqlərdəki nisbəti artmalıdı. Uşaq məşqlərində ən önəmli çətinlik uzun vədəli proqram tərtib etməməkdi. Uşaqlar bioloji olaraq fizioloji, fiziki inkişaf və dəyişikliklər dönəmindədi. Məşqlərdəki yüklənmələr də fizioloji uyğunluq və dəyişiklik yaradır. Uşaqların idman performansındakı inkişafının bioloji böyümədən, yoxsa məşqlərdən qaynaqlandığı sız şəkildə izlənməlidi. Bundan başqa uşağa kənar təsirlər də məşqlərdəki məhsuldarlığı müəyyənləşdirir. Bunlardan ən önəmlisi təhlükəsizlikdi. Uşaqlarla məşq keçərkən öncə, məşq zamanı və sonrasında həssas təhlükəsizlik tədbirlərinin alınması vacibdi. Bu tədbirlər hava şərtləri ilə bərabər məşqlərdə qaynaqlana biləcək zədələrin yaranmaması üçün də alınmalıdı. 
 
Uzun müddətli inkişaf: Uşaqların və yeniyetmələrin fiziki, fizioloji, psixoloji və zehni özləllikləri fərqli inkişaf mərhələri yaşayır. Bu üzdən hər dönəmin məşq özəllikləri və performans hədəfləri də fərqli olacaq. 
 
Cədvəl 2: Ümumi məşq olaraq oyunçuların uzun müddətli inkişaf modeli
 
Təməl biliklər, 5-11 yaş Məşq üçün məşq, 11-14 yaş Müsabiqə üçün məşq, 14-16 yaş Gəncləri futbola qazandırmaq üçün məşq, 16-18 yaş
 
Təməl bacarıqlar Uşaqlar məşq etməyi öyrənirlər. Fərdi bacarıqlar və məşqlər izlənilir. Bu mərhələdə məşqlərdə böyük dəyişikliklər olur Mütəxəssis dəstəyi olmalıdı.
 
Qısa müddətli fəaliyyətlər Xronoloji yaşdan çox, oyunçuları erkən və gec böyüyənlərə ayıraraq məşqləri fərqli keçmək Maksimal məhsuldarlıq üçün aerobik və anerobik sistem məşqləri keçilir Yüksək səviyyədə fiziki məşq texnikalarından istifadə edilir
 
Dözümlülük məşqi oyun yolu ilə verilir Bacarıq və texnikanın mükəmməlləşdirilməsi üst və alt ətrafların inkişafı ilə bağlıdı Güc məşqləri bir qədər də ağırlaşdırılır Yüklənmədən qaçmaq üçün məşq və oyunçu çox yaxından izlənilir.
 
Vücudu və hərəkətlərini hiss edəcək fəaliyyətlər həyata keçirilir.
 
Tərkibində zəif şiddətli sıçramalar olan, bədən ağırlığı ilə həyata keçirilən güc məşqləri Aerobik məşqlər daha da genişləndirilir.
 
Qısa müddətli aneorobik məşlər keçilə bilər.
 
İsinmə və dərhal sonrasında sürət inkişaf etdirilir Məşq yükü getdikcə artırılır. 
 
Texnikanın müsabiqə şərtlərində mənimsənilməsi və mükəmməlləşdirilməsinə çalışılır Tamamən yarışlara xas oyunçuları qazandırmaq üçün məşqlər keçirilir.
 
Müqayisə 
 
İngiltərədə futbol akademiyasında təhsil alan uşaq və gənclər əsas komandaya yüksələnə qədər təxminən 10 min saat məşq keçirlər. Aşağıdakı xronologiyada uşaq və gənclərin uzun müddətli inkişafı boyunca keçilən futbol dərsləri və tərkibi təqdim olunub. Bu ölkənin futbol akademiyalarında 16 yaşına qədər futbol dərsləri alan uşaqların təhsil müddəti:
 
Futbolçular 6 yaşında təhsil almağa başlayırlar. 
10 yaşından etibarən həftədə orta hesabla 100 saat məşqdə olurlar.
Orta hesabla illik 700 saat məşqdə olurlar.
16 yaşına qədər ümumilikdə 7000 saat məşq keçirlər.
Əsas komandaya yüksələnə qədər 10000 saat məşq keçmiş olurlar.
 
İngiltərədə Futbol Akademiyalarındakı təhsilin tərkibi aşağıdakı kimidi.
 
Uşaqlar 6-7 yaşlarından etibarən akademiayaya yazılırlar.
8 yaşına qədər yalnız əyləncəli və futbol mühitində bu oyunla yaxından tanış olurlar, çoxyönlü ümumi xüsusiyyətlər üzərində çalışdırılırlar
9-12 yaşlarında sadəcə futbolla bağlı bacarıqlar üçün hazırlıqlar başlanır. Məhdud zonada kiçik qrup oyunları (4x4-dən 8x8-ə qədər) oyunlar keçirilir.
13-16 yaşlar inkişaf dövrü kimi görülür. Futbolun təməl, texniki və taktiki, durum özəllikləri, həm ümumi həm də futbolun ehtiyacları fonunda çalışdırılmağa başlanılır.
17-19 yaşları müsabiqələrdə iştirak dövrü olaraq görülür, mental, texniki bacarıqlar tamamən futbolun ehtiyacları fonunda öyrədilir.
 
Aşağıdakı cədvəldə futbolun gerçəklikləri göz önünə gətirilərək uzun müddətli inkişaf modeli təqdim olunur. Bu modeldə fiziki xüsusiyyətlərlə yanaşı, müxtəlif texniki və taktiki bacarıqların inkişafı üçün məşqlərə başlama dönəmləri göstərilib: 
 
Cədvəl 3: Futbol üçün uzun müddətli inkişaf modeli:
 
10 yaş Futbolun təməl, texniki xüsusiyyətləri, elastiklik, sürət üçün addım aralığı, əyləncəli oyun üsulu və öyrədici oyunlarla inkişaf etdirilir. Koordinasiya məşqləri intensiv şəkildəkeçilə bilər.
 
 
11-12 yaş Futbolun təməl, texniki xüsusiyyətləri detallı şəkildə öyrədilir və inkişaf etdirilir. Sürət üçün addım aralığı, reaksiya və çıxış sürəti, elastiklik, vücud ağırlığı ilə güc məşqləri bu dönəmdə keçirilə bilər. Zəif şiddətli sıçramalar bu dönəmdə həyata keçirilə bilər. Koordinasiya və elastiklik məşqlərinə davam edilir. Bundan əlavə orta şiddətli məhdud zonada oyun məşqləri keçilə, aerobik məşqlərə oyun vasitəsilə başlanıla bilir.
 
 
13-14 yaş Təməl, texniki bacarıqlar oyun zaman mükəmməlləşdirilir, qapılı futbolun qrup taktikaları çalışıla bilər (1x2, 1x3, 3x3, 4x4, 3x5, 4x6, 5x5, 6x6). Əsasən sərbəst və zəif şiddətli güc məşləri bu yaş dönəminin sonuna doğru başlanıla bilər. Pliometrik tipli sıçrama məşqləri, zəif və bir qədər yüksək şiddətlə çalışıla bilər. Yenə u dönəmin sonlarına doğru artan dərəcədə sürət (20-25), o cümlədən çeviklik məşqlərinə başlanıla bilər. Elastiklik mövzusuna ani boy artmasından dolayı həssas yanaşılması lazımdı. 
 
 
15-16 yaş Komanda taktikaları (qapalı müdafiəni açma, əks-hücum oynama, 11x11-ə tam meydan oyun sistemi) çalışdırılmağa başlanılır. Qələbə qazanmaqdan çox, taktikaların matçda gerçəkləşdirilməsi tələb olunmalıdı. Öyrəniləcək əksər xüsusiyyətlər futbola xas hala gətirilməlidi, bütün “motorlu xüsusiyyətlər” (sürət, çeviklik, dözümlülük, qüvvət və s.) futbola xas şəkildə öyrədilməlidi. Normaldan bir qədər yüksək şiddətdə aerobik dözümlülük oyun məşqləri ilə çalışılır. Anerobik maddələr mübadiləsinin əsas götürüldüyü futbola xas sürətdə davamlılıq (təkrarlı sprint məşqləri) keçilməlidi. Əsasən sərbəst və orta şiddətli maksimal qüvvət, çevik qüvvət məşqləri də bu dönəmdə keçilə bilər. Gənc futblçuların qüvvə səviyyəsi inkişaf edibsə orta şiddətdə pliometrik məşqlərə başlanıla bilər. 
 
 
17 yaş Yarışları qazanmağa yönəlik taktikalar, məşqlərin ən önəmli hissələri olmalıdı. Bütün məşqlər yarışa və futbola xas olmalıdı. Gəncin bütün fiziki və fizioloji xüsusiyyətləri inkişaf etməlidi. Gənc oyunçu futbolun ehtiyacı olan hər cür məşqi “götürə” biləcək səviyyədədi. Maksimal və “partlayıcı” qüvvət məşqlərinin intensivliyi artırıla bilər. Sürət, cəldlik, futbola xas, o cümlədən aerobik dözümlülük və digər xüsusiyyətlərin inkişafı üçün məşqlərə davam edilir.
 
 
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”
 
 
Həmid

Xəbər xətti